"YA İNTEQRASİYA, YA DA ANTİ-TERROR ƏMƏLİYYATI" - “Ermənilərin fəaliyyəti və “sülmərəmlıların” fəaliyyətsizliyi əməliyyatı qaçılmaz edir”

Xəbər verildiyi kimi, martın 5-də səhər saatlarında Azərbaycan Ordusunun hərbçiləri ilə Xankəndi və ətrafında məskunlaşan silahlı erməni separatçıları arasında insident yaşanıb. Rəsmi məlumata görə, Azərbaycan tərəfi Ermənistan ərazisindən Laçın yoluna alternativ torpaq yolla Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar alıb. Köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, tərəflər arasında silahlı insident yaşanıb və hər iki tərəfdən ölən və yaralananlar olub.

Müdafiə Nazirliyindən bildirilib ki, qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bundan sonra Ermənistan tərəfi analoji təxribatlarını davam etdirib. Belə ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqelərini 19 dəfə atəşə tutub.

Göründüyü kimi, bir müddət tərəflər arasında insidentlər azalsa da, Ermənistanın təxribatları fonunda, martın 5-dən etibarən bölgədə vizəyyət yenidən gərginləşib. Rəsmi açıqlamalardan da görünür ki, Azərbaycan tərəfi Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin quraşdırılmasında, eləcə də qanunsuz yollarla Xankəndinə və əks istiqamətə daşınan yüklərin qarşısını almaqda qərarlıdır. Ancaq qarşı tərəf həm sülh danışıqlarında, həm də bölgədə buraxılış məntəqələrinin yaradılmasında maraqlı görünmür və hər vəchlə bu prosesi uzatmağa çalışır. Belə olan halda Azərbaycanın öz istəklərini qarşı tərəfə hərbi yolla qəbul etdirməsi, daha dəqiq desək Qarabağda növbəti anti-terror əməliyyatının keçirilməsi məsələsi gündəmə gəlir.

Bəs, indiki halda Azərbaycan ordusu Qarabağda anti-terror əməliyyatına başlaya bilərmi?

 

 

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, ötən gün baş verən hadisəni bölgədə yaranmış uzunmüddətli gərgin vəziyyətin nəticəsi olaraq qiymətləndirməliyik: “Bildiyiniz kimi, bölgədəki eko-fəallarımızın 84 gündür aksiya keçirmələrinə baxmayaraq, qarşı tərəf hələ də mədənlərimizin monitorinqi üçün bizə şərait yaratmayıb. Buna paralel olaraq, Laçın- Şuşa yolunda aksiya keçirildiyi üçün alternativ yollardan istifadə edərək bölgəyə hərbi yüklər daşımağa başlayıblar. Alternativ yol isə Xankəndi-Xəlfəli- Turşsu yoludur. Bu yol sonradan Laçın-Şuşa -Gorus yoluna birləşir. Ermənilər Rusiya sülhməramlılarının beş kilometrlik nəzarət zolağına daxil olan həmin yolla hərbi texniki təminatlarını həyata keçirməyə çalışrlar”.

Ekspert qeyd edir ki, Azərbaycanın əsas istəyi ondan ibarətdir ki, ümumiyyətlə bölgədə heç bir qeyri-qanuni hərbi birləşmə olmasın: “Biz istəyirik ki, bölgədə qeyri-qanuni birləşmələrin hərbi-texniki təminatı həyata keçirilməsin və tərəflər arasında inteqrasiya prosesi başlasın. Lakin həm Ermənistan, həm də Rusiya sülhməramlıları bu inteqrasiyanın qarşısını almağa çalışırlar. İnteqrasiyanın baş verməməsi üçün nə etmək lazımdır? Elə bir situasiya modelləşdirmək lazımdır ki, tərəflər arasında daimi konflikt olsun. Ermənistanın bu konfliktdə marağı ondan ibarətdir ki, burada yaranan insidentlər, hərbi münaqişələr fonunda, Qarabağ məsələsini beynəlxalq siyasi institutlar səviyyəsinə çıxarsın və beynəlxalq təşkilatların müdaxiləsi ilə gələcək statuslarını müəyyən eləsinlər”.

“Rusiya sülhmərəmlılarının bölgədəki varlığı fonunda, yaranan mövcud konflikt, atəşkəsin pozulması halları Ermənistan siyasi rəhbərliyini və Qarabağdakı erməniləri bir qədər cəsarətləndirir. Qarabağdakı ermənilər görürlər ki, onların fiziki təhlükəsizlikləri Rusiya sülhməramlıları tərəfindən təmin edilir. Onlar da bunun əsasında bölgədə istədikləri kimi davrana bilirlər. Qeyri-qanuni birləşmələrin yeni mövqelərinin hazırlanması, atəşkəsin pozulması, mina basdırılması kimi bütün hərbi fəaliyyətləri icra edə bilirlər. Düşünürlər ki, Azərbaycan hər hansı bir tədbir görmək istəsə, Rusiya sülhməramlıları bufer zona olaraq onları müdafiə edəcək. Qarabağda baş verən bu kimi hadisələrin digər bir səbəbi də Rusiya sülhməramlılarının fəaliyyətsizliyi ilə bağlıdır”,-deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, hazırda bütün siyasi dialoqlar dalana dirənib: “Böhran pik həddədir. Siyasi dialoqlar masada sonlanmayanda, silahlar danışır. İndi biz Qarabağda bunu müşahidə edirik. Azərbaycanın iki variantı var.

Birinci variant belədir ki, gözləntilərimiz üzərinə həm Ermənistan, həm Qarabağdakı ermənilər Azərbaycanın istəklərini qəbul etsinlər və bizim ərazidəki ermənilər qanunlarımızla yaşasınlar.

İkinci variant isə bu kimi münaqişənin, atəşkəsin pozulması hallarının lokal əməliyyatlara çevrilməsidir. Yəni, anti-terror əməliyyatıdır. Bu yolla Qarabağdakı bütün qeyri-qanuni birləşmələr, əli silahlı hər kəs silahsızlaşdırılacaq və ya məhv edilərək bölgədən çıxarılacaq”.

Ekspert hesab edir ki, 2023-cü ilin sonlarına qədər Azərbaycan yekun anti-terror əməliyyatı keçirməklə, öz siyasi istəklərini reallaşdıracaq: “Bölgədəki qeyri-qanuni hərbi birləşmələrin fəaliyyəti sonlandırılsa, inteqrasiya prosesi daha rahat həyata keçirilə bilər. Bu ərazilərdə əli silahlı şəxslər və Rusiya sülhməramlılarının ermənipərəst mövqeyi olduğu müddətcə, Azərbaycanın sülh təkliflərinin reallaşması o qədər də asan olmayacaq.

Ermənistanın iki seçimi var – ya inteqrasiya, ya da anti-terror əməliyyatı. Ermənilər öz fəaliyyətləri, Rusiya sülmərəmlıları isə öz fəaliyyətsziliyi ilə bu əməliyyatın vaxtını müəyyənləşdirəcəklər. Düşünürəm ki, qarşı tərəf hər an anti-terror əməliyyatına hazır olmalıdır. Çünki öz hərəkətləri ilə bizə başqa yol buraxmırlar”.

 

 






Fikirlər