"Ortada böyük bir ambisiya olub..." - Alqış Həsənoğlundan növbəti sensasion açıqlamalar

 

 

Şərti olaraq "MTN işi” adı ətrafında cərəyan edən hadisələr ölkə gündəminin əsas müzakirə mövzularından biri və elə birincisidir.

Hətta mətbuatın bu mövzuda yazdıqları, internet medianın çoxsaylı məlumatlarına hakimiyyətin xəbərdarlıq reaksiyası Mətbuat Şurasını bu mövzu ətrafında müzakirələr aparmağa vadar etdi. Diqqətçəkən odur ki, hakimiyyətin vəziyyətlə bağlı informasiya yaymağa həvəsli olmadığı durumda iqtidar mediası da mövzunu görməzdən gəlir. 

Durumu YAP üzvü, "Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlu ilə müzakirə etdik.

- Alqış müəllim, iqtidar mətbuatı "MTN işi” ilə bağlı proseslərə  sanki seyrçı bir mövqe nümayiş etdirir, son həbslərlə bağlı  süsmağa üstünlük verir, səbəb nə ola bilər?

 - Təəssüf ki, mən bunun səbəbləri barədə heç nə deyə  bilməyəcəyəm. Cünki belə bir imkanım yoxdur. Amma onu söyləyə bilərəm ki, fakt varsa, hadisə baş veribsə, onu həmən işıqlandırmaq lazımdır. Onsuz da ölkə gündəmini dəyişən bu həbslər, yeni kadr təyinatları əksər KİV-lərin aparıcı mövzusuna çevrilib. Bir və ya bir neçə mətbu orqanın proseslərdən kənarda dayanması nəyi dəyişə bilər ki?

- Amma təkcə iqtidaryönlü KİV-lər deyil, iqtidar rəsmiləri də bu olaylara şərh verməkdə xəsislik edirlər. Yəqin, bu müşahidəni bölüşürsünüz?

- Bu, hardasa başadüşüləndir. Deyim ki, rəsmilərin bu mövzu ilə bir qədər ehtiyatla davranmasının təkcə mənfi yox, həm də müsbət tərəfi var. Mənfi cəhət odur ki, ortada rəsmi izah olmayanda bədii əlavələrə, təxəyyüllərə meydan verilir, informasiya boşluğu əmələ gəlir, mövzudan sui-istifadə baş alıb gedir. Üstəlik, yaranmış boşluğu şayiələrlə, uydurmalarla doldurmağa cəhd  göstərilir. Nəticədə dövlətçiliyin, dövlətin imicinə ciddi xələl gələ bilər. Əlbəttə ki, prosesin bu istiqamətə yönəlməsi arzuolunmazdır. Müsbət tərəf isə odur ki, bəzi rəsmilərin bu məsələ ilə bağlı şərh verməməsi əslində   ümumi işin xeyrinədir. 

- Maraqlı yanaşmadır. Nədən bu qənaətdəsiniz? 

- Təcrübə göstərir və sirr deyil ki, bizim bir çox rəsmilərimizin ictimai təmasları, KİV nümayəndələri ilə birbaşa ünsiyyəti xətasız ötüşmür. Özü də təkcə bu mövzuyla bağlı yox. Əksər hallarda qaş düzəltmək əvəzinə gözü dibindən oyub tökürlər. Ona görə də düşünürəm ki, bu mövzu xüsusi həssaslıq tələb edir və onu özfəaliyyət səviyyəsinə endirməməli və təbii ki, açıqlamalar da məhdud bir dairədən gəlməlidir.

- Ancaq nəzərə alaq  ki, baş verənlər sıradan bir hadisə deyil. Bu mövzu hələ uzun müddət cəmiyyətin diqqət mərkəzində olacaq. Bir xeyli suallar var  ki, onlar cavabını gözləyir. Sizcə, niyə belə oldu, ümumiyyətlə, bütün bunlar baş verməyə bilərdimi?

