“1999-cu ildə Azərbaycanda transplantasiya haqqında qanun qəbul olunub və həmin qanun o gündən bu günə qədər qüvvədədir. Hazırda bizim qanunvericiliyimiz bütün orqanların transplantasiyasına icazə verir.
Respublikamızın bütün klnikalarında canlı donorlardan orqan transplantasiyası həyata keçirilir. Cəsədlərdən orqan köçürülməsində isə hələ bir qədər problemlər var”.
Bu sözləri Moderator.az-a açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri doktoru Kamran Musayev ölkəmizdəki transplantasiya sahəsindəki uğurlar və problemlər haqqında danışarkən deyib.
Kamran Musayev bildirib ki, transplantasiya sahəsində yeganə problem meyid üzərindən orqan köçürülməməsidir:
“Cəsəd üzərindən orqan, məsələn ürək köçürmək üçün beyin ölümü keçirmiş şəxslərin yaxınlarının, qohumlarının bizə hər hansı bir orqanının köçürülməsinə icazə verməsi lazımdır. Hələ ki, bu barədə həm biz həkimlərin, səhiyyə işçilərini daha çox çalışmasına ehtiyac var. Həm də bu barədə xalqımızın tibbi maarifləndirilməsinə böyük ehtiyac var ki, biz ürək başda olmaqla bütün orqanların meyiddən transplantasiyasını həyata keçirək”.
Baş həkim Mərkəzi Klinikada transplantasiya sahəsindəki uğurlar haqqında qısa da olsa məlumat verib:
“Mərkəzi Klinikada fəaliyyətə başladığımız gündən həm kadr hazırlığını, həm də infrastrukturumuzu ən mürəkkəb əməliyyatların həyata keçirilməsinə, o cümlədən də transplantasiyanın həyata keçirilməsi yönündə çalışmışıq. Bildiyiniz kimi, 2013-cü ildə respublikamızda ilk dəfə süni ürək köçürülməsi əməliyyatını həyata keçirmişik. Uğurlu bir əməliyyat idi. Süni ürək köçürülməsini icra etməyimizin ən əsas səbəblərindən biri də donor olmaması idi. Məhz bu səbəbdən biz məcbur olub süni ürək köçürülməsinə bir qədər əvvəl başladıq. Dünya səhiyyə praktikasında bu əksinə olur, əvvəlcə donor ürəyinin transplantasiyası həyata keçirilir, sonra isə süni ürək köçürülür. Bizdə isə dediyim kimi, donor olmadığından həmin xəstəyə süni ürək köçürmüşdük. Amma hesab edirəm ki, ölkəmizdə meyiddən də orqan transplantasiyası baş verəcək”.
K.Musayev “İnsanlara orqan transplansiyasında örnək olmaq məqsədilə bir həkim olaraq orqan bağışı üçün müraciət etmisinizmi?” sualımızı da cavablandırıb:
“Rəsmi olaraq elə bir müraciətim olmayıb. Ancaq bir neçə dəfə ictimaiyyət qarşısında çıxışım zamanı məmnuniyyətlə orqanlarımı bağışlayıram deyə bildirmişəm”.
Baş həkim meyiddən transplantasiyası ilə bağlı görülməli olan işlərdən də danışıb:
“Meyid üzərindən transplantasiyanın həyata keçirilməsi istiqamətində təkcə həkimlərin fəaliyyəti kifayət etmir. Bununla bağlı media nümayəndələrinin, din xadimlərinin də fəaliyyət göstərməsi lazımdır. Bildiyimiz kimi, bir çox müsəlman dövlətlərində, elə qonşu Türkiyədə, İranda meyid üzərindən orqan transplantasiyası uğurla həyaka keçirilir. Eləysə bizdə nədən olmasın”.
K.Musayev son olaraq hansı orqanların transplantasiya edilə biləcəyini də deyib: “Bu günkü təbabətin gəldiyi səviyyə etibarilə beyindən başqa bütün orqanlar köçürülə bilər. Bağırsaqlar, mədəaltı vəz, qol, ayaq, üz, daxili orqanların demək olar ki, hamısını tibbi cəhətdən köçürmək mümkündür. Sadəcə beyin köçürülməsi əməliyyatı mümkün deyil”.