Qərb Ukraynanı Rusiya ilə təkbətək qoydu – böyük oyunun ACI SONU...
Fevralın 21-də Rusiyanın Ukraynanın Donetsk (DNR) və Luqansk (LNR) separatçı ərazi vahidlərini tanıması 14 il əvvəl Gürcüstanda baş verənlərə bənzəyir. O zaman Gürcüstanın Qərbə inteqrasiya və NATO-ya üzvlük siyasəti Moskva tərəfindən sərt şəkildə cəzalandırıldı. Müharibə baş verdi, Cənubi Osetiya və Abxaziya qondarma qurumları Rusiya tərəfindən tanındı, üstəlik hücuma keçən Rusiya ordusu Gürcüstanın bir hissəsini işğal edərək hərbi gücünün bir qismini məhv etdi. Bu hadisə Gürcüstanın Qərbə inteqrasiya kursuna Moskvanın “cavabı” və ya başqa adla cəzası idi. Gürcüstan isə onsuz da faktiki nəzarət edə bilmədiyi Cənubi Osetiya və Abxaziyanı itirməklə Rusiyadan qopdu. İndi isə bənzər ssenari Ukraynada yaşanır. 2013-cü ildə “Şərq tərəfdaşlığı” sazişindən imtina edən Yanukoviç iqtidarını devirən Ukrayna demokratlarının Qərbə inteqrasiya siyasəti Rusiyanın Krımı işğalı, DNR və LNR kimi separatçı regionların yaranması ilə nəticələndi. İndi isə bir aydan çoxdur yüksələn gərginliyin fonunda Putin gözlənilməz gediş edərək Ukraynanın hüquqi baxımından ərazisi hesab olunan bölgələrin “müstəqilliyini tanıdı”.
Rusiya Qərb “cəbhəsinə” keçən daha bir post-sovet respublikasını cəzalandıraraq ərazisini qopardı. Amma görünən odur ki, proses hələ bitməyib. Rusiyanın DNR və LNR ərazisinə yeritdiyi qüvvələr bu regionların inzibati ərazilərini nəzarətə götürəcəyini elan edib. Başqa sözlə, Ukrayna yeni ərazilərini itirəcək. Qərb isə gözlənilən reaksiyanı vermədi. Rusiyanın Ukrayna ətrafına ordu toplayaraq Kiyevin NATO-ya üzvlükdən imtinası şərtini irəli sürəndə Qərb ölkələri buna cavab olaraq Ukraynaya tank əleyhinə silahlar və dəstək səfərləri, bəyanatlar verdilər. Qərb ölkələri Putini ya Ukraynaya müharibəyə cəlb etmək, ya da sülh danışıqlarına vadar etməklə onu çətin vəziyyətə salmağa çalışdı. Putin isə daha hiyləgər gediş edərək Qərbin planladığı ssenarini pozdu.
İndi Qərb Putinin bu qərarına cavab olaraq daha sərt addımlar atmalı, digər ərazilərin işğalının qarşısını alaraq Minsk prosesinə geri dönməyə nail olmalıdır. Əks təqdirdə bu vəziyyət Rusiyanın əl-qolunu daha da açacaq, Qərb isə növbəti dəfə Rusiya qarşısında aciz vəziyyətə düşəcək. Çünki ötən 7 il göstərdi ki, sanksiyalar faktiki olaraq Rusiyaya, daha doğrusu Rusiyanın hazırkı hakimiyyətinin siyasətinə təsir etmir. Vəziyyətin daha bir pis tərəfi ondan ibarətdir ki, bundan sonra Rusiya qüvvələri faktiki olaraq DNR və LNR ərazisində mövcud olacaq, bu isə Ukraynanın hərbi əməliyyatları bərpa etmək imkanlarını minimuma endirəcək. Gürcüstan müharibəsindən sonra regionda növbəti bu cür hadisənin baş verməsi gözlənilən idi. Çünki Rusiyanın ambisiyalarını cilovlamaq üçün faktiki olaraq heç bir addım atılmadı və Putin açıq şəkildə bildirdi ki, onlar NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinə sakit baxmayacaqlar. Qərb isə faktiki olaraq o zaman Gürcüstanı, indi isə Ukraynanı Rusiya qarşısında tək qoydu. İndi Ukrayna hakimiyyəti qarşısında yeganə seçim münaqişəni dayandırmaq və əsas diqqəti ölkənin iqtisadi inkişafı, ordunun güclənməsi kimi məsələlərə yönəltmək və Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirini büruzə verəcəyi zamanı gözləmək.
