Ərdoğanın səfəri: Qarabağ müharibə astanasında?.. - TƏHLİL

Türkiyə prezidentinin Azərbaycan səfəri öncəsi Dağlıq Qarabağda müharibənin başlamasına dair xeyli iddialar, ehtimallar səsləndi. Və bütün gözlər fevralın 18-də türk liderin səfərinə dikilib.

Nə baş verir, yaxud baş verəcək? Əksəriyyət səfər sonrası baş verəcəklərlə deyil, Ərdoğanla İlham Əliyevin nələri müzakirə edəcəyi ilə maraqlanır. Xüsusilə “Qarabağda müharibə üçün düyməyə basılacaqmı?” sualı öz cavabını axtarır.
 Bütün yollar Romaya deyil, müharibəyə aparır”. Hazırkı situasiyanı belə dəyərləndirmək olar və ortada olan çağırışlar, təhdidlər, eləcə də pozulan geosiyasi tarazlıq bu ehtimalları gücləndirir.


 Təhdidlər...

 Türkiyə ilə “dişə-diş, qana-qan” münasibətlər mərhələsinə qədəm qoyan Rusiya Ermənistanda hərbi gücünü artırır. Moskva bu ölkənin Hava Hücumundan Müdafiə Sistemini artıq öz çiyinlərinə alıb. Suriya hava məkanına nəzarəti tamamilə ələ keçirən Kremlin Ermənistanda da analoji gediş etməsi təsadüf deyildi. Söhbət Suriya hava məkanına girişini bağladığı Türkiyənin Cənubi Qafqaza mümkün girişini əngəlləməkdən gedir. Bu, Rusiyanın faktiki müharibə təhlükəsinə qarşı önləyici tədbiri kimi qəbul edilə bilər. Belə görünür ki, Rusiya hələ bir neçə ay öncə “Türkiyə Rusiyaya qarşı Qarabağdan ikinci cəbhə açır” xəbərlərinin rus KİV-lərində yer aldığı dövrdən hansısa planlar qurur.

 

 

Lakin ruslar ermənilərə dəstəyi bununla yekunlaşdırmadı. Əlavə hərbi texnikanın yerləşdirməsindən tutmuş, helikopter partiyalarının verilməsinə qədər bir sıra hərbi-taktiki yola əl atdılar.

Bu, hər şeydən öncə Moskvanın Qarabağda müharibənin ola biləcəyi ehtimalını gündəliyinə salması demək idi. Ermənistan mediasında müharibə qorxularının sərgilənməsi də baş verənlərlə paralellik daşıyır. Lakin bu hər şeydən öncə həm də torpaqları işğal olunan Azərbaycana da təhdiddir. Çünki Rusiyanın tələsik şəkildə Ermənistanda hərbi-texniki möhkəmlənməsi bölgədə güc balansının dəyişməsi və təhlükənin real müstəviyə keçməsi deməkdir. Digər tərəfdən, Gürcüstanın qaz bazarında Azərbaycana rəqib olmaq cəhdlərinə əl atması, Gürcüstan-Ermənistan marşrutu ilə İrana qaz kəməri çəkməsi kimi gedişlər də Rusiyanın Azərbaycanın regional maraqlarına toxunduğunu göstərir. Belə olan halda Bakının əks-manevrlər etməkdən başqa yolu qalmır.

 Əks manevrlər...


Və bu manevrlər həm də Moskvanın Bakıya verə biləcəyi heç nəyinin qalmamasından da irəli gəlir.

 Prezident İlham Əliyevin Londonda “Suriya və regiona dəstək” konfransında iştirakı ehtiyatlı Bakının gözlənilməz gedişi idi. Axı indiyə qədər qlobal və regional güclər arasında ağıllı manevr edən Bakı rəhbərliyi birdən-birə İran və Rusiya kimi ölkələri qarşısına ala biləcək addımı nədən atsın?