- İlk baxışda söhbət cinayətkar bir dəstənin fəaliyyətindən gedir. Amma bu, hələ ki, ilk təəssüratdır. Hər gün yeni faktlar məlum olur, fərqli münasibətlər, şərhlər ortaya çıxir. Və getdikcə təsəvvürlər dəqiqləşir, mənzərə tamamlanır. Bir gün əvvəl sabiq millət vəkillərindən biri özü ilə MTN-in  rəhbəri arasındakı əlaqələrə aydınlıq gətirdiyi müsahibəsində deyir ki, dünənə kimi ölkənin yarısı Eldar Mahmudova salam verməyi özünə şərəf bilirdi. Fikir verin, nə az, nə çox, ölkənin yarısı. Bu, nə dərəcədə realdır, əlbəttə ki, bu barədə mübahisə etmək olar. Amma bu yeni versiyalar üçün ipucu verir. Bu, onu göstərir ki, ortada böyük bir ambisiya olub. Deməli, bu cinayətkar dəstə sahibkarlarla kifayətlənməyib ölkəni daha təhlükəli nöqtələrə sürükləyə bilərmişlər. Əgər bu tədbirlər görülməsəydi...

Təbii ki, böyük ambisiya üçün həm də böyük ağıl, intellekt gərəkdir. İddia oluna bilər ki, ifşa olunan dəstədə belə göstəricilərə cavab verən bir kimsə  yoxdur. Ancaq mən bununla razı deyiləm. Həyat sübut edir ki, nadan adamların çox böyük iddiaları olur. Bir əhvalat yadıma düşür. Səhv etmirəmsə, 2005-ci il idi. Bir nəfər oğlu üçün bizə müraciət etmişdi ki, uşaq iki ildir ki, institutu bitirib, işləmir. Mümkündürsə, redaksiyada onun üçün bir iş tapasınız. Dedim ki, gəl belə edək, mən uşağa adi bir sual verim, cavab verə bilsə, iş məsələsini həll edərik. Uşaq, daha dəqiqi, ali təhsilli, 24 yaşlı gənc 4 vurulsun 4 neçə edər sualının cavabını tapa  bilmədi və bizim söhbətimiz alnmadı. Baxın, sonra nə baş verdi. Bu hadisədən təxminən iki il  keçmişdi, təsadüfən həmin gənclə məclislərin birində  rastlaşdıq. O, üzümə irişə-irişə, bir az da mənə acıq verirmiş kimi dedi ki, "Müəllim, mən indi MTN-də işləyirəm, kapitan rütbəsindəyəm...”.

Fakt budur  ki, rabitə naziri Əli müəllimin intellektal göstəricələri yetərincə idi. Bəs, necə oldu ki, bu qədər titulları olan bir ziyalı, akademik, intelektual, peşəkar göstəriciləri özündən çox-çox aşağı, demək olar ki, yox dərəcəsində olan bir dairənin təsirinə düşür, onların iradəsinə tabe olur? Bax bu, böyük bir faciədir. Bu, hamını dərindən düşündürməlidir.

- Siz necə düşünürsünüz, niyə belə olur?

- Mən bu cür geniş mövzunu mətbuat səhifələrində bütün çılpaqlığı ilə müzakirə etmək istəmirəm. Təkcə onu deyə bilərəm ki, idarəçilik maşınının bir qızıl qaydası var. Dövlət aparatında bir məmur öz işi ilə məşğul deyilsə, deməlı, heç bir məmur öz işi ilə məşğul ola bilmir. Bir də ki, prinsipləri təhrif  etmək, dəyərləri dəyişik salmaq olmaz! Umümi prinsiplərə riayət edilməyəndə akademik və ya "obexeyes”, müdrik və ya cahil olmağın heç bir əhəmiyyəti qalmır.

- Çox qəribədir, bu insanların nəyi çatmır, xalq dili ilə desək, axı onlar bu iqtidarın çörəyini yeyirlər...

