Güney Azərbaycan Milli Dövlətçilik Şurası yaradıldı...
Mayın 7-də Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (MDŞ) təsis toplantısı keçirilib. MDŞ Mərkəzi Şurasının üzvü Çingiz Göytürkün verdiyi məlumata görə, toplantıda ABŞ, Avstraliya, Kanada, Türkiyə, Azərbaycan Respublikası və Avropanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edib. Musavat.com xəbər verir ki, toplantıda xarici ölkələrdə yaşayan güneyli soydaşlarımızdan, siyasi fəallardan ibarət 15 nəfərlik Mərkəzi Şura formalaşdırılıb. Mərkəzi Şuranın 15-dən artıq üzvü isə Güney Azərbaycanda fəaliyyət göstərən siyasi və milli fəallardan ibarət olacaq. Onlar Güney Azərbaycan Milli Dövlətçilik Şurasının iç qolu olaraq qurumun fəaliyyətini koordinasiya edəcəklər. Məlumata görə, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının növbəti toplantısında təşkilatın fəaliyyət planı, yol xəritəsi müəyyən ediləcək, işçi komitələr, müvafiq sahələr üzrə komissiyalar yaradılacaq. Qeyd edək ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası 1 illik müzakirədən sonra 8 maddəlik fəaliyyət prinsipləri üzrə razılığa gəlıib. Qəbul olunmuş çərçivə prinsipləri aşağıdakılardan ibarətdir: 1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir. 2. MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ, uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəngan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir. 3. MDŞ, Güney Azərbaycan Milli hərəkatının müstəqil qərarvermə zərurətinə inanır, milli dayanışmanın gerçəkləşdirilməsi və vahid milli gücün formalaşdırılması yönündə iş aparır. 4. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmiyyətə tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir. 5. MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmiyyətə tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurumla danışıq və müzakirə MDŞ-nın prinsipləri və birgə aldığı qərar əsasında həyata keçirililəcək. 6. MDŞ sivil, mədəni mübarizəyə üstünlük verir, özünümüdafiənin bütün məşru yollarından istifadə etməyi məqbul sayır. 7. MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüqüqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır. 8. İran və irançılığı, hər hansı ad və ya örtü altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır.