Partiyaların seçki və parlament ambisiyaları

 

...

 

Azərbaycanda siyasi təşkilatların əksəriyyəti Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır.

Azərbaycanda bu il noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası(MSK) qarşıdan gələn parlament seçkilərinin ədalətli, şəffaf şəkildə keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb, maarifləndirici işlərə başlayıb. Bununla da parlament seçkilərinə rəsmən start verilib. Baş tutacaq seçkilərdə iştirak etməyi nəzərdə tutan əksər siyasi partiyalar namizədlərinin adlarını da açıqlayıb, bəzi partiyalar isə seçkilərdə iştirak etməmək qərarı verib. 

Hələlik, parlament seçkilərinə namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir. Onların 506-sı siyasi partiyalar tərəfindən, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb.

Parlament seçkilərinə bir aydan çox vaxt qalıb və siyasi partiyalar müddətdən maksimum yararlanaraq hazırlıq işlərini davam etdirirlər. ANS PRESS ölkədə fəaliyyət göstərən siyasi partiyaların parlament seçkilərində iştirak edib-etməyəcəkləri, ümumiyyətlə, bu siyasi aksiyaya necə hazırlaşmaları və gözləntiləri ilə bağlı onların fikir və rəyini öyrənib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində əvvəlki illərdə keçirilən seçkilərdəki nəticələri təkrarlamağı, daha uğurlu nəticə ortaya qoymağı qarşıya məqsəd qoyub. YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın mövqeyini belə izah edib:

"YAP seçkilərlə bağlı artıq qərar qəbul edib. Partiyanın seçki ilə əlaqədar olaraq fəaliyyət planı təsdiqlənib. YAP-ın müşavirəsində də parlament seçkilərinə hazılıq barədə xüsusi göstərişlər verilib. Bununla bağlı partiyanın yerli rayon, şəhər qərargahlarına, bölmələrinə tövsiyyələr və proqramlar verilib. Orada qeyd olunub ki, həmin idarələr ilkin mərhələ üçün öz hazırlıq prosseslərini davam etdirsinlər. Bura seçki qərargahlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların seçki vəziyyətinə gətirilməsi, iş təşkilatlarının fəaliyyəti məsələləri daxildir. Həmin iş təşkilatları məntəqələr ətrafında yaradılıblar. Hər bir məntəqə ətrafında bizim bir iş təşkilatımız fəaliyyət göstərir." 


Siyavuş Novruzov - YAP icra katibinin müavini


Azərbaycan Demokrat Partiyası (ADP) deputat seçkilərinə qatılmaq niyyətindədir və üzvlərə seçkilərdə aktiv iştirakı tövsiyə edib. Bəzi tərəddüdlər olsa da yerlərdə partiya üzvləri seçkiyə xüsusi maraq göstərirlər. ADP bu il keçiriləcək parlament seçkilərilə əlaqədar yaratdığı Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib, deputatlığa namizədlərinin 15 nəfərlik ilkin siyahısı açıqlanıb. Həmçinin seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.


ADP İdarə Heyətinin toplantısı 


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Ali Məclisin sessiyasında BAXCP-nin 81 namizədinin irəli sürülməsinə qərar verilib. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini düşünən BAXCP bunun üçün ilk növbədə parlamentin funksiyalarının artırılmasını, hökumətin formalaşdırılması səlahiyyətinin parlament seçkilərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməsini, məhkəmə hakimiyyətinin tam müstəqilliyinin hüquqi mexanizmlərlə təmin olunmasını zəruri sayır. 


Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, keçiriləcək seçkilər bir ay müddətində siyasi fəaliyyət üçün imkanlar yaradır.

"Müsavat Partiyası bu imkanlardan yararlanıb, parlament seçkilərində iştirak edəcək. Kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştiraka qatılır və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırırlar. Bu seçki kampaniyasından partiyanın məqsədlərinin cəmiyyətinə çatdırılması üçün istifadə edəcəyik.”