- Təşəkkür edirəm. Çox incə bir nöqtəyə toxundunuz. Mən həmişə, əvvəl də və indi də çörək üstündə münasibət quranların səmimiyyətinə və sədaqətinə inanmamışam. Bir haşiyə çıxım, bir dəfə başının üstünə prezidentin, masasının üstünə isə nazirinin şəklini qoyan müdir mənim "nazirin şəklinin burda olmasının mənası nədir, buna nə ehtiyac  var” sualıma belə cavab vemişdi: "Bilirsiniz, prezident bizim həyatımızdır, ondan ötrü hər an ölümə getməyə hazırıq. Düzdür, bizi bu vəzifəyə prezidentimiz təyin edib, amma çörəyi bu kişinin əli ilə yeyirik axı”. Lap "Qanlı zəmi” filmindəki kimi. 

Özünüz nəticə çıxarın. Burada hansı sədaqətdən danışmaq olar? Demək istəyirəm ki, əqidəyə, prinsipə söykənən münasibət çörəyə əsaslanan işbirliyindən etibarlı və uzunömürlü olur. Amma neyləməli ki, bu gün əqidə sözü artıq sürətlə arxayikləşməkdədir.

- Yeni ehtimallar irəli sürülür, mətbuat Eldar Mahmudovun təsirinə düşmüş bir sıra şəxslərin siyahısını verir, yeni adlar dərc edir, yəqin ki, məlumatınız var...

- Bəli, siyahı ilə tanışam. Gözləmək lazımdır, mühakimə yürütməyə tələsməyək. Bu, elə daha çox ehtimala oxşayır. Hətta o siyahıda akademik Ziyad Səmədzadənin də adı hallanır. Yaxşı və dəqiq yadımdadır, Heydər Əliyev müsahibələrinin birində deyirdi ki, mən 1991-ci ildə, Ali Sovetdə Azərbaycanın müstəqilliyi haqqında çıxış edəndən dərhal sonra Ziyad Səmədzadəni mənim əleyhimə danışdırdılar. Bildirirdi ki, Ziyad Səmədzadə sübut etməyə çalışdı  ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz, müstəqil dövlət kimi yaşamaq üçün Azərbaycanın iqtisadi potensialı təminat vermir. Bu gün Ziyad müəllim müstəqil dövlətimizdə, həm də məhz Heydər Əliyevin qurduğu dövlətin parlamentində İqtisadi siyasət komitəsinin sədridir. 

Bu, nonses, bizim siyasi tariximizdə analoqu olmayan hadisədir. Ancaq həqiqətdir. Bunun üçün siyasi səriştə və yüksək manevr etmək məharəti tələb olunur. Ona görə də bu cür siyasi keşməkeşlərdən keçib ayağa qalxmağı bacaran bir adamın yenidən kiminsə təsiri altına düşməsi, səhv etməsi inandırıcı deyil. Onun üçün də gəlin hökm çıxarmağa tələsməyək.

- Alqış bəy, "MTN işi” ilə əlaqədar həbslərin davam edəcəyi barədə məlumatlar var. Sizcə, bu, gözləniləndirmi və daha geniş çevrəni əhatə edə bilərmi?

- Bu suala mənim mövqeyim bəllidir. Onu deyə bilərəm   ki, bu prosesi tamaşaya çevirmək olmaz. Düzdür, bu mövzuya qarşı hədsiz bir maraq var. Nəzərə alaq ki, gözləntilər daha çox arzu və istəklərdə qaynaqlanır. Dövlət idarəçiliyi isə arzu-istəkləri yerinə yetirən televiziya yaradıcılq proqramı, redaksiyası deyil. İctimai marağa aludə olub addımlar atmaq heç də həmişə müvəffəqiyyət gətirmir. Burada hər şey tədricən baş verməli, şühbəsiz ki, istintaqın gedişinə uyğun olmalıdır. Və mən əminəm ki, siyasi rəhbərlik emosional yox, soyuqqanlı qərarlar qəbul edəcək.  

