Ermənilər Şuşaya da atəş açır - II "Qisas" əməliyyatı hər an başlaya bilər!

Azərbaycan məcburdur öz ərazisindəki terrorçuları, qanunsuz silahlı qrupları zərərsizləşdirmək və suverenliyini bərpa etmək üçün əməliyyat keçirsin”

“Erməni xəstəliyi” sağalmazdır. 2020-ci ilin Vətən Müharibəsi zamanı verilən dərsdən sonra ermənilər bir müddət özlərini yazıq kimi göstərdilər, Azərbaycanla anlaşmaqdan başqa çıxış yolu olmadığı haqda fikirlər səsləndirdilər. Amma bir müddət sonra yenidən azğınlaşmağa və xainliklərini davam etdirməyə başladılar.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində dəfələrlə lokal təxribatlar törətməyə çalışdılar və hər dəfə layiqli cavablarını aldılar. Sonuncu dəfə 2022-ci ilin 12-14 sentyabrında da başlarına dəmir yumruq bir daha dəydi. Bundan sonra sülh müqaviləsi haqda daha daha çox danımağa başladılar. Lakin yenidən Fransadakı və Rusiyadakı havadarları, onları “dəhmərlədilər”, qısqırtdılar və nəticə bundan ibarətdir ki, indi yalvarış səslərini yenidən atəş səsləri ilə əvəz etməyə başlayıblar.

Belə ki, noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Həmçinin noyabrın 22-si saat 22:15-dən 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bu arada Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-G” tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Sarıbaba yüksəkliyində aşkar edilmiş minalar barədə Rusiya sülhməramlıları komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Ermənilər bu şəkildə azğınlaşıbsa və sülhməramlılar da onlara göz yumur, tədbir görmürsə, deməli, Azərbaycanın antiterror əməliyyatlarına başlaması artıq an məsələsidir. Qeyd edək ki, noyabrın 8-də Prezident İlham Əliyev Şuşadan sərt şəkildə bəyan etmişdi ki, erməni silahlı birləşmələrinin təxribatlarına və onların Azərbaycan ərazilərində qalmasına qarşı tədbir görülməzsə, Azərbaycan adekvat tədbirlər görmək iqtidarındadır.

Beləliklə, ermənilər faktiki olaraq özlərinə qəbir qazır və antiterror əməliyyatlarını haqq edirlər. Artıq Azərbaycan ekspertləri II "Qisas" əməliyyatı barədə danışır, onun yaxın günlərdə başlayacağına dair proqnoz verirlər.  

ABŞ və Rusiyaya Cənubi Qafqazda sülh, yoxsa konflikt lazımdır - rəylər

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar ermənilər tərəfindən atəşkəsin sistemli olaraq pozulmasının bir neçə səbəbləri var. Birincisi qlobal səbəblərdir, ikincisi daxili regional səbəblərdir. Qlobal səbəblərdən biri odur ki, artıq Ermənistan və Azərbaycan arasında gedən danışıqlar prosesində hər iki qütbə aid olan vasitəçilər arasında rəqabət həddən artıq güclənib: “Burada Rusiya vasitəçliyini itirmək istəmir və əlindən gələni edir ki, tərəflərə təsir imkanlarını artırsın. Sonuncu Soçi görüşündə razılığın əldə olunmaması onun göstəricisi idi ki, münasibətlər hələ də gərgin qalır. Eyni zamanda qütblərdən biri olan ABŞ-ın aktivləşməsi, dövlət katibinin ard-arda telefon zəngləri , xarici işlər nazirləri ilə əlaqələr və digər addımlar onu göstərir ki, aktiv rəqabət yeni fazaya qədəm qoyur. Hər iki tərəf çalışır ki, danışıqlarda tək vasitəçi olsun və danışıqlarla bağlı əldə olunan uğurları öz adına yazsın. Atəşkəsin son vaxtlar intensiv pozulmasında bax bu rəqabətin rolu var.

