QARABAĞDA SON ZƏRBƏyə hazırlıq: Bakının xəbərdarlığının ŞİFRƏLƏRİ...

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentdən sonra Müdafiə Nazirliyi Ermənistandan Qarabağa silah-sursat və canlı qüvvənin daşınmasına son qoyulması, eləcə də qanunsuz silahlı dəstələrin suveren ərazilərimizdən çıxarılması tələbini irəli sürdü. Buna əməl edilməyəcəyi təqdirdə ciddi addımların atılacağını bəyan etdi.
Lakin son məlumatlar ermənilərin bu xəbərdarlığa məhəl qoymadığını, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan hərbi təyinatlı daşınmalara davam etdiyini göstərir. Sülhməramlılarının da onları müşayiət etməsi təsdiq edir ki, bu qanunsuz əməllərin arxasında dayanan Rusiyadır.
Müdafiə Nazirliyi dünən analoji xəbərdarlığını yenidən təkrarladı. Xarici İşlər Nazirliyi isə bəyan etdi ki, Azərbaycan bu əməllərin qarşısını almaq məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır.
Burada sual yaranır: rəsmi Bakı niyə xəbərdarlıqla kifayətlənir, niyə praktiki addımların atılması mərhələsinə keçilmir?
Bunun iki mümkün səbəbi ola bilər:
Birincisi, Qarabağda erməni əhalisinin inteqrasiyasının aktual olduğu vaxt yeni gərginliyin prosesə zərər verəcəyini nəzərə alır və hələ ki, ritorikadan istifadə edir;
İkincisi, miqyası və hədəfi baxımından daha genişçaplı addımların atılmasına hazırlıq gedir və bundan öncə "biz dəfələrlə xəbərdarlıq etdik” istiqamətində beynəlxalq ictimai rəyi formalaşdırır;
Separatçıların inteqrasiya prosesini pozmaq üçün əlindən gəldiyini etdiyi, xəbərdarlıqlara məhəl qoymadığı və Bakının bütün bunları bildiyi reallığını nəzərə alsaq, ikinci versiya daha güclüdür. İstisna deyil ki, Azərbaycan öz suveren ərazisində baş verən qanunsuzluqları aradan qaldırmaq üçün ciddi addımlar atacaq.
Asif Nərimanlı






Fikirlər