DTX GƏNCƏDƏ ƏMƏLİYYAT KEÇİRDİ - Terror planlaşdıran iki nəfər MƏHV EDİLDİ...
Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən mediyaya verilən məlumatda qeyd olunur ki, bu gün Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilib. Hadisə yerindən 1 ədəd "Kalaşnikov" avtomatı, həmin silaha aid sursat, 1 ədəd "F1" əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.