“Guya Rusiya tam zəifləsə, dünya siyasətinin Azərbaycana qarşı səhnəsi boş qalacaq?..”

“Guya Rusiya tam zəifləsə, dünya siyasətinin Azərbaycana qarşı səhnəsi boş qalacaq?..”

Biz Qarabağdakı mübarizəmizlə bağlı beynəlxalq hüquqa və ənənəyə uyğun fikirlər söyləməli və işlər görməliyik...”

Bəzi siyasi analitiklər iddia edir ki, 2023-cü ilin mart-aprel aylarında Ukraynanın Rusiya işğalçılarına qarşı genişmiqyaslı uğurlu əməliyyatlar aparacağı təqdirdə Azərbaycan üçün  də bir fürsət pəncərəsi açıla bilər. Və həmin məqamda Azərbaycan qısamüddətli hərbi-siyasi əməliyyatla Qarabağın qalan hissəsi üzərində də yurisdiksiyasını bərpa edər... Bəs görəsən, Azərbaycanın sabiq baş diplomatı bu haqda nə düşünür?..
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında mövzu  ilə bağlı bunları söyləyib. 
 
“Doğrudur, dünyada, o cümlədən Ukraynadakı proseslərdən asılı olaraq  Azərbaycan üçün belə bir fürsət məqamı yetişə bilər. Amma mən yenə də o fikirdəyəm ki,  hər hansı bir addım atmamışdan öncə, əvvəlki söhbətimizdə dediyimiz kimi, biz Qarabağda yaşayan erməniləri 3 qrupa bölməliyik. Bizim qanunları qəbul etməyən və müqavimət göstərən hər bir halda terrorçu kimi dəyərləndirilməlidir. Əgər Qarabağda belələri yenə də baş qaldıracaqsa, biz onlara qarşı güc tətbiq etməliyik. Bu, eyni zamanda birinci və ikinci qism ermənilərin(Azərbaycan vətəndaşı kimi Qarabağda qalmaq istəyən və bunu qəbul etməyib Ermənistana köçmək  istəyənlər-S.L.) də hüquqlarını qorumaq üçün edilməlidir. Ümumiyyətlə, biz öz məqsədlərimizi siyasi-diplomatik baxımdan düzgün göstərməli və təbliğ etməliyik. Bizim Qarabağda nəzarətimiz müəyyən mənada var. Söhbət ondan gedir ki, oradakı ermənilər bunu necə qəbul edir və buna qarşı mübarizə edənlər hansı formada mübarizə aparırlar. Kimlərsə qanunlara uyğun mitinq təşkil edirsə, çıxış edirsə, qəzetdə, saytda məqalə yazırsa, bu, başqa məsələdir. Bu, demokratiya təzahürləridir. Amma əlinə silah götürüb ölkəmizin ərazi bütövlüyünə qarşı çıxırsa, ordumuzun, polisimizin, dinc vətəndaşlarımızın üzərinə gedirsə, bu, artıq terrorçuluqdur. Yəni bir sıra dünya ölkələrində, xüsusən də Türkiyədə olduğu kimi... Türkiyə kürdlərə qarşı mübarizə aparmır ki - konkret adları olan terrorçu təşkilatlara qarşı savaşır, onların terrorçu üzvlərini zərərsizləşdirir... 
 
Bu baxımdan biz Qarabağdakı mübarizəmizlə bağlı beynəlxalq hüquqa və ənənəyə uyğun fikirlər söyləməli və işlər görməliyik. Məsələn, hazırda  Laçın yolunda haqlı tələblərlə çıxış edən eko-fəalların aksiyasına qarşı beynəlxalq səviyyədə tənqidi fikir söylənilməsi çətindir. Və yaxud öncə dediyimiz təklifləri, misal üçün Qarabağda qalmaq istəyən ermənilərin mülkünün onlayn qeydiyyata alınması və ya getmək istəyənlərin mülklərinin onlayn satışının təşkil olunması da beynəlxalq hüquqa, bəşəri dəyərlərə tam uyğun olduğundan heç kəs buna qara yaxa bilməz.  Amma 3 aydan sonra  Xankəndinə, yaxud Ağdərəyə tankla girəcəyimizi açıq şəkildə bəyan etmək doğru deyil. Bəlkə də Qarabağdakı terrorçulara qarşı hərbi güc tətbiq etmək lazım gələcək. Ancaq biz bunu düzgün məqamda və yalnız bizə silahlı müqavimət göstərənlərə qarşı etməliyik”.
 
“Sözsüz ki, bütün hallarda Rusiya bizim Qarabağla bağlı planlarımızın uğurla başa çatmasına mane olacaq” fikrinə isə politoloq belə münasibət bildirib:
 
“Yalnız Rusiya yox, İran da, Qərbin böyük bir hissəsi də mane olacaq. Hələ Hindistan da... Bilirsiz, təəssüf ki, çoxlarına Azərbaycanın zəif olması lazımdır.  Kimsə hesab etməsin ki, sabah Rusiya tam zəiflədisə, beynəlxalq siyasətin Azərbaycana qarşı yönəlmiş səhnəsi boş qalacaq. Yox... Baxın, görün o səhnənin nə qədər fəallıq göstərən ssenaristləri, aktyorları var... Odur ki, biz atılacaq addımlarımızı necə təqdim etməyimizə maksimum diqqət etməliyik. Biz daim onun nəzərə almalıyıq ki, bizi eşidən yalnız özümüz deyilik. Bizi  ilk növbədə düşmənlər eşidir və  addım və şüarlarımızı hədəf alırlar. Ona görə də onları elə təqdim etməliyik ki, bizə qarşı tənqid və müqavimət az olsun... Kiminsə hansısa xal qazanmaq xatirinə Qarabağla bağlı addımlarımızı populist və radikal şəkildə təqdim etməsi Azərbaycana yalnız ziyan gətirir...
Sultan Laçın
 

 

 






Fikirlər