“I qrup ƏLİLLƏR işlə təmin olunsun” deyən DEPUTATA NAZİR MÜAVİNİ belə cavab verdi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev komitənin bugün keçirilən iclasında I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib. Modern.az-ın məlumatına görə, Musa Quliyev yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır. “Bunun üçün 1992-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi əlilər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır. Ya da əlillər üçün xüsusi yaradılmış iş yerləri kvotası məsələsini müzakirə etməliyik. Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri yaratmalıdır. Məsələn, 100 iş yerindən 20-ni I qrup əlillər üçün ayırsınlar”. Deputat Qarabağ müharibəsində əlil olan şəxslərin fərqləndirilməsinin tərəfdarı olduğunu qeyd edib. “Azərbaycan müharibə şəraitində yaşayır. Bu müharibəni qələbə ilə başa vuracağıq. Müharibədə əlil olan şəxslərin üstün hüquqları olmalıdır və qanunvericiklikdə əksini tapmalıdır. Hesab edirəm ki, bu qanunda Azərbaycanın müdafiəsi uğrunda əlil olan şəxslərin üstün hüquqlarının olması barədə bir müddəa qeyd olmalıdır. Onlara ev, maşın, pensiya artıq verilməlidir”. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə deyib ki, Azərbaycanda Milli Fəaliyyət Proqramı hazırlanıb. “Həmin proqramda hər bir nazirliyin, icra orqanlarının vəzifələri müəyyən edilib. Hətta hansı ildən hansı ilə qədər nələr olmalıdır onlar da əks olunub. Biz 10 il bundan əvvəl deyirdik ki, nəqliyyat belədir, panduslarımız yoxdur. İndi isə həmin problemlər artıq həll edilib. Fərdi Reabilitasiya Proqramı Nazirlər Kabinetinin 36 nömrəli qərarında əks olunub. Özünəməşğulluğa gəldikdə isə Azərbaycanda Özünəməşğulluq proqramı və “Məşğulluq haqqında” qanun var. Orada müəyyən kvota göstərilib. Biz “Əlil olan şəxslərin hüquqları haqqında” yeni qanuna niyə kvotanı salaq ki?” AzerTaym.az