“Ermənistan beynəlxalq hüquqa cəbhə açıb” - Millət vəkili

“Ermənistan beynəlxalq hüquqa cəbhə açıb” - Millət vəkili

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlatdığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusu böyük itkilərə məruz qalıb. Böyük sayda canlı qüvvəsini, zirehli texnikasını, silah-sursatını itirən, işğal altında saxladığı mövqelərdən geri çəkilmək məcburiyyətində qalan düşmən Azərbaycanın hərbi obyektlərini deyil, dinc əhalinin yaşadığı rayon, şəhər, qəsəbə və kəndlərimizi hədəfə alıb. Ermənistan silahlı qüvvələri srağagün Gəncə şəhərini yenidən raket atəşinə tutub. Hadisə nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub. Bununla yanaşı, 34 nəfər, o cümlədən 16 qadın, 6 azyaşlı uşaq yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Cəbhədə uduzan düşmən bu yolla Azərbaycan daxilində təşviş yaratmağa çalışır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, bu, yalnız Ermənistan-Azərbaycan müharibəsi deyil, həm də Ermənistanın beynəlxalq hüquqla olan müharibəsidir:

“Biz bu hərəkəti birmənalı şəkildə pisləyirik. Ermənilərin törətdiyi əməl nəinki mən, bütün ictimaiyyət tərəfindən terror kimi qəbul edilir. Çünki gecə saat 2-də silahlarını dinc insanlara yönəldiblər. “Toçka-U” taktiki raket kompleksinin hərbidə belə istifadəsi qadağan edilib. Belə olan halda bu silahın mülki əhaliyə qarşı istifadəsi çox böyük hərbi cinayətdir. Gəncəyə belə bir raketin atılması böyük bir itkiyə səbəb olub. 9 nəfər həyatını itirib, 34 nəfər yaralanıb. Onların içərisində qadın və uşaqlar da var. Həmçinin çoxlu sayda mülki obyektlərə ziyan dəyib”.

Millət vəkili deyib ki, ermənilərin Gəncədə törətdiyi terroru Azərbaycan bütün dünyaya çatdıracaq: “Biz bunu bütün dünya ictimaiyyətinə, beynəlxalq mediaya, təşkilatlara çatdırmalıyıq. Elə etməliyik ki, bu, bir terror hadisəsi kimi qəbul olunsun. Çünki  həqiqətən də artıq birinci hadisə deyil. Gəncə qədim şəhərdir. 1991-1993-cü illərdə müharibənin qızğın vaxtlarında Gəncədə belə hadisələr heç vaxt olmayıb. Hazırkı vəziyyətdə cəbhədə döyüş gedir və təbii ki, onlar artıq işğal olunmuş torpaqlarımızdan geri çəkilmək məcburiyyətində qalırlar. Məhz buna görə belə işlərə əl atırlar. Onların bu əməlləri törətməkdə məqsədləri odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), əsasən də Rusiyanı prosesə cəlb etsinlər. Çünki Ermənistan bu təşkilatın üzvüdür. Təşkilata üzv ölkələrdən hansısa birinin ərazisinə hərbi hücum baş verdiyi halda bütün üzv dövlətlərin ona kömək etmək barədə öhdəliyi var. Ermənistan da bundan yararlanmağa çalışır. Cəbhədə uduzan Ermənistan öz ərazisindən Azərbycana raket atır, istəyir ki, biz də qarşılıq verək, bununla da KTMT-dən dəstək alsın, Ordumuzun başlatdığı sülhə məcburetmə prosesini regional müharibəyə çevirsin. Təbii ki, bu, baş tutmayacaq. Çünki biz sadəcə öz torpaqlarımızı işğaldan azad etmək istəyirik və müharibəni Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəmizdə, ətraf rayonlarımızın ərazisində aparırıq”.






Fikirlər