AKP tarixində ilk: azərbaycanlı birinci sıradan namizəd göstərildi – Video
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası 1 noyabr növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb.
APA TV-nin məlumatına görə, seçkidə iştirak edən siyasi partiyalar arasında namizədlər siyahısında ən ciddi dəyişikliyi AKP edib. 7 iyun seçkilərində iştirak etmiş 238 nəfərin növbədənkənar seçkilərdə namizədliyi irəli sürülməyib. Onların arasında 53 millət vəkili də var.
Namizədliyi irəli sürülməyənlər arasında AKP hökumətlərində nazir və baş nazirin müavini postu tutan Bülənd Arınç, İdris Güllücə və Ayşənur İslam da var.
Ədalət və İnkişaf Partiyası Karabük və İğdır vilayətlərində namizədlərin hamısını dəyişib. İğdırdan bu dəfə Nurəddin Aras və Mustafa Buluşun namizədliyi irəli sürülüb. Mustafa Buluşun həyat yoldaşı, Nurəddin Arasın isə özü azərbaycanlıdır.
Qeyd edək ki, Nurəddin Aras namizədliyinin irəli sürüldüyü gün anasını itirib. O, namizədliyinin irəli sürülməsi ilə əlaqədar Ankaraya getsə də, anası Gül Arasın dünyasını dəyişməsi barədə xəbər alıb və dərhal İğdıra qayıdıb. Millət vəkilliyinə namizədin anası ötən axşam dəfn edilib.