Azərbaycanda meyitdən orqan köçürmək 2 qayda əsasında mümkün OLACAQ

Azərbaycanda meyitdən orqan köçürülməsilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müvafiq sənədləşmə, təşkilati işlər görülür”.

 Bu haqda Modern.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

 “Meyitdən orqan götürmək üçün kilinikalar seçiləcək”

 Deputat bildirib ki, meyitdən orqan transplantasiyasının reallaşması üçün ilkin olaraq beyin ölümünün kriteriyaları müəyyənləşməlidir:

“Ondan sonrakı mərhələdə meyitdən orqan götürülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq klinikalar seçilməlidir. Çünki bu köçürülməni hər klinikada icra etmək olmaz. Meyitdən orqan götürülməsi beyin ölümü baş verəndən sonra 6 saat ərzində reallaşmalıdır. Bunun üçün komissiya yaradılacaq. Təkcə həkimlər deyil, hüquqşünaslar, din xadimləri, QHT-lər, yaxud həmkarların nümayəndələri də orada iştirak edəcəklər. Bu işlərin hamısı yekunlaşdıqdan sonra Azərbaycanda meyitdən orqan götürülməsinə bu, il yaxud 2018-ci ildən başlanacaq”.

Meyitdən orqan köçürülməsinin şərtləri
M.Quliyev qeyd edib ki, meyitdən orqan köçürülməsi 2 qayda əsasında icra olunacaq:

“Şəxs sağlığında notarial qaydada vəsiyyətnamə veribsə, orqan onun vəsiyyətnaməsi əsasında götürüləcək. Sağlığında vəsiyyətnamə verməyibsə, yaxın qohumlarının razılığı olduğu halda ondan orqan götürüləcək. Razılıq olmadığı halda isə meyitdən orqan götürülməsi qanuna ziddir”.

 Qeyd edək ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

 İnsan orqan və (və ya) toxumalarının transplantasiyası qayda və şərlərinə görə, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsinə yol verilir.

Donordan orqan və (və ya) toxumaların götürülməsi hərtərəfli tibbi müayinədən keçdikdən sonra həkim-mütəxəssislərin konsiliumunun rəyinə əsasən, onun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür.

Orqan və (və ya) toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti izah edilərək, bu barədə onlara surəti təqdim olunmaqla, qabaqcadan rəsmi bildiriş verilir.

Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.

Resipiyentin həyatı təhlükədə olarsa və onun özünün, valideynlərinin və ya qanuni nümayəndəsinin razılığını almaq mümkün olmadıqda, transplantasiya bu cür razılıqlar olmadan həyata keçirilir.

Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilir.

Transplantasiya işinin təşkili zamanı 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və (və ya) toxumaların götürülməsi, insan orqan və (və ya) toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları, ölüm vəziyyətində olan potensial donorun müalicəsində və donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Transplantasiyanı həyata keçirən tibb müəssisələrinə insan orqanlarının və (və ya) toxumalarının alqı-satqısı, həmçinin onların götürülməsinə məcburetmə halları məlum olduqda, bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir.

 






Fikirlər