Ukraynada separatizmə zərbə, Azərbaycanda dəstək - Qərbin ikili oyunu

Rusiya-Ukrayna müharibəsində müxtəlif aspektlər var: geosiyasi toqquşmanın nəticələri, dünyanın yenidən nüfuz dairələrinə bölüşdürülməsi və s. Hazırda Ukraynada yaşananlar bu aspektləri bir kənara qoymağa vadar edir, çünki ortada bir ölkənin suveren sərhədlərinə müdaxilə, beynəlxalq hüququn pozulması halı var. Və kollektiv Qərbin buna qarşı reaksiyası da olduqca haqlı görünür:

1. Ukrayna ərazisindəki separatçılara qarşı sanksiyalar tətbiq edilir;
2. Hücum edən tərəfə - Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar irəli sürülür;
3. Bütün beynəlxalq birlik Rusiyaya qarşı cəbhədə birləşərək, Ukraynanın ərazi bütövlüyünün bərpasına çalışır;

Haqlıdırlar da, çünki mövcud dünya nizamının əsasını təşkil edən beynəlxalq hüquq sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipini əsas tutur. Heç bir ölkə başqa bir ölkənin suveren torpaqlarına müdaxilə edə bilməz. Qərb buna qarşı tətbiq etdiyi sanksiyalarda da sona qədər haqlıdır.

2008-ci ildə Rusiyanın Gürcüstana hücumu zamanı da Qərb eyni yanaşmanı sərgilədi və genişiqyaslı sanksiyalar paketini tətbiq etdi. Gürcüstan torpaqlarında yaradılan separat rejimlərə qarşı da barışmaz mövqe tutdular. Eyni mövqe indi haqlı olaraq Ukrayna məsələsində sərgilənir və bu məsələdə bəlkə də ən çox sevinən, bu mövqeyi dəstəkləyən Azərbaycandır. Çünki biz 30 il işğaldan əziyyət çəkmişik, 30 il ərzində beynəlxalq hüququn təmin edilməsinə çalışmışıq, 30 il sonra beynəlxalq hüquq özümüz təmin etmişik və bu gün Ukraynada beynəlxalq hüququn prinsiplərinin kütləvi şəkildə müdafiə edilməsini dəstəkləyirik.

Dəstəkləyirik, həm də sual veririk:

- Gürcüstan və Ukrayna məsələsində separatçıya, eləcə də hücum edən tərəfə sanksiyalar tətbiq edən, beynəlxalq hüququn qorunması mövqeyindən çıxış edən Qərb niyə Azərbaycan torpaqları işğal altında olarkən, bu mövqebni sərgiləmədi?

- 30 il ərzində nə işğalçı Ermənistana, nə bu ölkənin hansısa məmuruna qarşı niyə sanksiya tətbiq edilmədi?
- Ermənistan hakimiyyətinin XX əsrin ən böyük soyqırımı aktını törədən təmsilçilərinə qarşı niyə heç bir embarqo qoyulmadı?
- Azərbaycan torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı rejimlərə qarşı hansısa məhdudiyyət qoyuldumu?

Azərbaycan xalqı və dövləti beynəlxalq hüququn yanındadır və bu gün Ukraynada baş verənlərin ərazi bütövlüyü prinsipinin pozulması olduğu mövqeyindən çıxış edirik. Amma xalq və dövlət olaraq bu sualları vermək, cavab tələb etmək haqqımız var.

Azərbaycan torpaqlarını işğal edən Ermənistana işğalın davam etdiyi 30 ilə yaxın müddətdə nəinki hansısa sanksiya tətbiq edilmədi, ümumiyyətlə, ciddi irad belə bildirilmədi. İşğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi belə qoyulmadı. Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də, sanksiya işğala məruz qalan Azərbaycana tətbiq edildi. 907-ci düzəliş bunun bariz nümunəsidir və bu embarqo bu gün aktiv olmasa belə, hələ də ləğv olunmayıb. Qarabağda Ermənistanın yaratdığı qondarma “artsax”ın “nümayəndələri” qeyri-rəsmi şəkildə olsa belə Avropa paytaxtlarında ən yüksək səviyyədə qəbul olundu, Konqresdə çıxış etmək imkanı yaradıldı. Hər il ABŞ-dan təkcə Ermənistana yox, həm də Azərbaycanın suveren torpaqlarında yaradılmış separatçı rejimə maliyyə yardımı ayrılırdı. 44 günlük Vətən müharibəsində Azərbaycan öz suveren torpaqlarını azad etməklə, beynəlxalq hüququn prinsiplərini də özü bərpa etdi. Lakin müharibə zamanı kollektiv Qərb beynəlxalq hüququn yox, işğalçı Ermənistanın yanında yer aldı. Azərbaycana qarşı informasiya cəbhəsinin aparıcısı da elə Qərb idi. Müharibə başa çatıb, lakin yenə də Azərbaycan torpaqlarında qalan separatçılara Qərbdən bu və ya digər formada dəstək verilir, separatçılar qeyri-rəsmi şəkildə olsa da Avropa paytaxtlarına maneəsiz səfər edir, yüksək səviyyələrdə qəbul olunur.

Və bizim xalq olaraq soruşmaq haqqımız var:

- Gürcüstanda, Ukraynada pozulan beynəlxalq hüquqdursa, bəs Azərbaycan torpaqlarının işğalı ilə 30 il tapdanan nə idi?
- Bu gün Ukraynada müharibənin başlanma səbəbi olan qondarma “respublikalar” separatizmdirsə, Qarabağda 30 il saxlanılan və hələ də tam ləğv olunmayan qondarma rejim nədir?
- Gürcüstan və Ukraynada separatizmə qarşı çıxdıqları halda “arsax” adlandırılan separatçı-terrorçuları yüksək səviyyədə qəbul edirlər?


Bu qədər açıq və əyani şəkildə ikili yanaşma var. 30 illik işğal dövründə bu sualların heç birinə cavab verməyən Qərb bundan sonra da səssiz qalacaq. Çünki siyasi maraqları bunu tələb edir. Və bütün bunlar fonunda bu gün Qərbin məqsədinin Ukraynanın ərazi bütövlüyünün bərpası yox, Rusiyaya qarşı mübarizə olduğunu asanlıqla deyə bilərik. Geosiyasi proseslər göstərir ki, Qərb Rusiya ilə mübarizə üçün Ukraynanı poliqona çevirdi. Bu müharibədə haqlı olan Ukraynanı dəstəkləyirik və beynəlxalq hüququn təmin edilməsini istəyirik. Lakin kollektiv Qərbin 30 il ərzində Azərbaycana qarşı sərgilədiyi və hələ də davam edən ədalətsiz mövqeyini də unutmuruq. 






Fikirlər