SON DƏQİQƏ! Erməni diversantlar Zəngilanda dövlət sərhədini yarıb keçməyə cəhd edib, 2-si saxlanılıb-YENİLƏNİB
May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır. DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar. Əməliyyat şəraiti nəzarətdə saxlanılır. *** Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb. Bildirilib ki, erməni diversantlarının bu cəhdinin qarşısı alınıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib. İki diversant saxlanılıb. Detallar barədə tezliklə məlumat veriləcək.