 Ankara-Moskva qarşıdurmasında seçim etmək məsələsi gündəmə gələndə də Bakı sona qədər balans siyasətini qorudu. Baxmayaraq ki, bütün proseslər Azərbaycanın öz mövqeyini ortaya qoymasını şərtləndirirdi. Bu, həm də rəsmi Bakının mövcud təhdidləri, çağırışları, önümüzdəki dünyanın cizgilərini görməsindən və öz milli maraqlarının müdafiəsi siyasətindən irəli gəlir.

 

İndiyə qədər Azərbaycan öz siyasətini Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində əsas açar olduğu və Ermənistana qarşı Moskvanın mövqeyinin dəyişdirilməsi nəticəsində ərazi bütövlüyümüzün bərpa ediləcəyi istiqamətində qururdu. Amma Rusiyanın Ermənistana dair son planlarının ortaya çıxması bir daha nümayiş etdirdi ki, Kreml münaqişənin həllində ən azından səmimi deyil. Digər tərəfdən, Rusiya Dnestryanı, Abxaziya və Cənubi Osetiya, Krım, eləcə də Donetskdə kiçik də olsa müharibə aparır. 90-cı illərdə meydana çıxan Dağlıq Qarabağ məsələsi bütün bu münaqişələr üçün presedent rolu daşıyır. Və problemin həlli bu kimi digər münaqişələr üçün “domino effekti” yarada bilər. Rusiya isə buna imkan vermək fikrində deyil.

Bunun fonunda Rusiya Yaxın Şərqdə münaqişəyə müdaxilə etməklə “güc itirməkdədir” və belə bir situasiyada onun Azərbaycanın ərazi bütövlüyü məsələsində hansısa addımı ata biləcək vəziyyətdə olmadığı aydın olur.
Geosiyasi proseslərdə “təhlükəli döngələri” ağılla dəf edən Bakı həm də “qaynayan siyasi qazanda” itirən olmaq istəmir. Lakin Rusiya və İranın “mövqe dəyişikliyi” kimi yoza biləcəyinə əsas vermədən, məhz “humanitar yardım” profilli layihələrdə yer almaqla incə gediş edir.
 Belə bir vəziyyətdə Qərb Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq, dolayısı ilə regiona təsir imkanlarını genişləndirmək istəyir. Qərb yaxşı anlayır ki, Cənubi Qafqaza hakim olmaq üçün Azərbaycanı öz tərəfinə çəkməlidir. Bakı isə öz şərtlərini diktə edir: 


1. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli üçün Qərb “qolunu çırmalamalı”.
2. İndiyə qədər Ermənistana verilən ədalətsiz dəstək dayanmalıdır.
3. Ərazi bütövlüyümüzün bərpasında mümkün müharibə variantında Qərb Azərbaycanın yanında olmalıdır.

 



Son proseslər və çağırışlar Qərbin müəyyən qədər olsa da Bakının şərtlərini qəbul etdiyini deməyə əsas verir:

- ABŞ-ın 2017-ci il dövlət büdcəsində separatçı “DQR”-ə yardımdan imtina edildi. Halbuki, ABŞ hər il separatçı rejimə 1,5 milyon dollar vəsait ayırırdı.

- Vaşinqton Dağlıq Qarabağ icmalarının görüşlərini məqbul sayaraq, bununla separatçı “DQR”-i dövlət kimi tanımadığını aydın ifadə etdi. Hansı ki, Bakının etirazına baxmayaraq, qondarma “DQR” “nümayəndələri” bir neçə dəfə Vaşinqtonda bəh-bəhlə qarşılanmışdı. Sonuncu dəfə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma rejimin “XİN rəhbəri” ilə görüşmüşdü. 

