İbrahim Məmmədov: “Karantin rejimi aprelin 20-də bitməyəcək”
Azərbaycanda xüsusi karantin rejimi aprelin 20-nə qədər tətbiq edilib. Təbii ki, vətəndaşlar bu rejimin həmin tarixdə bitməsini və uzadılmamasını arzulayırlar. Lakin bu qərar vəziyyətin gedişatından, ölkədə koronavirusa yoluxmanın dinamikasından asılı olacaq. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, indiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bizdə yoluxmalar və ölüm sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır: “Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur. Yoluxmanın artıb-azalma tezliyi spiralvaridir. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə tendensiya ürəkaçan deyil. icaze-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləqv edilib".