Qarabağlı ermənilərlə müzakirələr başlandı: üç əsrlik xülya PUÇ OLDU...

Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanması prosesində yaranmış situsiyanın mümkün qədər tez nizamlanmasında və həllində maraqlıdır. Belədə ABŞ-nin də prosesə qoşulması, özü də aktiv şəkildə iştirakı qaçılmaz, həm də maraqlarımıza uyğundur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ-nin Gömrük-Sərhəd Mühafizəsi Xidmətinin (United States Customs and Border Protection, USCBP) nümayəndələri Ermənistanda rəsmi səfərdədir. Bu barədə Birləşmiş Ştatların İrəvandakı səfirliyi məlumat yayıb.

USCBP mənsubları Ermənistan hakimiyətinin rəsmiləri ilə görüşlərlə müzakirələrdən sonra Azərbaycanla şərti dövlət sərhədindəki bir neçə məkanda olublar. Baş çəkilən məkanlarla bahəm, amerikalılar Zvartnots və Baqrataşendəki situasiya ilə tanış olublar. Daha sonra isə onlar Vedi rayonundakı Arazdəyən kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinə yollanıblar.

Avropa İttifaqının Ermənistana yolladığı müşahidə missiyasının (EUMA) fəaliyyətinin əsas məqsədinin məhz hələ də demarkasiya və delimitasiya edilməmiş, bu səbəbdən şərti sayılan Azərbaycan-Ermənistan dövlət sərhədini müşahidə etmək, silahlı insidentlərin qarşısının preventiv şəkildə alınmasıdır.

Təbii ki, avropalı müşahidəçilər erməni hərbçilərə Azərbaycan istiqamətə atəş açmaqda mane ola bilməzlər. Lakin onların mövcudluğu və sərhəddəki monitorinqi belə olayların yol verilməməsi istiqamətində görülməsi gərəkən fəaliyyətlər arasında ümdə yer tutur.

Aİ missiyası yalnız monitorinqlə bitmir. Daha doğrusu, missiyanın məqsədləri arasında ön yeri tutan geosiyasi kontekst bilavasitə Avropa İttifaqının regional proseslərdə, ələlxüsus da Azərbaycan-Ermənistan danışıqlarında iştirakıdır.

Aİ vasitəçiliyi ilə reallaşdırılan "Brüssel formatı" yetərincə effektiv həll yollarının aranmasında və yekun nəticənin hasil edilməsində məqsədəuyğun yollar arasındadır.

Rəsmi Bakı da danışıqların həmin formatda davam etdirilməsini məqbul bilir, mövqeyini də dəfələrlə bəyan edib.

Ermənistanın hakimiyyət mənsubları ilin əvvəlindən bəri vəziyyətiin daha da gərginləşdirilməsi üçün malik olduqları bütün imkanları səfərbər etsələr də, gözlənilən nəticəyə nail ola bilməyiblər.

Tam əksinə, Münxendə keçirilmiş təhlükəsizlik konfransından sonra Ermənistanın aqressiv ritorikasında məcburi "yumşalma" aşkar hiss olunur.

Belə ki, əgər əvvəllər Ermənistanın baş naziri Nikol Paşinyan "qarşımızda duran əsas məqsədlər Şuşa və Hadrutun yenidən nəzarətimizə qaytarılması, yekun sülh sazişində Qarabağın statusunun mütləq göstərilməsi və ən nəhayət, qarabağlı ermənilərin təhlükəsizlikləri ilə hüquqlarının təminatına nail olmaqdır" deyirdisə, indi İrəvanın diskursu dəyişib.

Şuşa və Hadrutun "yenidən geri qaytarılması" kimi absurdu İrəvanın hakimiyyət mənsubları artıq səsləndirmirlər, çünki belə tragikomik farsın elə ermənilər arasında istehza ilə qarşılandığının fərqinə varıblar.

"Qarabağın statusu" ifadəsi də regional siyasətdə arxaizmə çevrilib və bu, İkinci Qarabağ Müharibəsində Azərbaycanın o dönəmədək mövcud vəziyyəti kökündən dəyişərək bölgədə yeni reallıqlar formalaşdırması ilə bağlıdır.

