“Ruslar gözləmirdi ki, Azərbaycan Moskva görüşünədək Hadrutu alacaq, indi çalışırlar ki...”
“Humanitar atəşkəsdən sonra ermənilərin daha da azğınlaşmasının ağrılı nəticəsini yaşadıq. Rəşadətli Azərbaycan əsgəri Gəncədə ermənilərin törətdikləri hərbi cinayət və terrorun qisasını alır. Heç şübhəsiz ki, bundan sonra da emənilərə layiqli cavablar veriləcək”. "AzerTaym.az" bildirir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, milli ordumuz döyüşdə yeni yüksəklikləri azad etməklə, mövcud mövqelərini möhkəmlətməklə düşməni bütün cəbhələrdən sıxışdıraraq, geriyə çəkilməyə məcbur edəcək: “Dünən namərd qonşumuzun Hadrutu geri almaq üçün xəyanətkar hücumları heç bir nəticə verməyib. Əsgərlərimizin qanı və canı bahasına qazanılan torpaqlar göz bəbəyi kimi qoruyublar. Son günlər mənə ən çox verilən suallardan biri də Hadrutun kimin nəzarətində olması ilə bağlıdır. Xatırladım ki, Hadrut qəsəbəsindən 9 km uzaqlıqda yaşamışam. Odur ki, oranın coğrafiyasını və relyefini yaxşı bilirəm. Hadrut Qozluçay dərəsinin başlanğıcında, vadidə yerləşir, bu qəsəbə həmin sırada olan yaşayış məntəqələrinin sonuncusudur, bir sözlə, ondan sonra dağa, dalana dirənirsən. Hadruta Araz çayı tərəfdən baxanda solda Cəbrayıl, eləcə də kiçik Qafqaz dağları, arxa və sağda isə Ərgünəşdir. Ərgünəşin ətəklərində Hadrutun, qarşısında da Füzuli rayonunun kəndləri və mərkəzidir. Ərgünəş yaxınlığındakı dağlardan hündürdə yerləşdiyindən günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşdüyünə görə ona belə ad verilib. Dünən qeyri-rəsmi məlumat yayıldı ki, Ərgünəş zirvəsi düşməndən azad edildi. Təki deyilənlər düz olaydı, Ərgünəşin bizdə olması Hadrutun Xırmancıq, Düdükçü, Hoğa, Tağ, Tuğ kəndlərinin də işğaldan azad edilməsi və Azərbaycan ordusunun Füzuli rayonun mərkəzində bayrağımızı dalğalandırması deməkdir. Amma tələsmək istəməzdim, bununla bağlı rəsmi açıqlamanı gözləməyi məsləhət görərdim”. Qubad İbadoğlu qeyd edib ki, Azərbaycan Ordusu Cəbrayıl tərəfdən yüksəklikdə mövqe tutduğuna görə Hadrutda erməni dayana bilməz: “Odur ki, dünən ermənilərlə ən ağır döyüş həmin cəbhədə gedib. Yeri gəlmişkən, sovet dövründə Hadrutun girişində, Füzulinin bu istiqamətdə sonuncu kəndi olan Qaradağlıda sərhəd qoşunlarının hərbi hissəsi var idi. Deyilənə görə, hazırda həmin hərbi hissə ermənilərin əsas silah-sursat anbarıdır. Eyni zamanda ordan İrandan qalxan təyyarələrə nəzarət etmək mümkündür. Hətta verilən məlumata görə, indiyədək orda rus zabitləri xidmətdədir. Belə olan halda Hadrutun alınması həm də rusların starteji marağına toxunub. Ona görə də döyüşlərə ruslar tərəfindən muzdluların cəlb edildiyi haqqında məlumatlar da daxil olur. Görünür, ruslar atəşkəs imzalanana qədər Azərbaycan ordusunun Hadrutu alacağını gözləmirlərmiş, ona görə də indi çalışırlar ki, atəşkəs rejimi faktiki başlayanadək Hadruta nəzarəti bərpa etsinlər. Dünən buna nail ola bilməyiblərsə, bu gün dünənki mövqeləri çətin dəyişə bilərlər. Müzəffər ordumuz buna imkan verməz”.