- Amerikalı həmsədrin bu kontekstdə “İşğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır” deyə sonuncu bəyanatı da diqqət çəkir. Bu, amerikalı həmsədrin səhvlərini “sığortalaması”, həm də AŞPA-dakı Ermənistanın işğalçı dövlət olduğunu özündə əks etdirən Robert Volterin qətnaməsinin qəbul olunmamasında ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın “fəallığı” qarşılığında Bakının sakitləşdirməsi addımı hesab oluna bilər.
- Uorliklə yanaşı, ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanın Xocalı soyqırımını “böyük faciə” adlandırması və “Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldırmalıdır” çağırışı da diqqətdən yayınmır. Belə görünür ki, Vaşinqton Bakının ərazi bütövlüyü məsələsində prinsipial mövqeyi qarşısında geri çəkilir. Təbii ki, hər şeydən öncə öz maraqları bunu tələb edir.

 Nəticə olmayana qədər bütün bunlar daha çox siyasi ritorika kimi görünür. Amma ritorikanın dəyişməsi belə geosiyasi proseslər fonunda təsadüfə bənzəmir. Hər-halda Dağlıq Qarabağ münaqişəsində hansısa dönüşün olacağı və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümidlər yaranmaqdadır. Bunun məhz 20 ildir davam edən sülh danışıqları ilə həll ediləcəyi inandırıcı görünmür. Dünyanın müharibə astanasına qədəm qoyduğu, beynəlxalq oyunçuların Şərq torpaqlarında üz-üzə gəldiyi bir vaxtda onların Qarabağ məsələsi ilə bağlı eyni masaya oturacağı və danışıqlar yolu ilə problemi həll edəcəyini düşünmək sadəlövhlük olardı. Lakin beynəlxalq çağırışlar, Bakının etdiyi manevrlər hansısa prosesin getdiyinə işarə edir. Deməli, bircə yol qalır: MÜHARİBƏ.

 

 

Müharibə haqda bir aforizmdə deyildiyi kimi: “Qələbə yalnız güclülərə yox, həm də səbirli və bacarıqlı olanlara qismət olur”.
Bakı indiyə qədər səbir edib və o, indi qismətinə düşəni almaqda israrlıdır. İndiki geosiyasi şərtlər Qarabağın qaytarılması üçün heç olmadığı qədər əlverişli görünür:

 - Rusiya Yaxın Şərq bataqlığında irəliləməyə cəhd göstərir. İqtisadi çətinlik fonunda apardığı müharibə Kremlin hər keçən gün zəifləməsinə gətirib çıxarır. Deməli, Qarabağda başlayacaq müharibədə Rusiya Ermənistana gözlənilən qədər dəstək verə bilməyəcək.

- Azərbaycan beynəlxalq hüququn icazə verdiyi şəkildə Qarabağda anti-terror əməliyyatlarına başlaya bilər.
- Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlı olan Qərb bu prosesdə Bakıya dəstək verməyə məcbur olacaq.
 

***İlk iki punktdakı tezisin real olduğu aydındır. Ancaq Qərbin Azərbaycana baş verə biləcək müharibədə dəstək olacağı fikri haqlı şübhələrə səbəb ola bilər. Xüsusilə 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı “beş günlük” müharibəsi zamanı yaşananlar Qərbə etibar etməyin acı nəticəsinin bariz nümunəsi idi. Bakı öz qonşusunda baş verənləri unutmayıb. Məhz buna görə ehtiyatlı davranır.
 Lakin Qərbin ümumi maraqları bəzi məsələlərə işıq tutur.


