XANKƏNDİ YAXINLIĞINDA ƏMƏLİYYAT... - Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi (Yenilənib)
Azərbaycan Ordusu Xankəndi və ətrafında məskunlaşan erməni separatçı qüvvələri arasında silahlı insident yaşanıb. Bu barədə “Caliber” məlumat yayıb. “Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan, torpaq yoldan - Xələfəli yolundan yan keçərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir”, - məlumatda bildirilib. Laçın yolu ərazisində məhv edilən erməni təxribatçılarının adları bəlli olub. Onlar qondarma rejimin "polis əməkdaşlarıdır". Erməni kanalları onların adlarını dərc edib: "polkovnik-leytenant" Armen Babayan, "mayor" David Danielyan, "leytenant" Ararat Qasparyan. Qondarma artsax "Daxili İşlər Nazirliyi" xəbər verir ki, "leytenant" David Hovsepyan güllə yarası alıb və Xankəndidə həkimlərin nəzarəti altındadır. Bu adamların hər biri bizim ərazilərimidəki qanunsuz silahlı quldurlardır. Bu səbəbdən onların sıradan çıxarılması tam legitim addımdır. *** Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Azərbaycan öz ərazisində əməliyyat keçirir. Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb. Qeyd edək ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Azərbaycanın suveren ərazisində heç bir əlavə separatçı silahlı dəstə, hansısa bir bölücü fəaliyyət yolverilməzdir.