Həkimlərin bunu BİLMƏMƏSİ ucbatından ORQAN götürə bilmirik - Əhliman Əmiraslanov

 Həkimlərin bunu bilməməsi ucbatından orqan götürə bilmirik - Əhliman Əmiraslanov

"Azərbaycanda yaxın vaxtlarda kök hüceyrə mərkəzi yaradılacaq".

Bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə Komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Genetik Ehtiyatlar İnstitutunda kök hüceyrə mərkəzinin yaradılması istiqamətində iş yekunlaşır: “Biz kök hüceyrə mərkəzinin yaradılmasında gecikmişik. Təkcə Türkiyədə 100-dən çox kök hüceyrə mərkəzi var".

Komitə sədri bildirib ki, Azərbaycanda orqan transplantasiyasını uğurla həyata keçirən bir neçə klinika var:

Qaraciyər, böyrək, süni orqanların, göz qişasının, sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir. Elə ölkə var ki, insanlar vəsiyyət etməyibsə, ölən zaman orqanları götürülə bilməz. Yaxud, Rusiyada qohumlarının icazəsi olmadan beyin ölümü gerçəkləşən insanlardan orqan götürülməsinə yol verilmir. Bəzən belə fikirlər səslənir ki, morqda meyitlərdən orqan götürülsün. Morqlarda orqan götürülməsi üçün şərait var? Buna görə də bu məsələdə maarifçilik önəmlidir. Yaxud elə insanlar var ki, şəffaflıq olmasa, orqanlarını bağışlamayacağını bildirir. Qanunda bütün detallar yazıla bilməz, məsələnin əsas məğzi qanunda əksini tapmalıdır. Qanundan sonra Səhiyyə Nazirliyi müvafiq təlimatlar, əsasnamələr hazırlamaladır və detallar orada əksini tapmalıdır”.

Ə.Əmiraslanov bildirib ki, beyin ölümünü təsbit etmək üçün həkimlər kurs keçməlidir:

Beyin ölümünü necə təsbit etməyi öyrənmək üçün həkimlər kursdan keçməlidir. Həkimlərin bunu bilməsi lazımdır. Bəzən həkimlərin bunu bilməməsi ucbatından orqan götürə bilmirik. Hökmən beyin ölümünü təsbit edən mərkəz yaradılmalıdır. Qanunda dəyişikliklər etməli, Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə tövsiyələr verməliyik”.

Millət vəkili, kardiocərrah Rəşad Mahmudov bildirib ki, meyitdən orqan köçürülməsi üçün beyin ölümü ilə daxil olan xəstələrin sayı müəyyən edilməlidir:

İlk dəfə 1973-1974-cü ildə Azərbaycana meyitdən orqan transplantasiyası icra olunub. Türkiyə 1995-ci ildə bu problemlə bağlı suala fərqli yanaşdı. İlk növbədə süni nəfəs aparatı olan və beyin ölümünün müəyyənləşdirildiyi xəstəxanaların sayı müəyyənləşdirildi. Digər tərəfdən, xəstəxanalara beyin problemi ilə daxil olan xəstələrin neçə faizinin beyin ölümü ilə daxil olması müəyyənləşdirilməlidir”.

Cərrah-transplantoloq Mircəlal Kazimi qeyd edib ki, transplantasiya hüququ ilə bağlı lisenziya tək xəstəxanaya yox, həkimə də verilməlidir:

Avtomobil qəzaları zamanı beyin ölümü gerçəkləşən insanlardan orqanların götürülməsinə icazə verilməsini, bunun üçün həmin şəxsin qohumlarının icazəsi gözlənilməməlidir. Beyin ölümü diaqnozu protokolda əksini tapmalı və bu protokol 15 il saxlanılmalıdır. Canlı donor xəstənin həyat yoldaşı olduğu halda ən azı bir il rəsmi nikah əsas götürülməlidir. Dövlət müəssisələrində olan kimsəsiz insanlarla bağlı yerli icra hakimiyyəti orqanlarında Etika şurası yaradılmalı və bu şuralar müvafiq razılıq verməlidir”.

AzerTaym.az






Fikirlər