Ermənilərin "Qarabağ" dedikləri, hazırda Azərbaycanın Qarabağ iqtisadi rayonunun şimal hissəsi olan ərazilər hələlik müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altındadır. Həmin ərazilər Azərbaycanın tarixi məkanları olmaqla yanaşı, ölkəmizin inzibati bölgüsündəki yaşayış məntəqələridir,

Həmin məntəqələrdə məskunlaşmış ermənilərin iki seçimi var: ya Azərbaycan vətəndaşı pasportlarını və şəxsiyyət vəsiqələrini qəbul edərək ölkəmizin mövcud qanunvericiliyi çərçivəsində konstitusional hüquqlarının təminatı ilə yaşamalı, ya da Azərbaycanı tərk etməlidirlər.

Azərbaycanda qanunsuz yaşayaraq qanunların tələblərini pozan, mərkəzi hakimiyyətə, qanunvericiliyin tələblərinə tabe olmayan şəxslər, təbii ki, arzuolunmaz şəxslər hesab ediləcək.

Beynəlxalq praktika, dünya ölkələrinin qanunvericilik təcrübəsi belədir və Bakı yeni, paradoksal nə isə tələb edərək irrasional şərtlər səsləndirmir.

"Status" yoxdur və olmayacaq: qarabağlı ermənilər üçün ölkə daxilində hansısa əlahiddə, müstəsna hüquqlarla fərqli haqlar olmayacaq, çünki onlar qanunvericilik qarşısında Azərbaycanın digər bölgələrinin sakinləri ilə analoji məsuliyyət daşıyırlar.

Qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təminatına gəldikdə isə bu, Bakıdakı rəsmi hakimiyyətlə bilavasitə həmin ermənilərin təyin etdikləri müzakirələrin mövzusu ola bilər.

Hansısa əlavə "danışıqlar konfiqurasiyası" və ya formatına lüzum yoxdur.

Məhz bu səbəblə rəsmi Bakı qarabağlı ermənilərlə birbaşa müzakirələrə başlayıb.

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağda bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Rəsmi açıqlamaya görə, görüş zamanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Qarabağlı ermənilərlə növbəti müzakirələr Ağdam və Gəncə şəhərlərində aparıla bilər.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Məqsəd qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlamaqdır.

Təbii ki, qarabağlı ermənilərlə bağlı problemin Azərbaycan Konstitusiyası və sərhədləri daxilində çözülməsinin qaçılmaz, labüd proses olduğunu anlayan Rusiya ilə kollektipv Qərb spontan fəallaşma nümayiş etdirərək mövqelərini möhkəmləndirməyə çalışırlar.

Rusiyanın XİN başçısı Sergey Lavrovun Bakıda ikigünlük səfərdə olarkən verdiyi bəyanatlar, daha sonra rəsmi Moskvanın Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesindəki mövcud durumdan bəhs edən açıqlamaları şimal qonşumuzun yaranmış yeni marşrutda geridə qalan geosiyasi güclərdən olmaq istəməməsindən xəbər verir.

Moskva həmin istiqamətdə Avropa İttifaqını və ya ABŞ-ni irəli buraxmayaraq danışıqlardakı vasitəçi, müzakirələrdəki əsas moderator rolunu qorumaqda israrlıdır.

ABŞ isə tam əksinə, Rusiyanı proseslərdən kənarlaşdırmaq, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına istiqamətlənmiş prosesdə Qərbi ön plana çıxarmaq, sonucda mümün dividendlərdən məhz özü yararlanmaq niyyətindədir.

Bu baxımdan, Birləşmiş Ştatların Ermənistana gömrük və sərhəd məsələləri üzrə mütəxəssisləri yollaması müsbət haldır, maraqlarımıza cavab verir.

Cənubi Qafqazdakı situasiya dəyişib.

Regionda sülhlə stabilliyin bərqərar olmasına yönəlmiş danışıqlarla müzakirələrdə Ermənistan, sadəcə, danışıqlar obyektinə çevrilib.

Rəsmi İrəvanı həm Rusiya, həm də ABŞ və Avropa İttifaqı Azərbaycanın regional lider mövqe olduğu bölgədə önəmli geosiyasi çəkiyə malik subyekt qismində qəbul etmirlər.

Azərbaycan bölgədəki stabilliyin qarantıdır və bu reallıqla ermənilər barışmalıdır.

Abstrakt ideyalar, puç xülyalar, mənasız ümidlər ermənilərin yalnız ziyanına olacaq, Ermənistanın passivini artıracaq.

Qarabağlı ermənilərlə müzakirələrin başlanması ermənilərin üç əsrlik "Karabax merna" ("Qarabağ bizimdir") ilğımının sonu oldusa, müzakirələrin davamı həmin ermənilərə inkişaf, normal və təhlükəsiz yaşam vəd edir.

Azərbaycansa bütün vədlərini yerinə yetirir.

 






Fikirlər