"Rusiya bu iki il yarımda Ermənistanla birlikdə o qədər hərbi, siyasi təxribatlar törədib ki..."

Altı aylıq fasilədən sonra may ayı danışıqların intensivliyi ilə qarşımızdadır. Vaşinqtonda dörd günlük danışığın estafeti Moskvaya keçməmiş, ABŞ növbəti raundu Avropa İttifaqına ötürə bildi.
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistanın liderlərinin baş tutacaq görüşünü, Qərbin Rusiyanı qısa müddətdə ikiqat qabaqlaması ilə yanaşı, Moskvada mayın 19-da iki ölkənin XİN rəhbərlərinin, mayın 25-də isə dövlət başçılarının nəzərdə tutulan görüşlərinə hazırlıq kimi də dəyərləndirmək olar. Vaşinqtonda səslənən “tərəqqi” Brüsseldə konkretləşə və ya “prinsipial məsələlərdə mövqe ayrılığı” bir qədər də yumşala bilərmi? Təbii, bu yumşalma Ermənistana aiddir, Qarabağla əlaqədar qarşı tərəfin irəli sürdüyü şərtlərin imtinasından gedir, çünki Azərbaycanın yumşalma, güzəşt variantları yoxdur. Və ya əksinə, Moskva Qərbin vurğuladığı, amma bütövlükdə həlledici rol oynamayan, hətta qeyri-müəyyən təsir bağışlayan “tərəqqi” prosesinin üstündən birdəfəlik xətt çəkib, iki il yarımda apardığı “zamanı uzatma” siyasətini davam etdirərək tərəfləri nəticəsiz danışıqlar, görüşlər labirintinə salacaqmı? Kremlin siyasətində sülh müqaviləsinin imzalanması olmadığı üçün yenə də nəqliyyat infrastrukturlarında maneələrin aradan qaldırılması, delimitasiya komissiyasının görüşünün keçirilməsinin vacibliyini önə çəkməsi, parlamentarilərin görüşlərinin məhz Moskvada keçirilməsi gözlənilən gedişlərdir. Rusiya iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının hələ tez olduğunu açıq rəsmi mətnlə bildirir. Qarşıda, iyunun 1-də Kişinyov görüşü də planlaşdırılır və indidən görüşün formatı keçən il oktyabrın 6-da Praqada keçirilən görüşün təkrarı təsirini bağışlayır, sadəcə yenilik Almaniya kansleri Olaf Şoltsun da iştirakının nəzərdə tutulmasıdır ki, bunun da daha çox Makron personasına Azərbaycanın etirazını neytrallaşdırmağa hesablandığını düşünmək olar.
 
Bütün bu danışıqlar prosesində yaranan maneələrin başında  Azərbaycanın düz iki ildən sonra Rusiya sülhməramlılarına ölkəni tərk etmək haqqında xəbərdarlıq etmək hüququnun olduğu dayanır. Rusiya da məhz bu xəbərdarlığın edilməməsi üçün sülh müqaviləsinin 2025-ci ilədək bağlanmasını istəmir ki, hərbi kontingenti ikinci müddətə -2030-cu ilədək saxlasın. Burada sual yaranır: Azərbaycan bu xəbərdarlığı edəcəkmi?  Dünən erməni televiziyasına müsahibə verən rusiyalı politoloq bildirib ki, “Rusiya öz iradəsi ilə sülhməramlı kontingentini geri çəkməyəcək və kontingentin 2025-ci ildən sonra da orada qalması üçün böyük səylər göstərəcək”. Belə bir mövqe yalnız bir politoloqun deyil, ümumiyyətlə Kremlin siyasi xəttidir. Bəhanəsi də bu olacaq ki, hələ iki xalq arasında barışıq yoxdur, Rusiya buradan çəkilərsə “etnik təmizləmə”, “genosid” ola bilər və BMT -ni də inandıracaq ki, ona beynəlxalq mandat verilməlidir ki, “fəlakətlərin” qarşısını ala bilsin. Rusiya bu iki il yarım müddətdə Ermənistanla birlikdə o qədər hərbi, siyasi təxribatlar törədib ki, iki millət arasında qarşılıqlı nifrət və inamsızlıq müharibədən sonra daha da artıb. Və təsadüfi deyil ki, Brüssel görüşü ərəfəsində, ümumiyyətlə danışıqlar prosesinin intensiv xarakter aldığı bir vaxtda Kəlbəcər-Basarkeçər istiqamətində, Azərbaycan-Ermənistan dövlət sərhədində bu gün baş verən silahlı qarşıdurma yalnız Rusiyanın və havadarlıq etdiyi Ermənistanın maraqlarına uyğundur. Yəni, tərəflər barışığa hazır olmadığından sülh müqaviləsi imzalanmayacaq, Rusiya isə Cənubi Qafqazda qalmaq üçün bu gərginliyi əsas götürəcək. 
 
Bütün perspektiv təxribatları, indiyədək aparılan siyasəti təhlil edib yuxarıda qeyd etdiyimiz sualı təkrar edək: Azərbaycan 2025-ci ilin 10 mayında Rusiyaya ölkə ərazisini tərk etmək haqqında xəbərdarlıq edəcəkmi? Rusiya silahlı qüvvələrinin rəsmi adı hərfi tərcümədə “sülhyaradan”( миротворцы) olsa da, Qarabağa yerləşdiyi bir gündən sülhdən başqa  hər şey yaradıblar. Deməli, siyasətimizi elə qurmalıyıq ki, bu iki il müddətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycan Respublikasının dövlət nəzarətinin yaranması prosesinə start verilsin. Erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılsın, keçmiş DQ ərazisində yaşamış azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıtsınlar. O zaman reinteqrasiya və praktik sülh yaranacaq. 
 
Hazırkı situasiya isə sülh müqaviləsinin imzalanmasından uzaqdır. Rusiya – Ukrayna müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq Rusiya Cənubi Qafqazı belə asanlıqla tərk etməyi fikirləşmir.  Kişinyovda ola bilsin ki, hansısa saziş imzalansın, amma münasibətlərin normallaşması üçün prinsiplər layihəsinin – çərçivə sazişinin bağlanması real sülhü yaratmayacaq. Real sülh Azərbaycan- Ermənistan dövlət sərhədində deyil, Qarabağda yaranacaq. 
 
İlham İsmayıl






Fikirlər