Arif Hacılı - Müsavat Partiyası başqanı 

Ümid Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Maxsudov qarşıdan gələn parlament seçkilərinə partiyanın hazırlığı ilə bağlı namizədlərin həm paytaxt Bakıda, həm də rayonlarda güclü olduqlarını vurğulayıb, 70-dən çox namizədin bəlli olduğunu deyib: "Biz seçkiyə başlayanda tam hazır olacağıq. Namizədlərimiz hər yerdə güclüdür. Seçkilərə təkbaşına yox, komanda şəklində gedirik. Bu da bizi hər yerdə güclü edir. Həm paytaxta həm də rayonlara ciddi önəm veririk.”


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Demokratik Qüvvələrin Milli Şurası hələlik deputat seçkilərində iştirak etməmək qərarına gəlib. Onlar seçki qanunvericiliyinin dəyişməyəcəyi halda, seçkilərdə iştirakı məqbul saymırlar.

Azərbaycan Milli İstiqlal Partiyası(AMİP) isə deputat seçkilərində iqtidar partiyası ilə yarışmaq qərarındadır. Bu siyasi təşkilat parlament seçkilərinə blok şəklində getməyin çətin olduğunu düşünür. Partiyanın sədri Yusif Bağırzadə söyləyib ki, seçkilərlə əlaqədar daimi fəaliyyət göstərən seçki qərargahı mövcuddur. Biz heç bir partiyanın, hətta hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısının açıqlanmasını gözləmədən namizədlərimizin adlarını elan etdik ki, kimlər və hansı dairələr üzrə seçkiyə gedirik. Bu gün partiya parlament seçkilərinə tam hazırdır və müvafiq sənədləşmə prosesləri gedir. Hələlik biz 29 namizədlə seçkiyə qatılırıq. Ancaq ola bilsin ki, namizədlərimizin siyahısı artsın. Çünki seçkidə iştirak etmək istəyən AMİP-çilər çoxdur. Bu il parlament partiyası olacaq AMİP kəmiyyət deyil, keyfiyyət baxımından seçkiyə gedir."


Yusif Bağırzadə - AMİP sədri


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri Sabir Rüstəmxanlı da seçkiyə qatılacaqlarını açıqlayıb: "Biz seçkilərdə iştirakın vacib olduğunu düşünürük. Ona görə də seçkilərdə iştirak etmək qərarını vermişik." 

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və digər partiyalar təmsil olunduqları blok şəklində deputat seçkilərində iştirak etmək istəyini bildirib. Belə ki, bu partiyalar ayrı-ayrılıqda mövcud siyasi vəziyyətə və resurslarına uyğun araşdırmalar aparıb, Azərbaycanda parlament seçkilərinə uyğun müvafiq qərar verib. 

Bu arada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycana gəlib. Deputat Jordi Huklanın başçılıq etdiyi nümayəndə heyətinə beş nəfər daxildir. Səfərin məqsədi noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiöncəsi vəziyyəti öyrənməkdir. 


AŞPA

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) isə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib. Büronun direktoru direktoru Maykl George Link bildirib ki. bu addımı atmalarına səbəb müşahidəçilərin sayına qoyulan tələblə bağlıdır. 

Büronun açıqlamasında qeyd edilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.


ATƏT/DTIHB

Azərbaycanda son parlament seçkiləri son dəfə 2010-cu il noyabrın 7-də keçirilib. Həmin ildə MSK və Dairə Seçki Komitələri (DSK) tərəfindən seçkilərdə 46,630 və 1,029 beynəlxalq müşahidəçi, 5,444 yerli müşahidəçi 11 Qeyri Hökumət Təşkilatını (QHT) təmsil edib, təxmini 8,378 nəfər partiya müşahidəçisi olaraq qeydə alınmışdı. Yerdə qalanlar isə fərdi müşahidəçi olaraq qeydiyyatdan keçmişdi. Bəzi QHT-lər, o cümlədən “Parlament–2010” koalisiyası, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMMD) və “Demokratiyanı Öyrənmə” İctimai Birliyi uzunmüddətli və qısamüddətli müşahidələr həyata keçirmişdi. Bu il seçkilərdə nə qədər müşahidəçinin iştirak edəcəyini isə MSK seçkidən əvvəl tam açıqlayacaq. 






Fikirlər