Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən son bir neçə gündə 204 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqrama əsasən, bu il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə istirahətinin təşkil edilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan artıq 459 nəfərinin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Qeyd olunan vətəndaşlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.
İstirahətə yola salınan əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün görülən işlərdən razılıqla söz açıblar. Onlar respublikanın füsunkar təbiətə malik bölgələrində istirahət etmələrinə şərait yaradıldığına görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
AzerTaym.az