Ermənilər Rusiyaya vaxt qoyurlar: 2023-cü il niyə "taleyüklü il" olacaq?

Ermənilər Rusiyaya vaxt qoyurlar: 2023-cü il niyə

Son günlər rus, erməni politoloqların birgə toplandığı “ Ermənistan və Rusiya-Qərb qlobal qarşıdurması. 2022-ci ilin yekunları” forumunda müzakirələr keçirilib və bu qənaətə gəlinib ki, Rusiya tələsməlidir.
Müzakirələrdə çıxış edən hər iki tərəfin nümayəndələri bu nəticəyə gəliblər ki, Rusiya ilk olaraq Laçın yolunu həll etməsə, sonra gec olacaq. O qədər gec ki, bütün postsovet məkanında hər iki tərəf üçün-yəni həm erməni, həm də rus üçün- pis olacaq. Politoloq Aleksandr İsgəndəryan bildirib ki, “gözləyəsi olsaq ki, Rusiya Ukrayna ilə haqq-hesab çəkəndən sonra bu işi görəcək.., o zaman alınmayacaq”. Əlavə edib ki, Laçın yolunu Rusiya “indi, bu saat açmasa, onun heç bir yerə qayıtmağa üzü olmayacaq”. Hətta, Rusiyanı təhqir etməkdən çəkinmədən onların mövqeyini “pul yoxdur, amma dözün” misalı ilə eyniləşdirib. Çıxış edən rusiyalı politoloqlar da onunla razılaşıblar və Rusiyanın tezliklə Laçın yolunu açmasını vurğulayaraq, əks halda müharibənin qaçılmaz olduğunu və bunun da həm Rusiya, həm də Ermənistan üçün ağır nəticələnəcəyini qeyd ediblər. 
 
Bu mövqe yalnız forum iştirakçılarının deyil, eyni zamanda Ermənistan rəhbərliyinin, diasporasının da gəldiyi qənaətdir. 2023-cü ilin  Azərbaycan üçün “taleyüklü il” olacağını hər zaman bizim maraqlarımızı müdafiə edən rusiyalı politoloq İqor Korotçenko da mətbuata bildirib. Niyə məhz 2023-cü il? Səbəblər çoxdur və yalnız Ermənistan- Azərbaycan münasibətləri ilə şərtlənmir. İlk növbədə Rusiya-Ukrayna müharibəsinin yazın ilk günlərində daha şiddətli forma alacağı barədə xəbərlərin çoxalması, hətta Qərbin belə bu perspektivdən narahatlıq keçirdiyi dünya xəbərlərində tez-tez səslənməyə başalayıb.
 
Artıq dörd aya yaxındır ki, iki ölkə arasında diplomatik danışıqlar dayandırılıb. Sonuncu dəfə keçən ilin oktyabrın 31-də Soçidə olan görüşdən sonra, heç  telefon danışıqları da olmayıb. Brüssel görüşlərinə cəhd belə olunmur. Açığı, yaranmış vəziyyət müəyyən dərəcədə Rusiyanı, həm də Ermənistanı qane edir, çünki onlar onsuz da indiyədək zamanı süni şəkildə uzatmaq siyasəti aparıblar. Yalnız, laçın yolundakı ekolıji aksiya separatçı rejimi və Ermənistanın bəzi siyasi qüvvələrini narahat edir. Bəs, biz necə, tələsməli deyilikmi? 
 