Regional baxımdan məsələyə yanaşdıqda isə, bilirsiniz ki, İrəvanda KTMT-nin zirvə görüşü keçirilir. Rusiya Prezidenti Vladimir Putin bunun üçün Ermənistana gedib. Ermənistanda KTMT-yə qarşı təbliğat gedir, hətta KTMT-yə, Rusiyaya qarşı mitinqlər də keçirilir. Mən hesab edirəm ki, atəşkəsin yeni bir coğrafiyada pozulması məhz KTMT-nin iclası ilə bağlıdır. Ermənistanın məqsədi ondan ibarətdir ki, KTMT-ni həm daxildə ona qarşı aksiyalar keçirməklə, həm də sərhəddə yeni gərginlik yaratmaqla şantaj edib Ermənistanı dəstəkləyən addımlar atılmasına nail olsunlar. KTMT-ni çıxılmaz vəziyyətdə qoyub Azərbaycana qarşı qərarlar qəbul etməyə vadar eləmək istəyirlər".

Ermənistanın bu addımlarına Azərbaycanın mövqeyinin necə olacağına gəlincə, politoloq dedi ki, Azərbaycan ermənilərin hər bir atəşkəs pozmasına adekvat cavab verir. Hələ ki böyük miqyaslı cavab əməliyyatına əl atmır, lakin bu o demək deyil ki, belə davam edəcək: “Rusiya Qarabağdakı erməniləri yenə qızışdırmaqla məşğuldur. Qarabağ istiqamətində ermənilərin son günlər hücumlar etməsi, aktivləşməsi isə bununla bağlıdır. Separatçı ermənilər növbəti dəfə böyük səhvə yol verirlər-ruslara ümid edib özlərinin məhvinə doğru addımlar atırlar. Antiterror əməliyyatının labüdlüyünü artıq hamı görür. İstər Azərbaycan cəmiyyəti, istər beynəlxalq aləm də bunu artıq hiss edir, qaçılmaz olduğuna şübhə etmir. 10 noyabr üçtərəfli bəyanatının konkret bəndlərində nəzərdə tutulan öhdəlikləri Ermənistan və Rusiya sülhməramlıları yerinə yetirmirlər. Azərbaycan ərazisində erməni silahlı qüvvələri hələ də qalır və qalmaları ilə kifayətlənmirlər, Azərbaycan Ordusunun bölmələri, postları onlar tərəfindən atəşə məruz qalır. Artıq o qədər arxayınlaşıblar və harınlayıblar ki, Şuşa istiqamətində də atəşkəsi pozurlar. Bütün bu amillər Azərbaycanın öz ərazisində antiterror əməliyyatı keçirməsini labüd edir. Azərbaycan məcburdur ki, öz ərazisindəki terrorçuları, qanunsuz silahlı qrupları zərərsizləşdirmək və suverenliyini bərpa etmək üçün əməliyyat keçirsin. Əsas məsələ bu addımın dəqiq nə zaman atılmasıdır. Bunun üçün tam uyğun zaman seçilməlidir və seçiləcək. Onu da deyim ki, bu zaman heç də uzaqda deyil”.

Bəs II "Qisas" əməliyyatı olarsa, Avropa təsisatlarının Azərbaycana qarşı reaksiyası nə olar?

Murad Sadəddinov qeyd etdi ki, Avropa təsisatlarının bir çoxu əməliyyatların əleyhinə olacaqlar, hay-küy salacaqlar, Azərbaycanı ittiham edəcəklər, hədələyəcəklər: "Amma Azərbaycan bu məsələlərin qarşısını almaq və minimuma endirmək üçün addımlar atır, dünyanı indidən diplomatik kanallarla məlumatlandırır. Hansısa Avropa təsisatı razı qalmayacaq deyə, Azərbaycan öz ərazilərində suverenliyinin pozulmasına, qanunsuz silahlı dəstələrin qalmasın uzun müddət dözəsi deyil. Azərbaycan tərəfi heç nəyə baxmayaraq, heç kimin haqsız, ədalətsiz mövqeyini nəzərə almayaraq ona beynəlxalq hüququn və konstitusiyasının verdiyi hüquqdan istifadə edəcək, antiterror əməliyyatını həyata keçirəcək. Bunun üçün Azərbaycanın kimdənsə icazə alması heç bir beynəlxalq qanunda, heç bir konvensiyada nəzərdə tutulmayıb”.






Fikirlər