"Paşinyan Rusiyanın Ermənistanda hərbçi və hərbi texnika sayını artırmasını istəyir".

Paşinyanın Putinə məktubunun arxasında gizlənən oyun... (TƏHLİL)

 Bunu politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktibdan danışarkən deyib. O bildirib ki, Paşinyan məktubunda Rusiya liderindən Ermənistana yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edib:

 

"Erməni baş nazir bu mənada 29 avqust 1997-ci il tarixli "Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edib. Nikol Paşinyan məktubunda Qarabağdakı vəziyyətdən detallı şəkildə bəhs edib, həmişəki kimi Azərbaycan və Türkiyə əleyhinə ittihamlar səsləndirib".

 

 

Nikol Paşinyan Putinə 5 telefon zəngindən sonra nədən məktub göndərib? Politoloq bu sualı iki əsas versiya ilə cavablandırıb:

 

Birincisi, bu Paşinyanın Putinə məktubundan çox öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdır. Çünki özü də bilir ki, Putin Dağlıq Qarabağı dəftərindən silib. Ona görə də Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, "baxın, bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm?..”

İkincisi, Ermənistan Dağlıq Qarabağda xeyli canlı qüvvə və hərbi texnika itirib. Həmin hərbi texnikanın əksəriyyəti Ermənistana aid idi. Ermənistandan Dağlıq Qarabağa nə daşıdırlarsa, hamısını Azərbaycan ordusu və pilotsuz uçuş aparatları məhv etdi. Belə vəziyyətdə Ermənistanın hərbi durumu ağırlaşıb, müdafiəsi zəifləyib. Ona görə Paşinyanda və erməni cəmiyyətində qorxu var ki, Azərbaycan ordusu Dağlıq Qarabağa nəzarəti ələ keçirdikdən sonra Ermənistanın içərilərinə doğru da hərəkət edə bilər. Paşinyan qorxur ki, Putin Dağlıq Qarabağın itirilməsinə səssiz qaldığı kimi, Ermənistana hücumlara da bir müddət səssiz qala bilər. Ona görə də indidən təminat almaq istəyir ki, Dağlıq Qarabağdan vaz keçdikdən sonra Rusiya heç olmazsa Ermənistanı qorusun".

 

Elxan Şahinoğlu bildirib ki, Paşinyan Rusiyanın Ermənistanda hərbçi və hərbi texnika sayını artırmasını istəyir:

 

"Putin bunu edə bilər. Ancaq Putin onu da anlayır ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınan Rusiyanın bahalı hərbi texnikası kiçik ölçülü pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bahalı hərbi texnikasını darmadağın etməsi Rusiyanın hərbi sənaye kompleksinin imicinə ciddi zərbədir. Ona görə də Putin artıq Ermənistanın Dağlıq Qarabağı qoruya bilməyəcəyini anladığından Ermənistana hərbi texnikanın göndərilməsinə bir müddət ara verə də bilər. Bir daha müharibə başlayandan bu yana əsas tezisimi təkrarlayıram: Bizə heç kim və heç nə mane olmur".

 

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Ermənistan Xarici İşlər Nazilriyinin məlumatına görə, Paşinyan Ermənistanın Rusiya ilə müttəfiqliyinə əsaslanaraq Putindən Moskvanın İrəvana yardımlar barədə məsləhətləşmələrə başlamağı xahiş edib. /Qaynarinfo






Fikirlər