Erməni terroruna görə Rusiya cavabdehdir: Rus sülhməramlılar bölgədən çıxarıla bilər

Rusiya öz prezidentinin də imza atdığı üçtərəfli anlaşmalara qətiyyən riayət etmir, əksinə, həmin sənədlərin tələblərini həm özü pozur, həm də Ermənistana bunun üçün geniş imkanlar açır; Ona görə də, Kreml Rusiyanın mandatı hələ təsdiqlənməmiş sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədən çıxarılması ilə bağlı tezliklə başlaya biləcək müzakirələrə də indidən hazır olmalıdır...

Ermənistanın hərbi-siyasi təxribatları davam edir. Rəsmi İrəvan Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Və regional situasiyanın mümkün qədər gərginləşdirilməsinə cəhd göstərir.

Təbii ki, Ermənistanın törətdiyi təxribatların istənilən halda, hərbi-siyasi nəticələri mütləq olmalıdır. Əks halda, rəsmi İrəvan daha da azğınlaşa bilər. Və bu halda, Cənubi Qafqazı terror və xaos məkanına çevrilmək təhlükəsindən yayındırmaq çox çətin olar.

Məsələ ondadır ki, rəsmi İrəvanın bütün təxribatları ardıcıl və planlı xarakter daşımaqla yanaşı, vahid mərkəzdən idarə olunur. Hər halda, son hadisələr də bunu təsdiqləyir. Bütün təxribatların Ermənistanda bu işlə məşğul olan vahid terror və diversiya mərkəzindən idarə edildiyi artıq qətiyyən şübhə doğurmur. Və bu məsələdə Rusiyanın davranışları da müəyyən mənada, müəmmalı xarakter daşıyır.

1397610.jpg (31 KB)

Əvvəlcə Ermənistan müdafiə nazirini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisinə göndərdilər. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması xarakteri daşıyan bu səfər zamanı erməni nazir Xankəndi və ətraf bölgədə rus sülhməramlıların arxasında gizlənən qeyri-qanuni silahlı terror-diversiya təlimatlar verdi. Rusiya sülhməramlı qüvvələri isə hər hansı müdaxilə etmədi. Yəni, öz missiyalarını növbəti dəfə yerinə yetirmədilər.

Ardınca rus sülhməramlıların gözləri qarşısında erməni terrorçu Azərbaycan əsgərlərinin blok-postuna əl qumbarası atdı. Rusiya sülhməramlıları erməni terrorçunu həbs etdilər. Ancaq onu Azərbaycan tərəfinə təhvil verməli olduqları halda, buna zidd davrandılar. Yəni, erməni terrorçunu onu diversiya aktını törətməyə göndərənlərə təhvil verdilər.

Bütün bunlardan çox ciddi nəticələr çıxarmaq üçün əsaslar var. Belə ki, rəsmi İrəvan Ermənistanın terroru dövlət siyasətinə çevirdiyini inkar edə bilməyəcək. Çünki Azərbaycan blok-postuna əl qumbarası atan erməni terrorçu - 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Ermənistan Respublikasının vətəndaşıdır. Rəsmi İrəvan əvvəlcə Ermənistan vətəndaşının Azərbaycan ərazisində nə işi olduğuna cavab verməli olacaq.

Digər tərəfdən, erməni terrorçunun Ermənistan ordusunun hərbi qulluqçusu olduğu da təkzibolunmaz faktlar ilə sübut olunub. Bu məqama isə Ermənistan ilə yanaşı, rus sülhməramlılar da aydınlıq gətirməlidir. Kreml təmsilçilərinin hər imkanda Rusiyanın böyük nailiyyəti kimi qabardığı üçtərəfli anlaşmalara görə, Xankəndi və ətraf bölgədə olan Ermənistan ordusunun tör-töküntüləri ərazidən artıq çoxdan çıxarılmalıydılar.

nocomment_04202b40f74dad4b1a2b03217b9d4391_74xriulg3s8np02vta9q-e1610387806582.jpg (89 KB)

Deməli, həm Ermənistan, həm də Rusiya üçtərəfli anlaşmaları yerinə yetirməyib. Ermənistan öz darmadağın edilmiş ordusunun qalıqlarını Azərbaycan ərazisindən bu bir il ərzində çıxartmayıb. Digər tərəfdən, bu prosesi təmin etməli ola rus sülhməramlılar da erməni quldur dəstələrini tərksilah etməyib, onların bölgədə qalmasına yumşaq desək, göz yumub. Və belə olduğu təqdirdə, rus sülhməramlıların bölgədə qalmasına ehtiyac da aradan qalxmış olur.

