Yeni antiterror əməliyyatı belə olacaq: Cəmi 3 saat... - DETALLAR

Yeni antiterror əməliyyatı belə olacaq: Cəmi 3 saat... - DETALLAR

Azərbaycan Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinə qəti şəkildə xəbərdarlıq edib. 

Nazirliyin ötən gün yaydığı məlumatda bildirilib ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub. 

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.

"Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır", - Müdafiə Nazirliyi bəyan edib. 

Azərbaycan tərəfinin rəsmi xəbərdarlığından göründüyü kimi, növbəti antiterror əməliyyatı istisna deyil və hər an başlaya bilər. 

Hərbi ekspert Elxan Şıxəliyev Modern.az-a bildirib ki, son bir həftə ərzində baş verən hadisələr siyasi böhranın hərbi münaqişəyə keçmə mərhələsində olduğunu göstərir. 

"Adətən siyasətçilər anlaşmayanda silahlar danışar. Qarabağda baş verən son hadisədən əvvəl biz Ermənistana sülh müqaviləsinin şərtlərini göndərdik və onlar bununla razı olmadı. Ermənistan ikili oynadığını bir daha göstərdi. Azərbaycan hər zaman bəyan edib ki, Qarabağdakı ermənilər ölkəmizə inteqrasiya olunmalıdır. Ötən günlərdə separatçı rejimin başçısı Arayik Arutyunyan iclas keçirərək inteqrasiyanın olmayacağını və bunun üçün mübarizə aparacaqlarını söyləmişdi. Xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsi zamanı indiki silahlı dəstələr mühasirəyə düşərək ya tamamilə məhv olacaqdılar, ya da əsir düşəcəkdilər. Sonda onlar məğlubiyyəti qəbul etdilər", - deyə o bildirib. 

Ekspert vurğulayıb ki, separtçıları məhv etmək üçün onların qərargah mərkəzlərini vurmaq kifayətdir:

"Rusiya sülhməramlıları Qarabağa gəldikdən sonra silahlı dəstələri torpaqlarımızdan çıxarmaq əvəzinə onları yenidən təşkilatlandırmağa başladı. Həmin separatçılar indi bizə meydan oxuyurlar. Həmçinin onlar öz torpaqlarımızda bizim əsgərlərimizə atəş açırlar. Müdafiə Nazirliyi ötən gün bununla bağlı çox ciddi tədbirlərin görüləcəyini bəyan etdi. Müdafiə Nazirliyi adətən siyasi direktivin strateji vizyonunu qarşı tərəfə çatdırdı. Yəni antiterror əməliyyatının keçirilməsi qaçılmazdır. Bu, o deməkdir ki, əməliyyat keçirilmədən əvvəl son dəfə ermənilərə xəbərdarlıq edilib. Ancaq bu əməliyyatı 44 günlük müharibə ilə eyni tutmaq düzgün deyil. Qarabağda silahlı dəstələrin qərargahlarını sıradan çıxarmaq üçün ordumuza cəmi 3 saat lazımdır. Qeyd etmək lazımdır ki, orada 24 hərbi təyinatlı qərargah mövcuddur və separatçıları idarə edənləri məhv etmək kifayətdir". 

E.Şıxəliyevin fikrincə, bundan sonrakı mərhələdə hansı addımların atılacağı barədə qərar verilib. 

"Silahlı dəstələrin hərbi strukturları Xocavəndin bir hissəsində, Xankəndi, Xocalı və keçmiş Ağdərə ərazilərində yerləşir. Qarabağda təxminən 3 alay separatçı var, yəni 6-8 min silahlı dəstə hələ də orada mövcuddur. Antiterror əməliyyatı Vətən müharibəsi kimi müəyyən bir nöqətədən başlamayacaq. Çünki xüsusi təyinatlıların özəl bir hədəfi olacaq və hava hücumu ilə onlara dəstək veriləcək. Əsas idarəetmə mərkəzləri vurulduqdan sonra əməliyyat asanlıqla davam edəcək. Qarabağda yerləşən separatçılar Azərbaycan Ordusunun qarışında maksimum bir neçə saat tab gətirə bilər. Müdafiə Nazirliyinin son bəyanatından məlum olur ki, artıq siyasi qərar verilib. 

Rusiya sülhməramlıları 1960 nəfər heyətlə Qarabağda nəzarət aparır. Onların hərəkət trayektoriyası bəllidir. Ordumuz 500 kilometrlik ərazidə nöqtə vuruşlarla separatçıları məhv etdikdə sülhməramlılar ilə heç bir kontakt olmayacaq. Rusiyanın marağındadır ki, bu cür vəziyyət davam etsin və onlar Qarabağda öz varlıqlarını saxlasınlar. Əslində, baş verən hadisələrin birbaşa günahı məhz sülhməramlılardadır. Onlar silahlı dəstələri vaxtında çıxarsaydılar, antiterror əməliyyatına da ehtiyac qalmazdı. Ancaq unutmaq lazım deyil ki, Azərbaycan ötən il Rusiya sülhməramlılarının olduğu bölgədə "Qisas" əməliyyatını həyata keçirib. Biz bunu etmişik və heç bir sülhməramlıya zərər vurmamışıq. Əgər onlar əməliyyatın olmasını istəmirlərsə, özləri separatçıları torpaqlarımızdan çıxarsınlar".






Fikirlər