“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ

Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı açıqlama yayıb. Açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, “Azərsu” ASC ittiham olunub.

Meriya subasmaları “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi problemi yaradan səbəb kimi göstərib.

“Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir”,-deyə Meriya bəyan edib.

 “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a açıqlamasında Meriyanın ittihamlarına cavab verib. O qeyd edib ki, Meriyanın ittihamları doğru deyil:

“Həmin istqamətdə bizim 3 təxliyə xəttimiz var. Biri “Neftçilər” prospektində, ikincisi “Azadlıq” prospektində, üçüncüsü isə Yusif Məmmədəliyev küçəsi istiqamətindədir. Yağışla bağlı xəbərdarlıq olduqdan dərhal sonra mütəxəssislərimiz əraziyə gedib, Azadlıq prospekti və Səməd Vurğun küçəsində təxliyə xətləri dərhal açılaraq sular dənizə buraxılıb. Yusif Məmmədəliyev küçəsində isə suyun axını böyük təziq yaratdığından cüzi bir yubanma olub. Bu da insan faktoru ilə bağlı deyil, sırf suyun axını, təziqi ilə bağlıdır”.

 


A.Cəbrayıllıq eyd edib ki, məhz “Azərsu” əməkdaşlarının çevik davranması nəticəsində “Sahil” metrostansiyası, “Neftçilər” prospekti  suların altında qalmaqdan xilas edilib:
“Bütün qurğularımız, kollektorlar və digər xətlər tam işlək vəziyyətdə olub. Heç bir gecikmə olmayıb. Gecikmə ilə bağlı deyilənlər yalandır”.
Sentyabrın 23-də Bakı şəhərində  yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bəzi binaların zirzəmilərində yerləşən obyektləri basıb.

          Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. 






Fikirlər