Nazirlik 120-yə yaxın əlili istirahətə göndərib

Nazirlik 120-yə yaxın əlili istirahətə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu həftə 116 nəfər əlilliyi olan şəxs Lənkəran və Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərinə istirahətə göndərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istirahətə yola salınan əlillər sosial cəhətdən həssas qruplara aid insanların, o cümlədən əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası istiqamətində aparılan işlərdən, onlara ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləğinin mütəmadi artırılmasından razılığını ifadə ediblər. Həmçinin, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzillərlə, minik avtomobilləri və müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir.
Əlillər onların sosial müdafiəsinin gücləndirilməsi, habelə yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1015 nəfər əlilliyi olan şəxsin istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Həmin vətəndaşlardan artıq 975 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə istirahətə göndərilib. Digər şəxslərin də yaxın günlərdə istirahətə yola salınması təmin olunacaq. Əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.






Fikirlər