1. Gürcüstanın Rusiya ilə gizli sövdələşmələrə getməsi haqda məlumatlar regionda Azərbaycandan başqa etibarlı tərəfdaşın olmadığını sübut etdi. Belə olanda Qərb Bakını öz tərəfinə çəkmək üçün onun istədiklərini etməyə məcbur görünür.
2. Qərb onu da anlayır ki, Cənubi Qafqaza hakim olmaq üçün Azərbaycanın dəstəyinə ehtiyacı var və bunun yolu Dağlıq Qarabağ münaqişəsinin bu və ya digər formada ədalətli həllidir.
3. Erməni lobbisinin bir sıra Avropa strukturlarında nüfuz sahibi olduğu bəllidir. Lakin bir məqamı nəzərdən qaçırmaq olmaz. Qərb üçün Rusiyanın boyunduruğunda olan İrəvan rejimi yox, Ermənistan lazımdır. Dağlıq Qarabağın işğalda saxlanılması siyasətini də məhz bu rejim istəyir. Deməli, Ermənistanı Moskvanın təsirindən qurtarmağın yeganə yolu İrəvan rejiminin istəyini yox, sadə erməni xalqının istədiyini – iqtisadi inkişafı vermək lazımdır. Bunun da yolu münaqişəni həlli və Türkiyə ilə sərhədlərin açılmasından keçir.
4. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturayın dünən gerçəkləşən Bakı səfəri də son proseslər fonunda diqqət çəkdi. Xüsusilə Rusiya mediasının “NATO Azərbaycana yeni “yol xəritəsi” təklif edir” xəbərləri təsadüfə bənzəmir. Yaxın dövrdə bir sıra yüksək vəzifəli Avropa siyasətçilərinin Bakıya gözlənilən səfərləri də ortada hansısa danışıqların getdiyindən xəbər verir.
 Burada Türkiyənin maraqlarının daha qabarıq göründüyü də şübhəsizdir. Əslində bütün proseslərin məhz Türkiyə vasitəsilə həyata keçiriləcəyinə şübhə yoxdur. Qardaş ölkənin bizim maraqlarımızı qurban verməyəcəyi baxımdan bu amil Azərbaycan üçün də önəmlidir.


 Türkiyə nə istəyir?


a) Dağlıq Qarabağda mümkün müharibənin başlaması Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır və bu Ankaranın tarixi istəyidir.

b) Münaqişənin Türkiyə tərəfindən bu və ya digər formada həlli Ankaranın Cənubi Qafqazda təsir imkanlarını artıra bilər və Rusiyanın regiona uzanan qolları kəsilər.

c) Ermənistanla sərhədlər açıla, bu ölkə Türkiyənin nüfuz dairəsinə keçə, beləliklə, Ankaranın həm əli güclənə, həm də qondarma “erməni soqırımı” iddialarına son qoyula bilər.
 

 

Bunlar Türkiyənin daha uzaq perspektivdəki hədəfləridir. İndiki məqamda isə Dağlıq Qarabağda müharibənin başlaması Rusiyanın Yaxın Şərqdən diqqətinin yayınmasına və gücünün bölünməsinə səbəb ola bilər ki, bu da Suriya məsələsində Ankaranın əlini gücləndirən amildir. Ərdoğanın Bakı səfərinin əsas ana xəttinin bu məsələlər olacağı ehtimalı səslənir.
 

Burada Türkiyə Baş naziri Əhməd Davudoğlunun Kiyevə səfəri zamanı “Rusiya Azərbaycana da böyük təhlükədir” deməsi yada düşür. Ehtimal etmək olar ki, Ankara və Bakı arasında Rusiya təhlükəsi ilə bağlı ciddi müzakirələr gedir və Azərbaycan bəzi məsələlərdə fərqli düşünür.
 

Bütün bu gözləntiləri və prosesləri Bakının necə dəyərləndirəcəyini yaxın dövrdə görəcəyik. Lakin Azərbaycan rəhbərliyinin 20 il səbir etdikdən sonra ağılsız müharibə etməyəcəyi də şübhəsidir. Əslində Prezident İlham Əliyevin yaxın dövrdə İrana səfəri bu mənada diqqət çəkir. Görünür, Azərbaycan lideri regionun digər güclü ölkəsinin “ağzını yoxlamaq” istəyir. İranın Ermənistana dəstək verdiyini düşünsək, hesab etmək olar ki, Bakı Tehranın bu dəstəyinin qarşısı almadan müharibəyə getməyəcək. Bu baxımdan, Ərdoğanın səfərindən sonrakı dövrdə baş verəcəkləri diqqətlə izləmək lazımdır.

 






Fikirlər