YAP NAMİZƏDLİK ÜÇÜN KRİTERİYALARI AÇIQLADI - Kimlər uyğun gəlir?

"Hər bir seçki kampaniyasının öz xüsusiyyətləri var və indiki dövrün səciyyəsindən çıxış etməli olsaq, burada həyata keçirilən islahatlar strategiyası və onun ümumi konteksti mütləq şəkildə nəzərə alınmalıdır. Bu gün aparılan islahatlar həm də kadr dəyişiklikləri formasında özünü göstərir. Belə olan halda, müəyyən dərəcədə parlamentdə də bir dəyişikliyin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə sanki gözlənti var".

“AzPolitika.info” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib.

İcra katibi vurğulayıb ki Azərbaycanda parlamentin formalaşması səlahiyyəti birmənalı şəkildə Azərbaycan vətəndaşlarına məxsusdur. “Seçicilər kimlərin parlamentdə təmsil olunmasını istəsələr, onlara da səs verəcəklər və onlar da parlamentdə Azərbaycan xalqını təmsil edəcək. Seçilənlər gənc və ya orta yaşlı nəslin nümayəndəsi olacaq, bunu seçicilərin müstəsna səlahiyyəti müəyyənləşdirəcək. Azərbaycan cəmiyyətində yeni, ləyaqətli, yüksək təhsilli, geniş dünyagörüşə malik və dərin vətənpərvərlik ruhunda tərbiyə almış gənc nəsil formalaşıb. Bu gənc nəsil Azərbaycanın inkişafına öz töhfəsini verə bilər. Biz onların imkanlarından, potensialından istifadə etməliyik. Taktikamız ondan ibarətdir ki, imkan dərəcəsində gənc insanların namizədliyini irəli sürək. Yerdə qalan məsələni isə seçicilər müəyyən edəcəklər” - deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Əli Əhmədovun bu açıqlaması YAP-ın namizəd siyahısını təxmin etmək üçün daha bir ipucudur. Artıq əminliklə demək olar ki, hakim partiya parlamentdəki deputatlarının əksəriyyətini dəyişəcək və ümumilikdə Milli Məclisin tərkibinin 60-70 faizi yenilənəcək. 

 






Fikirlər