Rusiya Qarabağdakı missiyasını Türkiyəyə tapşırır? - Bölgədə vəziyyət dəyişir

"Üçtərəfli bəyanatın əsas tərəflərindən biri olan Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıqdırsa, Azərbaycanla Ermənistanın başı qarışıq deyil".

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, bir-iki aya Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri inişaf mərhələsinə keçəcək:

"Xəbərlər dolaşır ki, Ukrayna-Rusiya müharibəsi Əfqanıstanda olduğu kimi hələ uzun müddət çəkəcək. Digər dövlətlər buna görə öz münasibətlərini Rusiya ilə Ukrayna ilə aralarında gedən prosesə bağlaya bilməzlər.

Düşünürəm ki, müəyyən müddətdən sonra artıq Rusiyanın müəyyən qədər mövqeyi və diqqəti Qarabağdakı proseslərə azalacaq. Onun yerini isə ya Türkiyə götürəcək, Ankaranın vasitəçiliyi ilə danışıqlar prosesi qaldığı yerdən davam edəcək, ya da ki, ölkələr özləri (Azərbaycan-Ermənistan) birbaşa danışıqlara gedəcəklər.

Fikirləşmirəm ki, Rusiya-Ukrayna müharibəsi üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə ciddi təsir göstərəcək, Azərbaycanla Ermənistan arasında gedən danışıqların dayandırılmasına, prosesin saxlanılması ilə nəticələnəcək.

Təbii ki, Ermənistanla Azərbaycan arasında olan münasibətlərə Rusiya-Ukrayna münaqişəsi müəyyən qədər təsir göstərəcək. Amma birmənalı olaraq bu prosesin dayandırılmasına gətirib çıxarmayacaq. Sadəcə, bildiyiniz kimi bu müharibənin çox qısa müddətdə həm Rusiya tərəfindən verilən məlumtlara görə, həm də digər mənbələrdən deyilənlərtə görə müharibənin çox qısa zamanda sonuclanması proqnozlaşdırıldı. Ona görə də tərəflər müəyyən qədər geri çəkilib, danışıqlar prosesini dayandırıb, prosesin necə bitməsini gözləyirdilər.

Rusiya ilə Ukrayna arasındakı gərginliyin, yaxud da ki, Rusiya ilə Qərb arasında gedən proseslərin nə ilə nəticələnəcəyini gözləyirlər. Amma mənə elə gəlir ki, müəyyən müddətdən sonra üçtərəfli bəyanatda götürülən öhdəliklərin icrası istiqamətində işlər davam etdiriləcək. Bu, sonsuzluğa qədər belə saxlanıla bilməz.

Yazın gəlməsi ilə Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasında münasibətlər açılmalıdır. Hesab edirəm ki, qısa bir müddətdən, qısa bir aradan sonra iki ölkə arasında sərhəd məsələləri və kommunikasiyalarla bağlı danışıqlar prosesinə yenidən start veriləcək və danışıqlar dayandığı yerdən başlayacaq".






Fikirlər