5 mart qanlı təxribatının haylarla 1 mart görüşündən sonra baş verməsi təsadüf idimi?..

5 mart qanlı təxribatının haylarla 1 mart görüşündən sonra baş verməsi təsadüf idimi?..

5 mart olayında bir sıra müəmmalı məqamlar var ki, onlar Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən aydınlaşdırılmalıdır...”
 
“Biz ermənilərə inteqrasiya, barış təklif ediriksə, onlar qəbul etmirsə, o halda qanunlarımızın, Konstituyamızın gücünü işə salmalıyıq...”
 
“Qarabağda Azərbaycana qarşı terror əməliyyatları həyata keçirmək üçün istənilən qədər silah-sursat var...”
 
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşıyla qısa telefon söhbətində martın 1-də Xocalıda Rusiya “sülhməramlı”larının komandanı Andrey Volkovun bilavasitə təşkilatçılığı və iştirakıyla Qarabağdakı erməni nümayəndələrlə keçirilmiş görüş, həmin görüşdən cəmi 4 gün sonra Turşsu-Xəlfəli-Xankəndi yolunda iki hərbçimizin şəhid olmasıyla nəticələnmiş məlum 5 mart qanlı təxribatı və bunların nəticəsində  yaranmış durum haqda bəzi fikirlərini açıqlayıb.
 
-Tofiq müəllim, sizcə, Turşsu-Xəlfəli-Xankəndi yolundakı məlum 5 mart qanlı təxribatının məhz Xocalıda Rusiya “sülhməramlı”larının komandanı Andrey Volkovun bilavasitə təşkilatçılığı və iştirakıyla keçirilmiş görüşdən sonra baş verməsi təsadüfdürmü?
 
-Əvvəla, onu deyim ki, 5 mart olayında bir sıra müəmmalı məqamlar var ki, onlar Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən aydınlaşdırılmalıdır. Orada məhv edilmiş qanunsuz erməni  “polis”lərinin guya “pasport-masa” əməkdaşları olduğunu deyirlər. Halbuki, onlar görkəmlərindən daha çox xüsusi  təyinatlıya bənzəyirlər… İkincisi, unutmayaq ki, bundan əvvəl də 10 noyabr bəyanatından bəri keçən iki ildən çox müddətdə də Qarabağa silah-sursat daşınıb. Eyni zamanda Rusiya hərbçiləri ermənilərin 30 ildən çox müddətdə torpaqlarımıza topladığı bəzi silah-sursat və texnikaları da orada saxlamalarına şərait yaradıb. Orada Azərbaycana qarşı terror əməliyyatları həyata keçirmək üçün istənilən qədər silah-sursat var. Qarabağda hətta ermənilərin əlində top, haubitsa kimi artilleriya silahları olduğunu təsdiqləyən foto-çəkilişlər də mövcuddur...
 
-Bütün hallarda bu insident Xocalıda martın 1-də, zahirən də olsa, sülhə doğru aparan danışıqlar və görüşlərdən sonra oldu. Və yəqin ki, bu, təsadüf deyildi...
 
-Gəlin bunu “danışıqlar” adlandırmayaq, “ünsiyyət”, “kommunikasiya” deyək... Əslində düşmənlərin istədiyi “danışıqlar”dı... Yəni belə çıxsın ki, Azərbaycan tərəfi separatçı qurumla danışıqlar aparır, onları tərəf kimi tanıyır... Biz də o termindən istifadə etməyək. “Sosial məsələləri həll etmək üçün ünsiyyət” adlandıraq...
 
-Nə isə... Məlum qanlı təxribatdan sonra Xankəndindəki separatçı-terrorçu rejim rəhbərliyi də, irəvandakılar da bəyan etdi ki, guya “Azərbaycan Qarabağ ermənilərinə qarşı terror edir” və buna görə də biz artıq danışıqlara getmirik... Halbuki, biz əvvəl də yazmışdıq, Xocalıdakı görüşdə iştirak edən erməni nümayəndə heyətinə rəhbərlik edənlərdən ikisi də – biri qondarma “təhlükəsizlik şurası”nın katibi, digəri isə “təhlükəsizlik xidməti”nin rəisi- 1990-cı illərdən bəri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş məxluqlar - generallar idi. Onlarla görüş keçirməyin mənası var idimi?
 
-Bəs kim gələcəkdi? Bilirsiz, yəqin ki, Qarabağdakı ermənilər arasında son 30-35 ildə Azərbaycana qarşı aparılmış separatçı hərəkat və hərbi əməliyyatlarda iştirak etməyəni yoxdur...
 
-Biz də deyirik ki, Azərbaycan vətəndaşlarıdı, onlarla görüş keçiririk...
 
-Bəs biz nə deməliyik? Deməliyik ki, əlimizə imkan keçsə, separatçıların hamısını qırarıq? Ürəyimizdən hər keçəni demək olmaz axı...
 
-Hər halda bir neçə loyal erməni tapmaq olardı... Bütün hallarda yenə eyni sual qüvvədə qalır: Xocalıda Rusiya generalının təşkilatçılığıyla ermənilərlə görüşün mənası var idimi? Separatçı erməni nümayəndələri inteqrasıiyadan da imtina etdilər. Bundan sonra biz nə etməliyik?
 
-Ünsiyyət, kommunikasiya istəyiriksə, budur, mümkün olan budur...Və biz onlara inteqrasiya, barış təklif ediriksə, onlar qəbul etmirsə, o halda qanunlarımızın, Konstituyamızın gücünü işə salmalıyıq. Kim bizim dövlətimizi, ərazi bütövlüyümüzü, qanunlarımızı, bayrağımızı və s. qəbul edib yaşayırsa, yaşasın, istəməyən çıxsın, getsin Ermənistana... Başqa yol yoxdur...
 
Sultan Laçın






Fikirlər