KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ SEÇKİNİN YEKUNLARI MÜZAKİRƏ OLUNUR
2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb. “AzerTaym.az” xəbər verir ki, iclası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıq elan edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi ilə bağlı məlumat verir. Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib. R.Qvaladze isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçki nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. M.Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib. MSK sədri deyib ki, seçkilərin azad, demokrat və şəffaf şəkildə keçirilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb. MSK sədri bildirib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb. M.Pənahov vurğulayıb ki, seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. O bildirib ki, səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb. Çıxışlardan sonra plenum fasiləyə ayrılıb.