Rusiya-Türkiyə münasibətlərində davam edən gərginlik Qərb analitiklərinin də diqqət mərkəzindədir.
Siyasi təhlilçilər mövcud durumdan çıxış edərək iki regional supergüc arasında əlaqələrin mümkün perspektivlərini və nəticələrini analiz və təxmin etməyə çalışırlar. Bu zaman təbii ki, ilk öncə Ankara və Moskvanın köklü maraqlarının kəsişdiyi regionlardakı situasiya diqqətə alınmaqdadır.
Belə regionlar isə hazırda əsasən ikidir - Suriya (Yaxın Şəqr) və Güney Qafqaz (Dağlıq Qarabağ münaqişəsi zonası). Rusiya ilə NATO üzvü Türkiyənin mümkün toqquşması ən əvvəl bu iki bölgələrdəki proseslər fonunda təhlil edilməkdədir.
ABŞ-ın nüfuzlu “The Washington Times” nəşri özünün son sayında bu mövzuya toxunaraq yazır: “Rusiya və Türkiyə arasında mübarizə təkcə Suriya səmasında getmir, həm də Qafqaza keçib”. Jurnalist Qay Teylorun məqaləsi bu fikirlə başlayır. Onun sözlərinə görə, son aylar Moskva Ermənistanda hərbi mövcudluğunu gücləndirməkdədir: “Ötən ilin dekabrında Rusiya Ermənistanla hərbi-hava hücumundan birgə müdafiə barədə anlaşma bağlayıb. Bundan sonra Moskva İrəvan yaxınlığındakı (Erebuni -red.) Rusiya hərbi bazasında ən azı, dörd yeni ”Miq-29" və çoxlu sayda digər hərbi texnika vahidləri yerləşdirib".
“Rusiya mətbuatının məlumatlarına görə, belə bir anlaşma bir neçə ay ərzində hazırlanıb. Ancaq ”Miq-29" təyyarələrinin və yeni döyüş vertolyotlarının fevralın ortalarında Ermənistana göndərilməsi Putinin Türkiyəni və onun NATO üzrə müttəfiqlərini çəkindirmək üslubuna bənzəyir", - deyə müəllif qeyd edir.
Məqalədə daha sonra deyilir: “Beləcə, Ermənistan Rusiyanın fəal müttəfiqinə çevrilir, yoxsa Moskva Türkiyəni mühasirəyə almaq cəhdlərində sadəcə, ondan ”peşka" (“piyada”-red.) qismində istifadə edib qorxudur?" Müəllif bu suala bir neçə Qərb analitikinin cavablarını almağa çalışıb.
“Ermənistanın Rusiya ilə sız tarixi əlaqələrinin olması faktdır. Və indi - Türkiyə-Rusiya münasibətləri ”ölümcül həddə" çatdığı məqamda Ermənistan bu konfrontasiya kontekstində “cəbhəyanı dövlət”ə çevrilib"- deyib Qlobal Energetika və Avrasiya Mərkəzinin baş elmi əməkdaşı, tanınmış siyasi təhlilçi Ariel Koen.
“Təhlükə var ki, Moskvanın az öncə atdığı addımlar Qafqazda etnik müharibəni qızışdırsın. Xüsusən də söhbət Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ uğrunda mübarizəsindən gedir. Görünür, Rusiya indi öz təsirini ”üzə çıxarmaqla" Ermənistandan tələb edir ki, Türkiyənin düz yaxınlığında öz hərbi mövcudluğunu genişləndirsin" - məqalədə vurğulanır.
“Əgər Ermənistan naz eləsə, Rusiyanın Qarabağda rıçaqları var ki, donmuş münaqişəni Azərbaycanın xeyrinə həll eləsin” - güman edir digər ekspert, “EurasiyaNet” nəşrinin şərhçisi Castin Berk: “Ermənistan Rusiyanın ”peşkası" deyil. İrəvanda əksər liderlər ölkənin Rusiya-Türkiyə münaqişəsinə cəlb olunmasından ehtiyat edirlər. Ermənistanın bu regionda müttəfiqləri yoxdur. İrəvanın Kremli könüllü şəkildə müdafiə etməsi fikri kökündən yanlışdır. Bu ölkə sadəcə, Rusiyada asılıdır və vacib məsələlərdə ona “yox” deyə bilməz".
Qəzetin yazdığına görə, başqa təhlilçilər hesab edirlər ki, Kreml Ermənistanı faktiki surətdə, satellit-dövlətə çevirib və Putin onu Türkiyə ilə regional hökmranlıq uğrunda mübarizədə istismar edəcək. Bu yerdə müəllif ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı və keçmiş səfir, hazırda PR-firmada çalışan Adam Erelinin az öncə “Forbes” jurnalındakı məqaləsini xatırladır.
“Ermənistan - Putinin yeni satellit dövləti” adlı həmin məqalədə Ereli Rusiyanın işğalçı Ermənistanı sürətlə hərbiləşdirməsinə toxunaraq sual eləmişdi: “Nədən ABŞ Türkiyəyə münasibətdə Rusiyanın demək olar, aşkar təcavüzü qarşısında susqunluq göstərir?”
Məqalədə NATO-nun mənzil-qərargahının adının çəkilməsini istəməyən əməkdaşının fikirlərinə də yer verilib. “Bəzi narahatlıqlar şişirdilib. Əgər Rusiya təyyarələri Ermənistandan Türkiyə sərhədlərinə doğru uçuşlara başlasa, bu, əlbəttə ki, Türkiyə və NATO üçün açıq-aşkar problem olacaq. Ancaq hələlik bu, baş vermir. Çünki Ermənistan, hər halda, rusların hər ağlına gələn şeyə icazə vermir. Yəni ruslar Ermənistanda ağıllarına gələn hər şeyi edə bilmirlər” - iddia edib alyans rəsmisi.(musavat.com)