Yazıçılar Elçin Əlibəyliyə qarşı - “Özünə HÖRMƏT edən şəxs ONUN VERLİŞİNƏ getməsin”

Son vaxtlar "Space” televiziyasında "El bizim sirr bizim” verilişi ilə gündəmə gələn, tanınmış teleaparıcı, sənətşünas Elçin Əlibəyli yazıçıların qəzəbinə tuş gəlib.

BakuPost xəbər verir ki, o çağırdığı qonaqlara hörmətsiz yanaşmaqda, xüsusən "gənc yazıçılar”a yuxarıdan-aşağı baxmaqda, hətta onları təhqir belə etməkdən çəkinməməkdə ittiham olunur. Bununla bağlı artıq bir neçə "gənc yazıçı” mətbuatda yazılar da dərc etdirib. 
Yazar Sahilə İbrahimova son köşə yazısını Elçin Əlibəylinin verilişinə həsr edib və onu tənqid atəşinə tutub.
Sitat: "Bu yaxında Elçin Əlibəylinin verilişində qonaq oldum. Elçin bəy məni tanımırdı, hər halından bəlli idi. Görünür, adımı siyahıya prodüser salmışdı.
 Aparıcının tanımadığı və oxumadığı müəlliflə dialoq qurması həm asandı, həm çətin. Asandı ona görə ki, sözləri ehtiyatla seçməyə bilər. Adətən, bizdə aparıcı tanımadığı müəllifə dırnaqarası baxır, xüsusilə qonaq qadındırsa və Elçin bəyin təbirincə desək, instaqramda tanınma potensialı olan görkəmi varsa”.
 
Yazıçı telaparıcının kobud davrandığını, ona "müştəbeh” dediyini qeyd edib: "Verilişin aparıcısı Elçin Əlibəyli mənə siz özünüzü ciddi yazıçı hesab edirsinizmi deyə birbaşa sual verdi. Mən də onun gözləntilərinizin əksinə, bəli dedim əminliklə. Adam cavabdan qəzəbləndi, məni müştəbeh adlandırdı, doktorluq işi yazsa da, özünə sənətşünas demədiyini bildirdi. Mən onun əminsizliyinizə görə təəssüf edirəm. Hər halda bir bildiyi var, özünə sənətşünas deməməyi həyatını bu işə həsr eləməməyi ilə bağlı ola bilər. Uzağa getmirəm, həyat yoldaşım, neft və qazma işləri üzrə doktorluq işi üzərində çalışır. Lakin o, özünü neft mütəxəssisi kimi hiss eləmir. Mənsə özümü yazıçı kimi hiss eləyirəm. On ilə yaxındır hekayələr, qısa romanlar yazıram, hazırda dördüncü kitabımı bitirmək üzrəyəm. On ildir ki, kitabsız, yazısız gün keçirmirəm. Başlayanda həvəs kimi görünən yazmaq ehtirası və məsuliyyəti on ildir ki, keçmir. 
Nə qədər aparıcı, minlərlə oxucu məndən, mənim kimi onlarla müəllifdən "siz ciddi yazıçısız?” sualına "xeyr, biz gənc yazarıq, biz hələ ki özümüzə yazar demirik” deyə cavab umurlar. Bunun əksini eşitmək onları qəzəbləndirir. Əsəd (Qaraqaplan – red.), onun kimi onlarla müəllif cəmiyyət onları aşağıda görmək istədikləri üçün lazımınca ifadə edə bilmirlər özlərini. Aparıcılar 40 yaşlı müəllifləri efirlərə çağırıb, hələ də gənc yazar kimi təqdim edirlər. Verilişdə çoxlu "dünya” sözü işləndi. Söhbət mənim də tanıdığım dünyadan gedirdisə, orda gənc yazıçı 16 yaşına qədər müəlliflərə deyilir. 
Elçin bəyin məni tanımadığına sevindim. Bu illər ərzində eşidilmək yanğısı ilə lazımsız küy yaratmadığım, qalmaqalla tanınmadığım üçün xeyli məmnun qaldım özümdən. Mən isə onu tanıyırdım. 7-8 il öncə necə tanıyırdım elə də qalıb. Mənə ünvanladığı oxşar sualı başqa qadın yazıçılara da verdiyi yadımdadı: "Bəlkə ədəbiyyata görkəminizə güvənərək gəlmisiz?” Mən də sual vermək istəyirəm. Siz bu gün sivil sayılan hansı dövlətdə, mədəniyyətdə özünü yarımsənətşünas adlandıran adamın verilişinə çağırdığı qonağa belə sual verdiyini göstərə bilərsiniz? Sizcə bu qədər önyarğı, sayğısız yanaşma ilə ədəbiyyata gələnlər özlərini nə qədər müdrik apara bilərlər? 
Aşağılamayaq. Yüksəldək. Aparıcı, şair, yazıçı olaraq, vətəndaş olaraq, insan olaraq”. 
Bu gün isə başqa bir yazıçı Şərif Ağayar Elçin Əlibəylinin apardığı verilişə, onun qonqlara  münasibətini kəskin pisləyən yazı ilə çıxış edib. O hətta həmkarlarına bu verilişə getməməyə çağırış edib: "Elçinə efirdən ciddi heç nə demədən, ağıllı bir söz söyləmədən reytinq yığmaq kimi absurd bir iş tapşırılıb. Efir sayt və qəzet deyil. Göz qarşısındasan. Gizlənə bilməzsən. Ciddi bir söz demədən maraq doğuran veriliş aparmalısan. Bu şərtlər səni istər-istəməz təlxəyə çevirir. Elçinsə kifayət qədər ağıllı adamdır. Əsla və əsla təlxəklik etməz. Ona görə, bu missiyanı ucuz məharətlə çağırdığı qonaqların boynuna qoyur.     
 
Картинки по запросу şərif ağ
 
Dünənki veriliş deyilənlərin bariz nümunəsi, hətta kulminasiya nöqtəsi idi. 
Adam çağırdığı xanımlara, ümumən gənc qonaqlara dəfələrlə "Siz özünüzdən müştəbehsiniz!” söylədi. Hətta boyunların qoymağa çalışdı. Olduqca mədəni bir xanım olan Sahilə İbrahimovanı isə ayrıca, məqsədli şəkildə, dönüb dolana-dolana ardıcıl alçaltmaqda davam etdi. Yeri gəlmişkən, bu barədə Sahilə xanım bir yazı da yazıb.
Verilişin bir ortasında Sevinc Çılğının boynuna qoymağa çalışdı ki, sən qarşındakı şairə "İt” deyirsən və onun danışmasını itin hürməsinə bənzədirsən. Halbuki, Sevinc klassikləri söyənlər haqda ümumi halda "...Karvan keçər” ifadəsini işlətmişdi.
Sevinc ittihamı inkar etdi, amma nə fayda. Adam israr edirdi. Bu təhqiri onun boynuna qoymağa çalışırdı.
Sevinc bir yana, hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim şairin üzünə dirəndi ki, o sənə it deyir və sən bunu etiraf elə.     
Sözün bitdiyi yerdir.
Nə yazasan, nə deyəsən?
Heç nə. 
Elə isə bu yazını niyə yazdım.
Deyim.
Aşağıda qara hərflərlə verilən cümlədən ötrü.
Özünə hörmət edən yazar Elçin Əlibəylinin verilişinə çıxmamalıdır.
Bu, təkcə ora çıxan şəxsin adına yox, ədəbiyyatın adına rüsvayçılıqdır.
Özümüzə hörmət edək ki, belə alçaldıcı vəziyyətlərə düşməyək”.






Fikirlər