- Hazırkı situasiyada hakim komandaya görə narahatlığınız varmı?

- Mən həmişə bu dövlətin və bu dövləti yönəldən komandanın təəssübünü çəkmişəm və bu dəstək eyni ardıcllıqla bu gün də davam edir. Əlbəttə ki, zaman-zaman məni həyəcanlandıran, narahat edən məqamlar olub və bu gün də var. Mən dövlət başçısının siyasi iradəsinə güvənirəm. Heç vaxt unutmuram, 1993-94-cü illərin təlatümlü vaxtlarında Heydər Əliyev Azərbaycan xalqına müracətində deyirdi: "Mən də, övladlarım da Azərbaycanın müstəqilliyi uğrunda hər an şəhid olmağa hazırıq!” Bax İlham Əliyev belə bir zəngin mənəvi-siyasi irsin varisi və davamçısıdır. Həyat da sübut edir ki, həqiqətən, belədir. İlham Əliyev bu gün Azərbaycanın milli maraqları naminə mərdi-mərdanə, hətta bəzən təkbaşına, usanmadan mübarizə aparır. Xalqın da öz prezidentinə dəstəyi kifayət  qədərdir. 

- YAP üzvü olaraq partiyadaşınız Eldar Sabiroğlunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlı ittihamlarını necə qarşılayırsınız?

 - Əslində, bu sualın cavabı elə sualın özündədir. Söhbət ünvanlı ittihamlardan gedirsə, ittihamların  yönəldiyi ünvan özü yalnız bu məsələlərə konkret və dəqiq cavab verə bilər. Hesab edirəm ki, kənar bir müdaxiləyə ehtiyac yoxdur. Onu deyə bilərəm ki, hazırkı siyasi komandanı formalaşdıran və yeri gəldikcə yeniləyən və təkmilləşdirən cənab prezidentdir. Hansı kadrla, kimlə, haraya qədər getmək olar, haraya qədər getmək mümkündür, bütün bu məsələlər cənab prezidentin   səlahiyyətləri çərçivəsindədir.

- Nəticəsi ləğv edilmiş dairəyə təkrar seçki keçirilərsə, namizəd olaraq iştirak etmək istərdinizmi?

- Mənim belə bir niyyətim  yoxdur.

- Azərbaycanın indiki siyasi və iqtisadi böhrandan çıxış yolunu siz nədə görürsünüz? Hansı addımların  atılmasını istərdiniz?

- Mən sanmıram ki, Azərbaycanda siyasi-iqtisadi böhran mövcuddur. Çətinliklər, problemlər var, amma bu, klassik böhranın əlamətlərindən çox-çox uzaqdır. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Azərbaycan dövlətinin yetərli siyasi və iqtisadi potensialı var. Azərbaycan prezidenti bir neçə gün əvvəl G-20-lərin Antalya sammitində fəxri qonaq statusunda iştirak etdi. Bu, çox böyük bir tarixi hadisə Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin nüfuzunun göstəricisidir. 

Prezidentin bu sammitdə iştirakı, qlobal problemlərin müzakirəsinə qatılması bir sıra suallara aydınlıq gətirdi. Hesab edirəm ki, bu səfər həm də son 3-4 ildə ölkəmizə qarşı kampaniya aparan mərkəzlərə qarşı ən tutarlı cavab oldu və bu müddət ərzində aparılan kampaniyaların fəsadlarını neytrallaşdıra bildi.

Mən həmişə düşünmüşəm ki, bizi bir millət və dövlət olaraq rasional düşüncə xilas edə bilər. Bu rasional düşüncənin bütün elementləri Azərbaycan prezidentinin atdığı hər addımda ifadə olunur. İnanıram ki, bu cür addımlar davamlı və sistemlı olacaq

(Musavat.com).






Fikirlər