Milli Şura parlament seçkiləri ilə bağlı bəyanat verdi: “Bu addım atılmasa BAYKOT EDƏCƏYİK”
Azərbaycanda gözlənilən erkən parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası növbədənkənar toplantı keçirib və müzakirələrin sonunda bəyanat qəbul edib. "AzerTaym.az" Demokrat.az-a istinadən bildirir ki, bəyanatda son proseslərə toxunulub. Qeyd edilib ki, 28 noyabr 2019-cu ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə mövcud parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ölkə başçısına müraciət imzalamağı tövsiyə edən qərar qəbul edib və YAP-çı deputatlar artıq belə bir müraciətə imza atıblar. Beləliklə, gözlənilir ki, yaxın aylarda ölkədə erkən parlament seçkiləri keçiriləcək. Milli Şura hesab edir ki, təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun. Milli Şura Azərbaycan cəmiyyətində dinc, demokratik inkişafa inam və ümid yarada bilən seçkilərdə iştiraka hazır və qalib gəlmək iddiasındadır. Milli Şura seçki komissiyalarının iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşdırmağa, namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırmağa İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa etməyə, sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməsinə çağırıb. Bununla yanaşı Milli Şura hesab edir ki, seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməli, seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır;
Milli Şura bildirir ki, bu tədbirlər həyata keçiriləcəyi təqdirdə seçkilərdə iştirak edəcək. Bu tədbirlər həyata keçirilməsə Milli Şura seçkiləri boykot edəcək.