Çünki rus sülhməramlılar bölgəyə Laçın dəhlizi üzərindən girən erməni naziri görə bilmirlər. Eyni zamanda silahlı erməni quldur dəstələrini də ərazidən çıxartmırlar. Nəticədə həmin quldur dəstələrini təmsil edən erməni terrorçu Azərbaycan əsgərlərinə əl qumbarası atır. Bu azmış kimi, rus sülhməramlılar erməni terrorçunu Azərbaycana deyil, qarşı tərəfə təhvil verir.

Bütün bunlar baş verdiyi halda, Rusiya hələ də Xankəndi və ətraf bölgədə sülhməramlı missiyanı yerinə yetirməsindən danışır. Görəsən, Kreml kimi aldatmağa çalışır? Erməni terrorçunun həbs edlərkən, heç nədən narahat olmadığını sezdirməsi törədilən diversiyadan rus sülhməramlıların əvvəlcədən məlumatlı ola biləcəyindən şübhələnməyə əsas vermirmi? Erməni terrorçu cinayəti törətdikdən dərhal sonra nədən yaxınlıqdakı rus hərbçilərə tərəf qaçır? Ona rus sülhməramlılar hansısa təhlükəsizlik və ya öz terror dəstəsinə geri qaytarılacağına təminat vermişdimi?

Göründüyü kimi, hələlik cavabı olmayan suallar kifayət qədərdir. Kreml mütləq bu suallara inandırıcı cavablar tapmağa çalışmalıdır. Əks halda, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların missiyası istər-istəməz ciddi şübhələr doğuracaq. Və bu şübhələr qaldıqca Rusiyanın regiondakı maraqlarına qarşı da müəyyən problemlər yaranmağa başlayacaq.

ermeni-terrorcu-dasalti.jpg (30 KB)

Ancaq ümid edək ki, Kreml yuxarıdakı suallara cavab axtarmaq niyyətinə düşərsə, öz arqumentlərinin sırasına Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin güclənməsini daxil etməyə çalışmayacaq. Heç erməni terror təşkilatı "Sasna Tsrer"in Vahagn Avagyanın Rusiyanı hədələməsini də səbəb göstərmək lazım deyil. Hər halda, heç kim Kremlin bir terror təşkilatının "Rusiya Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq” hədəsi qarşısında qorxub, aciz duruma düşdüyünə inanmaz. Ona görə də Kreml Rusiyanın regionda korlanmış imicini təmizləmək üçün daha real arqumentlərə üstünlük verməlidir.

Kreml onu da nəzərə almalıdır ki, rus sülhməramlıların davranışları və dolayısı ilə erməni terrorçuların himayədarları rolunda görünmələri cinayətkarları daha da cəsarətləndirir. Buna əmin olmaq üçün "Ermənistan milli qvardiyası" terror təşkilatının rəhbəri Arşak Zakaryanın açıqlamasına diqqət etmək yetərlidir: "Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək. Norayr Mirzoyan bizim mübarizə liderimizdir və onu tək qoymamaq hamımızın borcudur. Türklərə qarşı mübarizəmiz hər zaman və hər yerdə davam edəcək".

Birmənalı şəkildə iddia etmək olar ki, Rusiya öz prezidentinin də imza atdığı üçtərəfli anlaşmalara qətiyyən riayət etmir. Əksinə, həmin sənədlərin tələblərini həm özü pozur, həm də Ermənistana bunun üçün geniş imkanlar açır. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin və rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu bölgədə erməni terrorçuların törətdiyi təxribatlar barədə yaydığı məlumatlar da təsdiqləyir.

2021-02-01-13-44-39Zov5VnigM4zzeLtOpEhr_file.jpg (40 KB)

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadığı halda, müxtəlif istiqamətlər üzrə atəşə tutub. Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərinə müxtəlif çaplı silahlardan istifadə etməklə, fasilələrlə intensiv atəş açıblar.

Bu, o deməkdir ki, əgər, Rusiya üçtərəfli anlaşmalara riayət etsəydi, bölgədəki qeyri-qanuni silahlı erməni terror dəstələri həmin ərazidə olmayacaqdı. Yəni, bu silahı quldurlar da Azərbaycan ordusunun mövqelərini atəşə tutan bilməyəcəkdi. Və bu hərbi cinayətlərə görə isə kimsə mütləq məsuliyyət daşımalıdır.

İndiki halda, bölgədə baş verən bütün hərbi cinayətlərə və törədilən terror-diversiya hadisələrə görə məsuliyyət məhz rus sülhməramlıların üzərinə düşür. Ona görə də, Kreml məsuliyyətdən yayınmağa cəhd göstərmək əvəzinə öz öhdəliklərini yerinə yetirməlidir. Əks halda, Rusiya mandatı hələ təsdiqlənməmiş sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədən çıxarılması ilə bağlı tezliklə başlaya biləcək müzakirələrə də indidən hazır olmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"  






Fikirlər