Kreml Qafqazda Qərbin uğurunu oğurlayır: Rusiya varsa, sülh yoxdur....

Cənubi Qafqazda sülh prosesinə əngəl olan faktorların arasında Rusiya ilk sırada yerləşir, çünki Kremli yalnız öz regional maraqları düşündürür... Kreml vaxtilə süni şəkildə yaratdığı "Qarabağ problemi"ni yenidən gündəmə çıxartmağa çalışır, regional sülh prosesinin uğuru Rusiyanın danışıqlar masasından mümkün qədər uzaq tutulmasına bağlıdır...

Rusiya yenidən Cənubi Qafqazda gərginlik və qarşıdurma mühitini gücləndirməyə çalışır. Kreml region uğrunda mübarizəni ABŞ və Qərbə uduzmaq təhlükəsi qarşısında qaldığını artıq qəbul etməyə başlayıb. Və bu səbəbdən də, Rusiya öz geopolitik mövqeyini xilas etmək üçün bütün imkanlarını işə salmağa cəhd göstərir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsində rus diplomatiyasının rəhbəri Sergey Lavrovun mesajları ABŞ və Qərblə rəqabətinin yüksəldiyi səviyyəni təxmin etməyə imkan verirdi. Belə ki, xarici işlər naziri Sergey Lavrov ABŞ və Qərbin Ermənistana Rusiya hərbi bazalarının çıxarılması üçün göstərdiyi təzyiqlərdən danışmışdı. O, bildirmişdi ki, Paşinyan hakimiyyətinə Rusiya bazarlarının çıxarılmasına qarşılıq olaraq, Ermənistanın təhlükəsizliyinə təminat vəd edilir. Və Sergey Lavrovun bu açıqlaması erməni siyasi dairələrində provokativ iddia kimi dəyərləndirilmişdi.

Ancaq Rusiyanın Ermənistandakı "beşinci kolon"una daxil olan politoloqlar Kremlin bu iddiasını dərhal propaqanda mövzusuna çevirmək imkanından istifadə etdilər. Onlar Sergey Lavrovun dediklərini təsdiqləyərək, onun sözlərinə müəyyən düzəlişlər etməyi də unutmadılar. Yəni, onların iddiasına görə, rəsmi İrəvan ABŞ və Qərbin təlimatlarını yerinə yetirəcəyi təqdirdə, Ermənistana deyil, məhz Paşinyan hakimiyyətinə təhlükəsizlik təminatı verirlər. Rusiya isə Paşinyan hakimiyyətinə yox, Ermənistana təhlükəsizlik vəd edir. Ona görə də, Paşinyan hakimiyyəti öz təhlükəsizliyini Ermənistanın maraqlarından üstün tutaraq, ABŞ və Qərbə sığınmağa can atır.

Halbuki, Ermənistanın təhlükəsizliyinin Qərbin və ya Rusiyanın təminatına deyil, məhz Azərbaycanla yekun sülh sazişini mümkün qədər tez bir zamanda imzalamasına bağlı olduğu yeganə inkaredilməz reallıqdır. Buna isə yalnız beynəlxalq hüquq normaları çərçivəsində konstruktiv yanaşma sayəsində nail olmaq mümkündür. Ermənistan cəmiyyətinin radikal-revanşist əhval-ruhiyyəsinin təsiri altında qalan rəsmi İrəvan və Rusiya isə hələlik yekun sülh sazişinin imzalanmasına əngəl törətmək istiqamətində demək olar ki, ortaq hərəkət etməyə çalışırlar. Və bu, Paşinyan hakimiyyətinin Qərbin sülh çağırışlarına verilən səhnəarxası razılıq reaksiyası ilə kəskin ziddiyyət təşkil edir.

Təbii ki, Paşinyan hakimiyyətinin bu ziddiyyətli xaos siyasətindən də Kreml maksimum səviyyədə istifadə etməyə çalışır. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Rusiyanın davranışlarının Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına deyil, məhz Rusiyanın regional maraqlarının təmin olunmasına yönəldiyi açıq-aşkar müşahidə edilib. Və Rusiyanın regional sülh prosesində birmənalı şəkildə özəl maraqlardan çıxış etdiyi növbəti dəfə təsdiqlənib.

Məsələ ondadır ki, danışıqlar masası ətrafında baş verənlər daha çox Rusiyanın xarici işlər naziri tərəfindən şərh edilib. Həmişəki kimi, rus diplomatiyasının lideri yenə də sülh prosesində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanmış üçtərəfli anlaşmaların alternativinin olmadığını vurğulayıb. Və yekun sülh sazişinin hazırlanmasında həmin sənədlərin həlledici hüquqi baza rolunu oynaya biləcəyini iddia edib.