Rusiya üçün problemin donması, münaqişənin həll edilməməsi onun maraqlarına uyğundur. 
Ermənilər də hər zaman olduğu kimi dünyanı Azərbaycana təzyiq etmək üçün bütün imkanlarını-diasporanı, kilsəni, İran və Fransa kimi havadarlarını səfərbər ediblər. 44 günlük müharibə bitəndən sonra erməni separatçılarının müdafiəçisi və Azərbaycanın ərazi bütövlüyünün de-fakto reallaşmasını əngəlləyən Rusiya olmuşdusa, son bir ildə separatçıların iddiasının yenidən müharibədən əvvəlki vəziyyətə qayıtması və dirəniş göstərmələri Kremlin siyasəti ilə yanaşı, həm də erməni diasporasının təsiri ilə Qarabağ məsələsinin qlobal güclərin dövlət siyasətində prioritetə çevrilməsi olub. Sadəcə olaraq, Cənubi Qafqaza təsir məsələsində Kremllə digər qlobal güclərin maraqları üst-üstə düşmədiyi üçün problem yekun həllini hələ də tapmır. Amma, artıq beynəlxalq şərait və zaman o ərəfədədir ki, 2023-cü il Korotçenkonun dediyi kimi “taleyüklü olacaq” və tale yükü daha çox bizim üzərimizə düşür. Erməni lobbisinin təbliğat hücumlarına diqqət ayırmaqdansa, birbaşa Qarabağda dövlət nəzarətimizin yaranmasını həll etmək lazımdır. İllərdir formalaşmış və peşəkar informasiya sisteminə malik bir lobbi ilə qısa müddətdə-yəni taleyüklü 2023-cü ildə informasiya mübarizəsinə girişmək, daha doğrusu təbliğat mübarizəsini əsas götürmək zaman baxımından bizim maraqlarımıza uyğun deyil. Son iki il ərzində Xankəndi probleminin həllinə yaxınlaşmağımıza mane olmaq, məhz bizi əsas hədəfdən yayındırıb beynəlxalq təzyiqin hədəfinə çevirmək, nəqliyyat infrastrukturlarının açılmasına fokuslandırıb süni şəkildə sülh müqaviləsinin imzalanmasının zamanını uzatmaq.., məhz diasporanın fəaliyyətinin nəticəsidir. Onların fəaliyyəti havadar dövlətlərin  geopolitik maraqları ilə üst-üstə düşür və bu prosesdə Rusiya, Fransa, İran öndədir. 
 
Bizim bu taleyüklü ildə hədəfimiz Xankəndi olmalıdır.
Laçın yolundakı dinc aksiyanın sonu sərhəddə nəzarət postumuzun yaranması ilə bitməlidir və bu ən qısa zamanda-üzümüzə gələn yaxın günlərdə həll edilməlidir. Bütün həlledici addımlar Azərbaycan tərəfdən atılmalıdır. Post yaza qədər qurulmasa Laçın yolundakı aksiyanı əleyhimizə çevirəcəklər. Onsuz da, “humanitar fəlakət” deyib bizi beynəlxalq təzyiqin hədəfinə gətirməyə müəyyən dərəcədə nail olublar. Bu aksiya birmənalı şəkildə sərhədə nəzarətlə bitməlidir. Ardınca erməni silahlı qüvvələrinin çıxarılmasına konkret vaxt qoyulmalıdır. Ən azı birinci yarım ilin sonunda keçmiş Dağlıq Qarabağda yaşamış qaçqınların yurdlarına qayıtması da  tərəflər qarşısında şərt olaraq qaldırılmalıdır. Ümumiyyətlə, bu il Azərbaycan diplomatik tələblərini sərt şəkildə qoymalıdır ki, qarşı tərəf müdafiə mövqeyində qalsın. Yoxsa, yenidən bizim  sülh müqavilənin şərtlərinə “əlavə şərtimiz var”deyib, məsələni bilinməz aylara, illərə sürüyəcəklər. Ona görə də informasiya mübarizəsi öz yerində, əsas diqqət dövlət nəzarətimizin Xankəndidə yaranmasına istiqamətlənməlidir.
Bu vəziyyəti şərtləndirən, həm də Rusiya-Ukrayna müharibəsinin yazda daha geniş miqyas alacağı barədə informasiyaların çoxalmasıdır. Bu qışın sonu üçün kifayət dərəcədə sərt addımlar atılmalıdır ki, erməni iddialarının da sonunun gəldiyi ilk növbədə onların özü üçün bir daha aydın olsun. “Taleyüklü 2023-cü ili”elə dəyərləndirməliyik ki, tale yükü sonra ağır gəlməsin. 
 
 İlham İsmayıl






Fikirlər