Türkiyədə Memorial Ataşehir Xəstəxanası Orqan Nəqli Mərkəzinin qaraciyər nəqlində dünya rekordu sayıla biləcək əhəmiyyətli bir müvəffəqiyyətə imza atması ilə bağlı xəbər vermişdik. Bildirmişdik ki, mərkəzdə professor Yalçın Polatın başçılıq etdiyi qrup 4 il yarım ərzində 488 böyük, 12 uşaq olmaq üzrə 500 nəfərdə qaraciyər nəqlini reallaşdırıb.
Maraqlıdır, ölkəmizdə orqan köçürmə sahəsində hazırkı vəziyyət və statistika necədir? Türkiyəli mütəxəssislər Azərbaycanda da orqan nəqli əməliyyatlarında iştirak edirlərmi?
Moderator.az - ın bu mövzuda suallarına Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, tibb elmləri doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov aydınlıq gətirib.
R.Mahmudov ölkəmizdə 5 il ərzində 100-ə qədər qaraciyər transplantasiyası həyata keçirildiyini bildirib:
“Bildiyimiz kimi, Azərbaycanda 2009-cu ildən qaraciyər transplantasiyasına start verilib. İlk dəfə cənab prezidentin tapşırığı və rəhmətlik Fəxrəddin Cavadovun təşəbbüsü ilə Azərbaycan və Türk mütəxəssisləri tərəfindən 2009-cu il dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım günündə Azərbaycan tibb tarixində ilk dəfə qaraciyər nəqli həyata keçirildi. Bu transplantasiyada iştirak edən əsas aprıcı qüvvə azərbaycanlı həkimlər idi ki, onlar uzun illər Türkiyənin İzmir şəhərindəki dünyada qaraciyər nəqli üzrə aparıcı mərkəzlərdən biri olan Ege Universitetində çalışmışdılar. Həmin əməliyyatdan sonra artıq bütün əməliyyatları yerli kadrlar həyata keçirməyə başladı. Bu günə qədər ölkəmizdə 100-ə yaxın qaraciyər nəqli həyata keçirilib və bu nəticələr də dünya statistikasında göstəricilərin 80-85 faizini təşkil edir. Qaraciyər nəqlinə gedən xəstələr həyatda heç yaşama şansı olmayan insanlardır və onların 85 faizinin həyata qaytarılması bu gün sadəcə ölkəmiz üçün deyil, dünya təbabətində də yüksək göstəricilərdir”.
R.Mahmudov Azərbaycanda böyrək transplantasiyasında da uğurlar əldə edildiyini vurğulayıb:
“Bununla yanaşı həmin şöbədə Mircəlal Kazımlının və onunla birlikdə çalışan azərbaycanlı mütəxəssislərin birlikdə apardığı böyrək transplantasiyası əməliyyatları da uğurla həyata keçirilir. O əməliyyatların nəticələri də dünya göstəriciləri üzrə 95 faizin üzərindədir. Böyrək nəqli sadəcə bir insanın normal həyata dönüşü deyil, həm də ölkənin xüsusən səhiyyənin üzərində olan maddi yükünün ciddi bir şəkildə azalmasıdır. Çünki hər bir dializ xəstəsinə Azərbaycan dövləti ildə 30 mindən çox vəsait xərcləyir və bu vəsait hər il davam edir. Böyrək nəqli olduqdan sonra isə insanlar dializ prosesində keçirdikləri vaxtın psixoliji, sosial təsirləri ilə yanaşı maddi təsirindən də uzaqlaşırlar”.
Tibb elmləri doktoru onu da qeyd edib ki, orqan nəqli əməliyyatlarını azərbaycanlı mütəxəssislər həyata keçirir:
“Əlbəttə ki, bu gün Azərbaycan tibbində xüsusən transplantasiya ilə əlaqədar olan sahələrdəki mütəxəssislər birmənalı olaraq Türkiyə təbabətindən çıxan insanlardır. On ilə yaxın Türkiyədə bu sahə üzrə aparıcı mərkəzlərdə çalışıblar və geri qayıtdıqdan sonra ölkəmizdə bu işi həyata keçirirlər. Hal-hazırda orqan nəqli üçün xaricdən mütəxəssislər dəvət olunmur, çünki yerli mütəxəsisslər eynən o məktəbin davamçılarıdırlar”.
