Sərin mayda isti Qarabağ siyasəti və Rusiyanın müəyyən etdiyi qeyri müəyyənlik...

Sərin mayda isti Qarabağ siyasəti və Rusiyanın müəyyən etdiyi qeyri müəyyənlik...

2023-cü ilin mayı sərin keçsə də, bunu Qarabağ ətrafında baş verən siyasi proseslər haqqında söyləmək mümkün deyil.
Ayın 1-ci günündən Vaşinqtonda başlayıb, ortalarında Brüsseldə davam edən danışıqların  Moskva müstəvisinə keçməsi gözlənilən idi və 19-da XİN rəhbərlərinin görüşündən sonra, 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş sübut edir ki, altı aylıq fasilədən sonra danışıqlar may ayında kifayət dərəcədə intensiv xarakter alıb . Ay bitən kimi iyunun 1-də Kişinyovdakı beynəlxalq tədbirdə də Qərbin təşəbbüsü ilə liderlərin görüşünün olacağı barədə verilən məlumatlar da göstərir ki, Qərb və Rusiya Cənubi Qafqazda təsir uğrunda aktiv qarşıdurma fazasına daxil olublar. Bəs, davamlı isti siyasi proseslərin isti-isti bir nəticəsi varmı və ya gözlənilirmi? Görüşlərin özü bir nəticə olsa da, indiyədək konkret heç nə yoxdur. Baxmayaraq ki, hələ görüşün növbətisi 25-də olacaq və öncədən konkret proqnozlar vermək yanlış da ola bilər, amma sülh müqaviləsinin olmayacağı məlum məsələdir, çünki Moskva görüşləri məhz sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün təşkil edilib. 
 
Görüşlərin rəsmi adı Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması və bu istiqamətdə mərhələli danışıqların aparılması olsa da, bütün bu siyasi hərəkətlənmənin mərkəzində Qarabağ münaqişəsində yekun nöqtənin hələ də qoyulmaması dayanır. İki il yarımdan çox bir müddətdə irəli sürülən delimitasiya, demarkasiya, infrastrukturdakı maneələrin aradan qaldırılması söhbətləri  ilk baxışda qeyri-müəyyənlik təsiri bağışlasa da, əslində bu Rusiya tərəfindən müəyyən edilmiş qeyri-müəyyənlik də dəyərləndirilə bilər. Məqsəd isə zamanı bu yolla, süni şəkildə uzatmaq, konkret sülhü uzun müddət arxa plana salmaq. 
 
Ermənistan rəhbərliyi Kremlin xəttini tam dəstəkləməsə də, sülh müqaviləsini reallaşdırmağın hakimiyyət üçün təhlükəli olacağını da bilir. Ermənistan cəmiyyətinin aqressiv bir kəsimi, başda daşnaklar olmaqla Moskva tərəfindən idarə olunan siyasi müxalifət və Xankəndidəki separatçı rejim sülh müqaviləsi imzalanarsa Nikol Paşinyana qarşı sui-qəsd törətmək, hakimiyyətdən uzaqlaşdırmaq kimi addımlar atacaqlarını açıq şəkldə bildirirlər. Təhlükələrin kifayət dərəcədə ciddi olacağını hiss etsə də Hikol Paşinyan sülh müqaviləsini imzalaya bilərmi? Burada Qərb vacib rol oynaya bilər, yəni  Qərb yalnız onun həyatına deyil, hakimiyyətinə də təminat verdiyi halda riskli, gözlənilməz siyasi gedişlər edən, çevriliş edib hakimiyyətə gələn Nikol Paşinyan ölkədaxili vəziyyətin və beynəlxalq şəraitin ona az da olsa imkan verdiyini dəyərləndirə bilər. Rusiya-Ukrayna müharibəsinin gedişatını, Qərbin iyulda Brüsseldə, oktyabrda İspaniyanın Qranada şəhərində hər iki ölkə liderlərinin görüşlərinə vasitəçilik edəcəyini nəzərə alsaq, sülh müqaviləsinin imzalanmasının yenə də ilin sonuna, ən yaxşı halda noyabr ayına çəkəcəyini söyləmək mümkündür. Paşinyanın Rusiya ilə bağlı bu günkü mətbuat konfransında yumşaq desək, gileyli mesajları da bir qədər nikbin olmağa əsas verir.
 
Bu müddətdə sülhə mane olmaq üçün Rusiya və separatçı rejim, o cümlədən Ermənistan təxribatlarını istər sərhəddə, istər Qarabağda mütləq davam etdirəcək. İlin sonunda sülh müqaviləsinin imzalanacağını qəti şəkildə söyləmək mümkün deyil, o zaman Azərbaycan danışıqlar burulğanında daha bir il də itirmiş olmayacaqmı? Azərbaycan ona görə də birbaşa “daxili işi” Qarabağa dair siyasi addımlarını konkretləşdirməlidir. Bu gün separatçı rejimin hansısa qondarma bir ictimai təşkilatı guya yalnız Qarabağ ermənilərindən təşkil olunmuş “artsax müdafiə ordusu”nun demilitarizasiyası ilə əlaqədar Azərbaycandan edilən çağırışlara imkan verməyəcəklərini və vuruşmağa hazır olduqları barədə bəyanat yayıb. Bəyanat təsadüfən ortaya atılmayıb, bu son günlər aqressivləşən Samvel Babayanın “artsax ordusunu” təkmilləşdirmək bəyanatları ilə, o cümlədən Vardanyanın Nikol Paşinyana ünvanlanmış təhqiredici və hədələyici müraciəti ilə üst-üstə düşür. Bu şəxslərin də Rusiya tərəfindən idarə edildiyi şübhəsizdir. Separatçıların yeni olmayan bu mövqelərini əsas gətirib Azərbaycan məhz erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının konkret vaxtını müəyyənləşdirib ultimatum verməlidir. Dolayısı ilə, bu Rusiyaya ünvanlanan şərtdir. Əgər Xankəndi və ətrafında təhlükəsizliyə Rusiya məsuldursa, “artsax müdafiə ordusu” nədir? Yox, erməni silahlı qüvvələri də bu funksiyanı yerinə yetirirsə Rusiya sülhməramlıları burada nə gəzirlər? Deməli, biz xəbərdarlıq etməli, yerinə yetirilmədiyi halda hərbi gücdən istifadə edəcəyimizi elan etməliyik. Erməni silahlı qüvvələrin Azərbaycandan çıxarılmamasını sülhün yaranmasına imkan verməyən ən böyük maneə olduğunu da Qərbin və Rusiyanın nəzərinə çatdırmalıyıq. Sülh danışıqları ərəfəsində bu problemin gündəmə gətirilməsi və reallaşması istiqamətində siyasi, hərbi addımların atılması Azərbaycanın maraqlarına cavab verir.
 
İlham İsmayıl






Fikirlər