"NAR" yeni loqotipini təqdim etdi
Bu gün Azərbaycanın mobil operatoru “Azerfon” ASC (“Nar” ticarət markası) özünün yeni loqotipini təqdim edib. AzerTaym.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən “Nar”ın marketinq departamentinin rəhbəri Qəhrəman Kazımlı şirkətin 2018-ci ildəki fəaliyyətindən, nəticələrdən danışıb. O bildirib ki, nəticələrə əsasən, mobil operator bu dövr ərzində göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa nail olub: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”ın aktiv abunəçi bazası 6% artaraq, 2.1 milyon nəfərə çatıb. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. Şəbəkə infrastrukturunun genişlənməsinə xüsusi önəm verən “Nar” il ərzində ölkə ərazisində 380 ədəd 4G, 118 ədəd 3G stansiyası qurub. İlin sonuna qədər daha 387 ədəd 4G, 29 ədəd 3G baza stansiyası qurulacaq. Bununla da 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2674, 4G baza stansiyalarının sayı isə 1706-ya çatdırılacaq. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində, 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı isə 250 min nəfərə çatıb”.
Qəhrəman Kazımlı qeyd edib ki, “Nar” cari ildə satış üzrə də yüksək nailiyyətlər əldə edib: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə satış üzrə 21%, səyyar satış komandasının yaradılması ilə ucqar kənd və ərazilərdə 77% artıma nail olunub”.“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib: “Biz bu il mövqeyimizi bazarda daha da gücləndirmişik. İrihəcimli investisiyalar yaratmaqla, şəbəkəmizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaşı, yüksək keyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətində qalırıq. Yenilənmiş brendimiz müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır. “Nar”ın yeni - “Çünki daha çoxuna layiqsən!” şüarı məhz bu xüsusiyyətləri özündə birləşdirir və abunəçilərə yönəlik strategiyanı özündə əks etdirir”.