İlham Əliyevin “TEKNOFEST”dəki çıxışı Türkiyə mediasının diqqət mərkəzində - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı və çıxışında səsləndirdiyi fikirlər qardaş Türkiyə KİV-lərinin diqqət mərkəzində olub. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Anadolu, “İHA” xəbər agentlikləri, “Aksam”, “Milliyet”, “Hurriyet”, “Sabah”, “Yenisafak” qəzetlərinin saytları, “Ahaber”, “Takvim”, “Habervakti”, “Tgrthaber”, “Aydinlik” portalları və digər mətbuat orqanları Azərbaycan Prezidentinin çıxışından önəmli məqamları oxuculara və izləyicilərə çatdırıblar. Anadolu Agentliyinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı olduğu barədə fikirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini deyib. İHA agentliyi, “Sabah” qəzetinin saytı dövlətimizin başçısının tam mətnini yayıb. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti “Kızılelma”nı tezliklə Azərbaycan səmasında görəcəyinə ümid etdiyini bildirib. Dövlətimizin başçısının söylədiyi “aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq” fikirləri də oxucuların diqqətinə çatdırılıb.
“Aksam” qəzetinin saytında dərc olunan informasiyada isə Prezident İlham Əliyevin qardaş Türkiyənin son illərdə artan gücü barədə söylədiklərindən bəzi sitatlar gətirilib: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”. Qeyd edilib ki, Azərbaycan Prezidenti Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son 20 il ərzində böyük və şərəfli yol keçdiyini, dünya çapında söz sahibinə çevrildiyini, eyni zamanda, böyük Türk dünyasının birləşməsi işində çox mühüm rol oynadığını deyib. “Milliyet” qəzetinin elektron resursunda isə dövlətimizin başçısını Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduqları, o tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəm kəsb etməsi ilə bağlı fikirləri dərc olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onların yanında olduğunu, onun açıqlamalarının, mesajlarının Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini, “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” sözlərinin onlara əlavə güc, əlavə ruh verdiyini qeyd edib. “Hurriyet” qəzetinin saytı isə Azərbaycan Prezidentinin bu fikirlərini oxucularına təqdim edib: “Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi”. “Takvim” portalının yaydığı xəbərdə isə bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Hava Limanında keçirilən “TEKNOFEST” festivalı Azərbaycan Prezidenti İlham Əliyevlə “Togg” avtomobilində gəldi. Azərbaycan Prezidenti İlham Əliyev festivalda çıxışında Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birləşməsində böyük roluna diqqət çəkdi. Qardaş ölkənin digər media resurslarında - “Yenisafak” qəzetinin saytı, “Ahaber”, “Habervakti”, “Tgrthaber”, “Aydinlik” portallarında dərc olunan məqalələrdə, yayılan videolarda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rəcəb Tayyib Ərdoğanın Türkiyənin son uğurlarında, Türk dünyasının birləşməsində roluna, “TEKNOFEST”in qurucusu Selçuk Bayraktarın xidmətlərinə, həmçinin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə diqqət çəkdiyi vurğulanıb.