Laçından sonra Xankəndi əməliyyatı: Ordumuz yaxın günlərdə...
Erməni separatçıları yenidən təxribata hazırlaşır. Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Belə ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub. "Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır", - deyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Laçın istiqamətində son hərbi toqquşmalardan sonra separatçıların yeni təxribatlara hazırlaşması Azərbaycan Ordusunun antiterror əməliyyatlarına başlaması məsələsini yenidən gündəmə gətirib. Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan belə hallarla ilk dəfə qarşılaşmır. "Xatırladıram ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində bir sıra kəndarası yollar mövcuddur. Bunlar torpaq yollardır. Son zamanlar yağıntıların az olması səbəbi ilə hərbi yük avtomobilləri bu yollardan keçə bilir. İstənilən halda Azərbaycan tərəfi qanunsuz daşımaların qarşısını almaq üçün geniş potensialından istifadə etməlidir. Çünki belə hallar gələcəkdə ölkəmizə qarşı daha böyük təxribatların törədilməsinə gətirib çıxara bilər", - deyə o bildirib. Ə.Verdiyev Azərbaycanın genişmiqyaslı hərbi əməliyyata başlayacağını düşünmür: "Amma qanunsuz daşınmaların həyata keçirildiyi yolların bağlanması və yaxud nəzarətə götürülməsi kimi addımlar atıla bilər. Əməliyyat mülki əhalinin daha az yerləşdiyi ərazidə olacaq. Azərbaycan üçün prioritet yaşayış məntəqələri deyil, strateji nöqtələr və hakim yüksəkliklərdir. Azərbaycan Ordusu üçün qanunsuz daşınmalar olan yollar və Ağdərə istiqamətində maraqlarımıza uyğun olan yüksəkliklər, mədənlər və magistral yollar prioritet olaraq qalır. Hər bir halda Azərbaycan tərəfi rusların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən çox narahatdır. Biz silahlı erməni dəstələrinin tərksilah edilməsi və ərazidən çıxarılması üçün fəaliyyətimizi sürətləndirməliyik". Politoloq Qabil Hüseynli isə hesab edir ki, təxribatların arxasında Rusiya sülhməramlıları dayanır: "Ermənilərin istifadə etdiyi yolun bir hissəsindən görüntülər əldə edilib. Amma yolun başlanğıcının Xankəndidən olduğunu söyləmək mümkündür. Bunun Azərbaycan Ordusunu təhrik etmək üçün imitasiya və ya manevr olma ehtimalı böyükdür. Rusiya bu işin başında durur. Azərbaycan Ordusunun hərəkətləri haqqında rus ordusu məlumatlıdır. Bununla ölkəmizə xəbərdarlıq mesajı göndərirlər. Çünki onlar Azərbaycanın reinteqrasiya prosesinə mane olmaq fikrindədirlər". Q.Hüseynli vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri yaxın zamanda Qarabağda hərbi əməliyyatlar keçirəcək: "Azərbaycan bütün əlavə yolların qapadılması fikrindədir. Həmçinin ermənilər tərəfindən istifadə olunan bu yolları nəzarət altına almaq istəyir. Çünki Azərbaycan Ordusu Xankəndi əməliyyatlarına başlamaq niyyətindədir. Biz ərazilərimiz üzərində tam suverenliyi bərpa etmək üçün lazım olan bütün işləri görəcəyik. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda yaşayan ermənilərə xəbərdarlıq edib. Onlar ya cəmiyyətimizə reinteqrasiya olunacaqlar, ya da ölkəmizdən çıxıb gedəcəklər. Azərbaycan gələcək addımlarını hesablayıb və yaxın zamanlarda antiterror əməliyyatlarını həyata keçirmək fikrindədir".