Rəşad həkim həmçinin transplantasiya sahəsində olan problemlərdən də danışıb:
“Orqan nəqlinin sayına gədlikdə isə, demək istərdim ki, burada bir neçə faktor mövcuddur. Bunlardan biri ölkədə donorlardan, yəni insanlar həyatlarını itirdikdən sonra orqanlarının alınmasında problemlər mövcuddur. Bununla bağlı hüquqi bazada problem olmasa da, ən böyük problemlərdən biri bəlkə də sosial, Azərbaycana xas bir xasiyyətdir. İnsanlar yaxınları həyatını itirdikdən sonra orqanların verilməsinə birmənalı olaraq əngəl yaradırlar. Bunun dini baxımdan heç bir əngəli yoxdur, çünki qonşu İran, Türkiyə, Ərəbistan kimi müsəlman ölkələrində də orqan nəqli əməliyyatları həyata keçirilir. Eləcə də Rusiya, İsrail, ABŞ kimi ölkələrdə də mövcuddur. Azərbaycanda bunu dövlət tərəfindən əngəlləyən hər hansı bir prosedura yoxdur. Bu, bəlkə də insanların bəlli inanclarına, adət-ənənələrinə görə yaranıb.
İkinci bir problem isə, bu əməliyyatların çox yüksək maddi xərc tələb etməsidir. Prezidentimizin də xüsusən vurğuladığı icbari tibbi sığortanın qüvvəyə minməsindən sonra yəqin ki, bu əməliyyatlar daha kütləvi şəkildə həyata keçiriləcək. Bununla da insanların problemlərinin vaxtında həll olunacaq.
Əlbəttə ki, bütün sahələrdə olduğu kimi orqan nəqli sahəsində olan inkişaf da Azərbaycanın bütün sahələrində olan inkişafın məntiqi davamıdır. Beş il bundan qabaq bunun xəyalını belə qurmaq mümkün deyilkən, bu gün Azərbaycanda ən ağır vəziyyətdə gəlmiş xəstələr orqan nəql edilərək həyata qaytarılır”.
Rəşad Mahmudov sonda “Qarşıda daha hansı orqanların transplantasiyası planlaşdırılır” sualımızı da cavablandırıb:
“Qara ciyər və böyrəkdə bu qədər uğurlu nəticələr əldə olunmasına baxmayaraq, qarşıda ən çox ehtiyac duyulan ürək transplantasiyasıdır. Birmənalı olaraq onu deyə bilərəm ki, Konstitusiyamıza və qanunlarımıza görə buna hüquqi tərəfdən heç bir əngəl yoxdur. Həmçinin 1999-cu ildə ulu öndərimiz tərəfindən imzalanmış orqan transplantasiyası haqqında qanun mövcuddur və bu qanunun Avropanın bir çox ölkələrində olan qanunlardan heç bir əskikliyi yoxdur, əksinə artıqlığı var. Buna görə də ürək transplansiyasına ölkəmizin ən azı 6-7 xəstəxanasında sərbəst şəkildə uzun müddət əvvəl başlanıla bilərdi. Çünki ölkəmizdə bu əməliyyatı həyata keçirə biləcək bəs qədər mütəxəssislər var.
Buna başlanılmasının tək bir səbəbi isə, donor çatışmamazlığıdır. Bildiyimiz kimi, qaraciyər nəqlində canlı insan qara ciyərinin bir hissəsini, böyrək nəqlində isə böyrəyinin birini verə bilər. Amma ürəkdə mütləq beyin ölümü olduqdan sonra ailə ürəyin çıxarılmasına icazə verməlidir. Bu sahədə problemlər də insanların yetəri qədər marifləndirilməməsi ilə əlaqədadır. Bəlkə də maarifləndirmə və sosial media vasitəsilə, bəzi filmlərin çəkilməsiylə buna təsir etmək imkanı ola bilər. Dünyada bu sahəylə bağlı çox gözəl nümunələr var, biz həmin nümunələrdən istifadə edə bilərik. Sırf insanların beyin ölümü olduqdan sonra ürək nəqlinə izacə vermədiklərinə görə ürək transplantasiyası həyata keçirilə bilmir. Başqa hansısa texniki və ya kadr problemi mövcud deyil, bunu bacaran bəs qədər mütəxəssislərimiz var.
Düşünürəm ki, ürəklə birlikdə, gözün bəlli buynuz qişasının transplantasiyası da həyata keçiriləcək. Bu barədə artıq plan qurulub, yaxın zamanda başlanılacaq. Həmçinin də mədəaltı vəzin transplantasiyası və bir çox orqanların nəqli ilə bağlı əməliyyatlar. Son olaraq bir daha vurğulayıram ki, bu orqanların nəqlində problem transplantasiyanın ölkə ictimaiyyəti tərəfindən birmənalı qəbul olunmaması faktorudur”.
AzerTaym.az