Rusiya Ukraynaya DƏHŞƏT YAŞATDI: "Beləsi heç vaxt olmayıb"
Rusiyanın raket və pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə etdiyi hücumlar nəticəsində 12 nəfər həyatını itirib, 76 nəfər yaralanıb. Musavat.com xəbər verir ki, Ukraynanın Baş Qərargah rəisi Valeriy Zalujnı Rusiyanın gecə saatlarından bəri 158 raket və pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanı hədəf aldığını açıqlayıb. Zalujnı bəyan edib ki, İran istehsalı olan 27 “Shahed-136/131” kamikadze PUA və 87 qanadlı raket vurulub. Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov və Zaporojyeni vurduğunu, hücum edilən yerlər arasında doğum evləri, təhsil müəssisələri, ticarət mərkəzləri, çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, ticarət anbarları və dayanacaqlar da olduğunu bildirib. "Biz terror hücumlarına mütləq cavab verəcəyik. Biz bütün ölkəmizin, hər bir şəhərimizin, hər bir vətəndaşımızın təhlükəsizliyi üçün mübarizəmizi davam etdirəcəyik. Rusiya terrorizmi uduzmalıdır" - Zelenski deyib. Ukrayna Hərbi Hava Qüvvələri bəyan edib ki, əvvəllər heç vaxt eyni vaxtda bu qədər çox məntəqə hədəf alınmayıb.