PARLAMENTİN DƏ “YAŞ İSLAHATINA” EHTİYACI VAR - Az qala 5 deputatdan birinin yaşı 70-i keçib + Siyahı
Ölkə başçısının ciddi kadr islahatlarına gedilməsinə dair qərarı, eləcə də pensiya yaşına çatmış və yaşı 70-i keçmiş şəxslərin yeni, gənc nəslə yol açmalarına dair tövsiyyəsi bütün diqqəti hakim komandanın yaşlı təmsilçilərinə yönəldib. Artıq vəzifədən öz ərizələri ilə azad olunduqları bildirilən Baş Nazirin müavinləri Hacıbala Abutalıbovla Əli Həsənovun ardınca AMEA prezidenti, 85 yaşlı Akif Əlizadə də istefa ərizəsi yazaraq, vəzifəsilə vidalaşıb. Mətbuatın “növbə kimindir” sualı üzərində baş sındırdığı indiki dönəmdə istər-istəməz hakimiyyətin təkcə icraedici deyil, qanunverici qolundakı durum da gündəmə gəlir. Nəzərə alsaq ki, Azərbaycan parlamentində hətta 20-25 illik stajı olan millət vəkilləri var və belələri kifayət qədər çoxdur, o zaman pensiya yaşı çoxdan keçən və heç də yüksək faydalı iş əmsalı ilə seçilməyən deputatlarla vidalaşmaq məsləsi aktuallaşır. Bir məsələni də xüsusi vurğulamağa lüzum var ki, adətən əhalidə qıcıq yaradan primitiv, məntiqsiz və günün reallıqları ilə uzlaşmayan məddahlıq dolu açıqlamalar da əksər hallarda məhz pensiya yaşı çoxdan çatan və yaşı 70-i keçən, bu uzun illərdə insanların gözlərini “mazol edən” deputatlardan gəlir. Ancaq təbi ki, bu fikirləri bütün yaşlı deputatlara aid etmək mümkün deyil. Yaşı 70-i keçmiş deputatların içərisində Vahid Əhmədov kimi fəallığı, savadı, təcrübəsi ilə parlamentə dəyər qatan deputatlar da var. Belə yaşlı deputaları parlamentə təsadüfə düşmüş bir çox gənc deputatlarla müqayisə belə etmək mümkün deyil. Ancaq nəzərə alsaq ki, qanunverici orqana da əsasən gənclərin seçilməsi artıq zamanın tələbidir, onda növbəti seçkilərdə yaşlı deputatların çoxunu parlamentdə görə bilməyəcəyimizi söyləyə bilərk. Milli Məclisin tərkibinə nəzər yetirdikdə görünür ki, təkcə yaşı 70-i keçən deputatların sayı 20-dən çoxdur və onların böyük əksəriyyəti hakim YAP-ın təmsilçiləridir. Xatırladaq ki, ölkə başçısı hakim partiyanın fəaliyyətinin gücləndirilməsilə bağlı da fikir bildirib və söszüz ki, bunun üçün YAP-da da müəyyən islahatların aparılması aktuallaşır. Onu da nəzərə alsaq ki, gələn ilin noyabrında yeni parlament seçkiləri keçiriləcək, o zaman hakim komandada islahatlar qərarı qətidirsə, aşağıda təqdim etdiyimiz siyahıdakı deputatların yəqin ki, əksəriyyətinin namizədliyi irəli sürülməyəcək: Zeynəb Xanlarova – 83 yaş “AzPolitika.info”
Ağacan Əbiyev – 82 yaş
Fəttah Heydərov – 81 yaş
Yaqub Mahmudov – 80 yaş
Elxan Süleymanov – 79 yaş
Ziyad Səmədzadə – 79 yaş
Arif Rəhimzadə – 78 yaş
Xanhüseyn Kazımlı -77 yaş
Eldar İbrahimov – 74 yaş
Hüseynbala Mirələmov – 74 yaş
Rafiq Məmmədhəsnov – 74 yaş
Mixail Zabelin -73 yaş
Əliağa Hüseynov – 73 yaş
Hadı Rəcəbli – 72 yaş
Fəzail Ağamalı – 72 yaş
Madər Musayev – 72 yaş
Flora Qasımova – 72 yaş
Vahid Əhmədov – 72 yaş
Əhliman Əmiraslanov – 72 yaş
Tahir Süleymanov – 71 yaş
Yevda Abramov – 71 yaş
İsa Həbibəyli – 70 yaş
Mahir Aslanov – 70 yaş.