Ancaq baş verənlərin pis tərəfi odur ki, Gürcüstan və indi də Ukrayna “təcrübəsi” post-sovet regionu üçün qorxulu nümunə oldu. Qərblə yaxınlaşmaq və Rusiyaya qarşı cəbhədə yer almaq istəyən post-sovet respublikalarına qarşı Moskvanın cavabı Ukrayna və ya Qazaxıstan ssenarisidir. Rusiya ona qarşı olan respublikalarda ya Ukrayna və Gürcüstanda olduğu kimi əraziləri qoparır, ya da Qazaxıstanda olduğu kimi, daxili iğtişaşlarla ölkəni nəzarətə götürür. Hazırda post-sovet respublikaları – Baltik ölkələri istisna olmaqla - əsasən bu iki “qrupa” bölünür. Bir qismi KTMT, Avrasiya İttifaqı kimi Rusiya təşkilatlarına üzv olmaqla Moskvanın təsiri dairəsindədirlər. İkinci qrup ölkələr isə Moldova, Ukrayna, Gürcüstan kimi, ərazisinin bir qismini itirməklə Rusiyanın qismi işğalı altındadırlar. Bu siyahıda istisna hələlik yalnız Özbəkistan və Azərbaycandır. Rusiya hələlik Özbəkistanla qarşıdurmaya getmək, bu ölkəni birbaşa nəzarəti altına almaq istəmir. Çünki Özbəkistana müdaxilə (hər hansı formada) bütün regionu alova bürüyər. Bu isə Moskva üçün əlverişsizdir.
Azərbaycan hakimiyyəti isə bu risklərdən sığortalanmaq üçün Putinin təklif etdiyi sazişi imzalamağa razılaşdı. Bu, praqmatik adımdır, çünki bunun əksi ya Qazaxıstan, ya da Ukrayna ssenarisi ola bilər. İlham Əliyev isə “bu dalğadan” həm hakimiyyəti, həm də ölkəni az zərərlə çıxarmağa çalışır. Çünki bunun əksinin acı nümunələri ortadadır. Azərbaycan prezidenti Qarabağ məsələsinin uğurla yekunlaşması üçün qonşularla sıfır münaqişə variantını seçir. İranla da münasibətlərdə istiləşməni müşahidə edirik. Azərbaycanın qarşısında dayanan hədəflər o qədər böyük və həlli vacibdir ki, bu prosesi uğurla başa vurmaq, ya da yarıda qalmamaq üçün heç bir provokasiyaya getmək olmaz. Yalnız ölkənin maraqlarını düşünərək, praqmatik siyasət yürütmək lazımdır. Hazırda rəsmi Bakı bu işlə məşğuldur... Qərb isə Rusiyanı durdurmaq üçün ənənəvi silahı olan sanksiyaları işə salıb, ABŞ, Avropa ölkələri Moskvaya qarşı iqtisadi sanksiyalar imzalamağa başlayıb. Amma bu sanksiyaların nə zaman təsirli olacağı və Rusiyanın aqressiv siyasətini cilovlayacağını zaman göstərəcək. Bunun üçün o zamana qədər sağ qalmaq lazımdır. Sözün bütün mənalarında. Kənan Rövşənoğlu
Musavat.com