Rusiya və Gürcüstan prezidentləri görüşə bilər - SENSASİON GÖZLƏNTİ
Əhəd Məmmədli: “Gürcüstanın əraziləri işğaldan azad edilməyənə qədər...” Moskva Rusiya və Gürcüstan prezidentlərinin görüşünün keçirilmə ehtimalını istisna etmir, tərəflər ona hazırlıq işləri üzərində çalışır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqlardan sonra məlumat verib. Məlumat üçün bildirək ki, Gürcüstan və Rusiya arasındakı münasibətlərin qırılma nöqtəsi 2008-ci ilin avqustunda olub. Həmin vaxt Rusiya Gürcüstan ərazilərinə təcavüz edərək Cənubi Osetiya və Abxaziyanı ilhaq edib. Məhz bu səbəbdən rəsmi Tiflis Qərbə sürətli inteqrasiya kursu götürüb. Ekspertlər isə hesab edirlər ki, son illərdə Rusiya-Gürcüstan münasibətləri getdikcə yumşalmaqdadır. Görünən odur ki, Rusiya Cənubi Qafqazın bu ölkəsini itirmək istəmir. Analitiklər bu səbəbdən rəsmi Moskvanın Tiflislə görüşə can atdığını bildirirlər. Rus və gürcü rəhbərlərinin görüşü baş tutarsa, bunun Azərbaycanın yerləşdiyi regiona hansı təsirlərinin olacağı barədə fikirlər müxtəlifdir. Onu da xatırladaq ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Həmin vaxta qədər iki ölkə rəhbərinin görüşmə ehtimalları zəif görünür. Seçkilərdən sonra Gürcüstanın yeni rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin görüşərsə, buna maraq olduqca yüksək olacaq.
Politoloq Əhəd Məmmədli görüşün olacağını istisna etmir: “Azərbaycan və Ermənistan rəhbərləri də dəfələrlə görüşüb, niyə də Gürcüstan və Rusiya liderləri görüşməsin? Düzdür, Gürcüstan-Rusiya münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən bir az fərqli müstəvidədir, lakin yenə də ortada işğal faktı var. Nə vaxta qədər ki, Rusiya Cənubi Osetiya və Abxaziyadan çıxmayacaq və Gürcüstan NATO-ya inteqrasiyanı dayandırmayacaq, o vaxta qədər bu iki ölkə arasında ciddi yumşalmanın baş verəcəyinə inanmıram. Ola bilsin, prezident seçkiləri öncəsi Rusiya Gürcüstanda mövqeyini möhkəmləndirmək istəyir. Həmçinin bununla Moskva göstərmək istəyir ki, Tiflis də diqqətindədir. Kreml çətin ki, Tiflisin Avropaya gedən yolunun qarşısını alsın. Bunu etmək üçün Rusiya ən azı, Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmalıdır və ya ümumiyyətlə, Gürcüstanı işğal etməlidir. Rusiya tərəfindən hər iki variant hələlik mümkün olmadığından, görüş olan təqdirdə belə Moskva ilə Tiflis münasibətlərində ciddi irəliləyiş görmürəm. Gürcüstanın əraziləri işğaldan azad edilməyənə qədər çətin ki, bu ölkəni NATO-ya qəbul etsinlər. NATO-dan dəfələrlə bildiriblər ki, Ukrayna və Gürcüstan Rusiya ilə ərazi məsələlərini həll etməyənə qədər heç kəs onları Şimal-Atlantik alyansa qəbul edən deyil. Ukrayna və Gürcüstan indiki vəziyyətlərində NATO-ya qəbul olsalar, bu qurum avtomatik Kremllə açıq qarşıdurmaya getməli olacaq. Təbii ki, Qərb Rusiya ilə açıq qarşıdurmaya getmək istəməz. Ona görə də Gürcüstan və Ukraynanın qapıları hələlik NATO-ya bağlı qalacaq. Amma yenə də Gürcüstan NATO yaxınlaşması davam edəcək. Bunun nəticəsi kimi də yaxın zamanlarda Gürcüstanda ABŞ-ın hərbi bazasının qurulmasını görə bilərik. Bax bunun olmaması üçün Moskva əlindən gələni edəcək. Rusiya və Gürcüstan liderləri arasında gözlənilən görüşün əsas mövzusu bəlkə də bu olacaq. Abxaziya və Osetiya istiqamətində Gürcüstanın uğur əldə etməsi üçün bu ölkə gərək yenidən tam olaraq Rusiyanın nəzarətinə qayıtsın. İndiki halda bu da mümkün olmadığı üçün Osetiya və Abxaziya istiqamətində Tiflis çətin ki, irəliləyiş əldə etsin. Bu ərazilərin taleyi ən azı, Rusiya zəifləyənə qədər dəyişməyəcək. Kreml ancaq bir halda bu əraziləri Gürcüstana qaytara bilər, ikincilər yenidən Rusiyanın vassalına çevrilsinlər. Ərazi bütövlüyü müqabilində belə, çətin ki, Tiflis Moskvanın nəzarəti altına qayıtsın”. Politoloq baş tuta biləcək görüşdən müsbət heç nə gözləmir: “Tiflis üçün müsbət tərəfləri ancaq o halda ola bilər ki, Moskva işğal etdiyi ərazilərin heç olmasa bir hissəsini qaytarmağa razı olsun. Buna da təbii ki, Rusiya gedən deyil. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hələ o demək deyil ki, o, Rusiyanı bitirmək istəyir. Bir də Rusiya ancaq sanksiyalarla bitiriləsi dövlət deyil. Hazırda Gürcüstanın Rusiyaya qarşı heç bir təsir imkanı yoxdur. Bunu Tiflis də çox gözəl bilir. Prezident seçkilərinə qədər də görüş baş tuta bilər. Amma çox güman ki, prezident seçkilərindən sonra görüş olacaq. Kreml yeni Gürcüstan prezidenti ilə ola bilsin ki, yenidən münasibətlər qurmağa cəhd etsin. Seçkilərdən əvvəl belə görüş baş tutsa, düşünmürəm ki, böyük ölçüdə görüş seçkilərə təsir etsin. 2008-də baş verən 6 günlük müharibədən sonra Rusiya Gürcüstanı itirdi. Gürcüstanı qaytarmaq üçün Rusiya gərək işğal etdiyi əraziləri qaytarsın, bunu etməyənədək Tiflisdə kimliyindən asılı olmayaraq, qərbyönlü prezident və parlament oturacaq”.