Əli Əhmədov: “Müxalifətin növbədənkənar seçkilərə yanaşması başadüşülən deyil”
“Yeni Azərbaycan Partiyasının Siyasi Şurası noyabr ayının 28-də keçirilən iclasında Milli Məclisin yeniləşməsinin obyektiv zərurətə çevrildiyini nəzərə alaraq, tarixi əhəmiyyət daşıyan təşəbbüslə çıxış etdi. Siyasi Şura Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlara Milli Məclisin buraxılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyi tövsiyyə etdi. Müşahidələr bu təşəbbüsün əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini göstərir”. "AzerTaym.az" Demokrat.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib. O, təşəbbüsün səbəbinin çox sadə və aydın olduğunu qeyd edib: “Ölkənin həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu – məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir. İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir. Əli Əhmədov deyib ki, gətirilən misallar fonunda Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi prizmadan yanaşması, başadüşülən deyil. “Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı, hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir. Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi, əslində onun məkrli niyyətindən xəbər verir. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu mənada onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda qeyd etdiyi kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşvişə salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilməsi səbəbindən həyata keçirilən genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsünə radikal müxalifətin əks çıxması da məhz bu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatçılığı onlara da sirayət edib. Radikalçı mövqedə dayanan və hər addımda anti-milli qruplar kimi özünü göstərən partiyaların ölkədə keçirilən seçkilərdə iştirakdan müxtəlif səbəblərlə imtina etməsinin kökündə dayanan daha bir səbəb var. Bu da onların ictimai dayaqdan məhrum olması, sosial bazasını bütünlüklə itirməsidir. Seçicilər tərəfindən dəstəklənmədiyini aydın başa düşən həmin radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa çalışır. Onlar təlaş içindədir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır və onlar küncə sıxılır. Bu isə göstərir ki, radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur”.
Bu mülahizələrdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adi hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilib”.