Cənubi Qafqazda sülh prosesinə ən böyük təhlükə də məhz Rusiyanın üçtərəfli anlaşmaları əsas təməl hüquqi baza kimi qəbul etdirməyə çalışmasıdır. Birincisi, üçtərəfli anlaşmalar müddətlidir. Üstünlük, bu sənədlər beynəlxalq hüquq normalarına tam olaraq, cavab vermir. Daha çox Rusiyanın Cənubi Qafqazdakı geopolitik maraqlarını ifadə edir. Hər halda, Kreml məhz 10 noyabr anlaşması sayəsində rus sülhməramlı qüvvələrini müvəqqəti də olsa, Azərbaycanın Xankəndi və ətraf bölgəsində yerləşdirmək imkanı qazanıb. Və indi Kreml sülh sazişinin imzalanmasına deyil, məhz rus sülhməramlıların bölgədə qalması üçün həmin sənədin müddətini uzatmağa çalışır.

Digər tərəfdən, üçtərəfli anlaşmalar işlək deyil. Onların icrasını təmin edəcək heç bir mexanizm yoxdur. Üstəlik, üçtərəfli anlaşmalar Rusiya və Ermənistan tərəfindən kobud şəkildə pozulmaqda davam edir. Buna əmin olmaq üçün üçtərəfli anlaşmada xüsusi maddə olmasına baxmayaraq, rus sülhməramlıların Ermənistan ordusunun tör-töküntülərini hələ də Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılmadığını göstərmək olar. Rus sülhməramlıların öz səlahiyyətlərini aşaraq, erməni separatçı-terrorçulara silah-sursat tədarükündə iştirak etməsi isə ümumiyyətlə, üçtərəfli anlaşmaları qüvvədən salan önəmli məqamdır.

Yəni, Rusiyanın Cənubi Qafqazda sülh prosesi üçün üçtərəfli anlaşmaları ön plana çıxartmağa çalışması tamamilə absurddur. Bu sənədlər mübahisəli maddələri ilə sülh prosesində yalnız ziddiyyətlər yarada, danışıqları illərlə uzada bilər. Bu baxımdan, sülh prosesi üçtərəfli anlaşmalar üzərindən deyil, məhz beynəlxalq hüquq normaları çərçivəsində davam etdirilməlidir. Və bu məsələdə Kremlin israrı yalnız Rusiyanın regional maraqlarını ifadə edir.

Kremlin nə qədər məkrli oyun oynadığını Rusiya xarici işlər nazirinin "Qarabağ mövzusu"nu yenidən danışıqlar masasına gətirməyə çalışmasından məlum olur. Belə ki, Sergey Lavrov Qarabağda situasiyanın stabilləşdirilməsinin vacibliyini vurğulayıb, bu məsələni Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə müzakirə etdiyini bildirib. Bu isə o deməkdir ki, Kreml gərginliyi artıra, sülh prosesini poza biləcək əsas faktoru gündəmin əsas mövzusuna çevirmək niyyətindən əl çəkməyib.

Birincisi, Kreml Qarabağdakı situasiyadan narahatdırsa, onda ilk növbədə Ermənistan ordusunun qalıqlarını oradan çıxartmaq barədə düşünməlidir. İkincisi, "Qarabağ mövzusu" Azərbaycanın daxili işidir və rəsmi Bakı bunu dəfələrlə bəyan edib. Kremlin Rusiyaya aid olmayan bu mövzunu hətta Azərbaycanla belə, müzakirə etməsi yolverilməz xarakter daşıyır. Halbuki, Rusiya bunu nəinki Azərbaycanla, hətta Qarabağa heç bir aidiyyatı olmayan Ermənistanla da müzakirə etməyə çalışır. Və baş nazir Nikol Paşinyanın Avropada Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını etiraf etməsinə də əhəmiyyət vermək istəmir.

Rusiya xarici işlər nazirinin sülh sazişinin imzalanması istiqamətində proqresdən danışması və bu prosesin qarşısında hələ bəzi əngəlləyici faktorların olduğunu vurğulaması da tamamilə absurddur. Çünki əgər, hansısa proqres varsa, bu, Rusiyanın nailiyyəti deyil. Bütün irəliləyişlər Rusiyanın iştirakı olmadan Vaşinqtonda və Brüsseldə keçirilmiş görüşlərdə əldə olunub. İndi Kremlin həmin irəliləyişləri Rusiyanın aktivinə yazmaq cəhdləri tamamilə mənasızdır.

Cənubi Qafqazda sülh prosesinə əngəl olan faktorlara gəldikdəsə, əslində, Kreml onların arasında Rusiyanı ilk sıraya yerləşdirməsi lazımdır. Çünki hazırda regional sülh prosesi qarşısında ən böyük əngəl məhz Rusiyanın Cənubi Qafqazdakı maraqlarıdır. Kreml vaxtilə Rusiyanın süni şəkildə yaratdığı problemin mövcudluğunu qorumaq üçün əlindən gələn hər şeyi edir. Və bu baxımdan, regional sülh prosesinin uğur qazanması üçün Rusiyanın danışıqlar masasından mümkün qədər uzaq tutulması olduqca vacibdir.(musavat.com)






Fikirlər