17.07.2014- Azərbaycan müharibəyə başlamalıdır - Bəyanat
Bəyanatda deyilir ki, işğalçı Ermənistan rejimi cəzasızlıq şəraitində daha da vəhşiləşərək heç bir zorakı addımdan çəkinmir: "Bu məcburi köçkünlər öz ata-baba yurdlarına getmək, doğma yerlərini ziyarət etmək istəyiblər. Əvəzində isə işğalçı rejim onlara "diversant” adı qoyaraq divan tutub, Cəbrayıldan olan məcburi köçkün Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, kəlbəcərlilər isə girov götürülüb, onlardan Şahbaz Quliyevin gözləri çıxarılıb, digər amansız işgəncələr verilib”.
QAT hesab edir ki, ATƏT-in Minsk Qrupu işğalçı Ermənistan rejiminin bu hərəkətlərinə dərhal reaksiya verməli, hadisənin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmasına, Ermənistanın ittiham edilməsinə və cəzalandırılmasına nail olmalıdır: "Biz Beynəlxalq Qırmızı Xaç Komitəsini fəaliyyətsizlikdə ittiham edirik. Bu qədər vaxt keçməsinə baxmayaraq, bu qurumun nümayəndələri heç bir real addım atmayıb, girov götürülmüş adamlara baş çəkməyib. Hesab edirik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal həmin girovlara baş çəkməli, onların və vəhşicəsinə öldürülmüş azərbaycanlının meyitinin geri qaytarılması üçün təsirli addımlar atmalıdır. Biz həmçinin hesab edirik ki, işğalçı Ermənistan rejimi ilə, bu vəhşi və quldur rejimlə danışıqların davam etdirilməsinin mənası yoxdur. Azərbaycan danışıqları dayandırmalı, hərbi əməliyyatlara başlamalıdır. Bu hadisə, eləcə də cəbhə xəttində baş verən digər hadisələr Azərbaycan tərəfinə tam əsas verir ki, hərbi əməliyyatlara başlasın. Bu ağrılı, əzablı, üzücü vəziyyətə son qoymaq üçün ancaq bir yol var, o da müharibədir. Bizim başqa yolumuz yoxdur”.