“Nə qədər ki, ermənilər təkrar özlərinə gəlib möhkəmlənməyiblər, Qarabağda və Ermənistanla sərhəddəki əsas məsələləri qısa müddətdə həll etməliyik...”
Tarixdən bilirik ki, I Dünya savaşından sonra həm hərbi-siyasi, həm də iqtisadi baxımdan bərbad durumda olan Rusiyada inqilab etməyə nail olan Lenin və bolşeviklər ölkədə kütləvi yoxsulluq, aclıq hökm sürməsinə, hətta milyonların ölümü ilə nəticələnən vətəndaş savaşına rəğmən bütün imperiya ərazisində öz ideyalarını həyata keçirməyə başladılar və sonda "Sovet Sosialist Respublikalarıİttifaqı" adlı yeni “qırmızı” imperiya qurmağa nail oldular. Və məlumdur ki, həmin bərbad, ordusu dağılıb-tökülən, əhalisi acından ölən Rusiya 1920-ci ilin aprelində yalnız Azərbaycanın üzərinə 100 minlik ordu ilə gəldi... Bəs hazırda beynəlxalq ictimaiyyətin ABŞ və NATO ölkələrinin təpkilərinə rəğmən imperialist iştahası artanda heç bir sazişə, bəyannaməyə, müqaviləyə məhəl qoymayan Rusiya Ukraynanın işğalında müvəqqəti də olsa, müəyyən uğurlar qazanacağı halda keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan hansı tədbirləri görməlidir?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov aşağıdakı fikirləri ifadə edib:
“Bilirsiz, bunlar tarixdə olan olaylardır... Amma biz onlardan “nümunə” götürərək bu gün də Rusiyaya təslim olmalı deyilik ki?.. Əksinə, bir daha əsarətə düşmək təhlükəsini hiss edən bütün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan dövləti, Azərbaycan xalqı bunları nəzərə alaraq qabaqlayıcı tədbirlər görməlidir. Digərləri kimi biz də Ukraynaya mümkün, lazımi köməkləri daha çox etməliyik ki, Rusiyanın işğalçı ordusu orada tamamilə məhv edilsin. Və bununla da artıq növbəti işğalçı iddialar irəli sürməyə gücləri qalmasın...
“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində baş verənlər fonunda Azərbaycanın Qarabağda və Ermənistanla sərhəddəki yarımçıq qalan problemlərinin həllini necə görürsüz?” sualına isə partiya lideri belə cavab verib:
“Qarabağda və Ermənistanla sərhəddəki qalan problemlərimizin həlli üçün kifayət qədər imkanlar var. Və nə qədər ki, ermənilər təkrar özlərinə gəlib möhkəmlənməyiblər, əsas məsələləri qısa müddətdə həll etməliyik...
Onu da nəzərə almaq lazımdır ki, Kremlin hazırda Qafqazda nəsə ciddi işlər görməyə imkanı yoxdur. Odur ki, dövlətimiz və ordumuz mümkün olan hər şeyi etməlidir. Və təbii ki, ilk növbədə Ermənistan sülhə məcbur edilməli və bizim şərtlərlə sülh müqaviləsini imzalamalıdır. Sülh müqaviləsi imzalanandan və rəsmiləşəndən sonra artıq Ermənistan Qarabağa rəsmi şəkildə müdaxilə edə bilməyəcək. Çünki oradakı problemlər tam şəkildə Azərbaycanın daxili probleminə çevriləcək”.
"Bəs son 30 ildən çox dövrdə daim Azərbaycana ikili standartlarla yanaşmış, bu gün də Qarabağdakı ermənilərə “status” mövzusunu mütəmadi gündəmə gətirən Qərb - ABŞ, Avropanın deyilən işlərimizə ciddi maneələr törətməsi mümkündürmü?"
Həmsöhbətimiz bu sualı da cavablandırıb,
"İstər Amerika, istərsə də Avropa öz maraqları naminə bütün dünya ölkələrinə qarşı daim ikili standartlar tətbiq ediblər və etməkdə davam edəcəklər. Biilirsiz, hər şey gücə bağlıdır. Gücümüz varsa, biz Qarabağdakı problemlərimizi tam həll etməyə qadir olacağıqsa, onlar bu situasiya ilə barışmalı olacaqlar. Gücümüz yoxdursa, Amerika, ya Avropaya xahiş-minnətlə biz heç nəyin həllinə nail ola bilməyəcəyik"- deyə Etibar Məmmədov vurğulayıb.
Sultan Laçın