Qafqazda yeni MÜHARİBƏ qorxusu: RUSİYA-Gürcüstan gərginliyi

Qafqazda yeni müharibə qorxusu:

“Rusiya və Gürcüstan arasında qarşıdakı iki ay ərzində yeni müharibənin baş vermə ehtimalı yüksəlir”. Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Timetürk” saytında yayımlanan “Qafqazda ikinci pərdə: Rusiya-Gürcüstan gərginliyi” başlıqlı məqalədə deyilir.

Məqalədə bildirilir ki, buna 2016-cı ildə Gürcüstanda planlaşdırılan iki önəmli hadisə səbəb ola bilər.
“Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisinin bir hissəsini işğal etməsindən başlayaraq, Cənubi Osetiya bölgəsinə görə iki ölkə arasında gərginlik mərhələ-mərhələ yüksəldi. Rusiya müharibəni dayandıran “Sarkozi planı” adlı atəşkəs razılaşmasının heç bir müddəasına əməl etmədi. Sərhədlər Rusiyanın xeyrinə dəyişdirildi. Gürcüstan bunu ölkənin ərazi bütövlüyünün pozulması olaraq qəbul etdi”, - deyə məqalədə qeyd olunur.
 
Sayt yazır ki, Gürcüstanın hazırkı hökuməti Moskva ilə münasibətləri düzəltmək istəyir. Rusiya prezidenti Vladimir Putin də 2015-ci ilin sonunda çıxışı zamanı iki ölkə arasında münasibətlərin düzələ biləcəyini qeyd etmişdi. Lakin 2016-cı ildə gerçəkləşəcək bəzi hadisələr iki ölkə arasındakı qarşıdurmanı alovlandıra bilər.
1. 2016-cı ildə iyul ayında Varşavada NATO toplantısı keçiriləcək.
2. Payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Bu iki məsələ Rusiya-Gürcüstan müharibəsinə səbəb ola bilər.
 
“Çünki Varşavada Gürcüstanın NATO-ya qəbul olunması məsələsi müzakirə olunacaq. Tiflisin qərarı Kremlin ona münasibətini müəyyənləşdirəcək. Bununla yanaşı, parlament seçkilərində Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının qalib gələcəyi ehtimalı yüksəkdir. Rusiyanın Saakaşvilinin partiyasının seçkidə qalib gəlməməsi üçün Gürcüstana müdaxilə etməsi gözləniləndir”, - deyə sayt diqqətə çatdırıb.
Qeyd edək ki, bu ehtimallar fonunda iki gün öncə Rusiyada “Valday” diskussiya klubunun və XİN-ə bağlı “Xarici siyasət” agentliyinin hazırladığı “Beynəlxalq təhdidlər-2016” adlı hesabatı diqqət çəkir.
 
Hesabatda Rusiyaya qarşı təhdidlər yer alıb. Onlar arasında Dağlıq Qarabağ münaqişəsi də var.
 
“Təhdidlər arasında ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin mümkün eskalasiyası da var. Suriya və Ukrayna böhranlarına görə Qarabağ məsələsi ikinci plana keçib, ancaq münaqişənin hər an alovlanmaq təhlükəsi azalmayıb. Son vaxtlar Qarabağ münaqişəsi zonasında o cümlədən artilleriyadan istifadə olunmaqla atışmalar artıb, tərəflər əsl silahlanma yarışına giriblər. Hadisələrin belə inkişafı Moskvanın və Bakının maraqları ilə kəskin ziddiyyət təşkil edə, həmçinin, Moskvanın İrəvanın tərəfindən münaqişəyə qatılması və 2008-ci il “gürcü ssenarisi”nin təkrarlanmasına gətirib çıxara bilər. Bu isə Türkiyə ilə münasibətlərin daha da pisləşməsi deməkdir. Çünki Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyirlər”, - deyə hesabatda diqqətə çatdırılır.
Bütün bu versiyalar Qafqazda yeni müharibə ehtimalını artırır. Bu, həm Qarabağ, həm də yeni “2008-ci il müharibəsi” ola bilər.






Fikirlər